Azərbaycanın bəzi yerlərində niyə internet kəsildi?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
Çərşənbə axşamı günündən etibarən Bakının bir sıra əraziləri daxil olmaqla ölkənin bəzi bölgələrində uzun müddətli internet kəsintisi yaşanıb.
Ölkəyə internet gətirənlərdən biri Delta Telekom bunu Bakı ərazisində aparılan qazıntı zamanl kabelin zədələnməsi ilə izah edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə hər hansı qəzanı təkzib edir, bunu "karantinə görə internet yüklənməsindən" doğan hal sayır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz BBC News Azərbaycancaya internet verilişində kəsintilərin olması vəziyyətini "ölkədaxili problem" adlandırıb.
Çərşənbə axşamı paytaxtda və ölkənin bəzi bölgələrində internet ya kəsilib, ya da sürəti hədsiz zəifləyib.


Sosial şəbəkələrdə Bakı ərazisində aparılan qazıntı zamanı internetin keçdiyi optik xətlərin birinə zərər dəydiyini göstərdiyini iddia edən şəkillər yayılıb.
İnternet provayder Delta Telekom BBC News Azərbaycancaya internet kəsintisi ilə bağlı yerli mediaya artıq açıqlama verdiyini bildirib. Həmin açıqlamada şirkət internet təhcizatındakı kəsintinin səbəbini "paytaxtdakı ATS-lərdən birinin ətrafından aparılan təmir və ya qazma işləri ilə əlaqələndirib".
Delta Telekom yerli mediaya açıqlamasında vurğulayıb ki, Bakı şəhərində əsən güclü küləyin fəsadlarının qarşısının allnması məqsədi ilə aidiyyəti orqanlar tərəfindən "yaşıllıqlarda aparılan profilaktik tədbirlər zamanı yeraltı optik kabel zədələnib", bu isə "həmin trafikdə sıxlıq yaradıb".
Nazirlikdən "şəkillər fotoşopdur" və "internetdə yüklənmə var" açıqlaması
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova BBC News Azərbaycancaya sosial şəbəkələrdə yayılmış şəkillərdən xəbərdar olduğunu deyib və onları "fotoşop olduğu çox aydın görünən bir foto" kimi qiymətləndirib.
Hər hansı texniki qəza baş verməsini və ya hardasa təmir-qazıntı işlərinə görə kabel zədələnməsi baş verməsini təkzib edən qurum rəsmisi bildirib ki, "bəzən vətəndaşın internetlə əlaqəli seçdiyi qurğu və evində yerləşdirdiyi cihaz bu günlərdə artan tələblərə cavab vermir".
"Ölkə ərazisində COVID-19 virusu ilə əlaqədar tətbiq edilən karantin rejimində bir çox şirkətlər işlərini onlayn davam etdirir. Eləcə də təhsil sistemində dərslər onlayn qaydada həyata keçirilir. Bununla əlaqədar, geniş zolaqlı internet şəbəkəsində əhəmiyyətli dərəcədə yüklənmə var,"- qurum rəsmisi bildirib.
"Bu, ...ciddi təhdiddir"
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz BBC News Azərbaycancaya açıqlamasında qeyd edib ki, ölkədə internet hazırda "var gücü ilə işləyir" və "həqiqətən də yüklənmə var".
Amma onun fikrincə, aprelin 21-də baş verən kəsinti "ölkənin informasiya təhlükəsizliyi, internet dayanıqlılığı üçün ciddi təhdid"dir.
"Kimsə durub haranısa qazır, kimsə ağaca dirək vurmaq üçün haranısa qazır. Məsələn, hələ də bilmirik ki, dünənki hadisəni kim törədib. Nazirlik açıqlama verməlidir, o hadisəyə aydınlıq gətirməlidir".
Ölkəyə interneti iki - Delta Telekom və Azər Telekomun gətirdiyini deyən Osman Gündüz bu şirkətlərin interneti müxtəlif ölkələrdən aldığını və alternativlərinin çox olduğunu bildirir:
"Bu şirkətlər əvvəllər interneti bir-iki yerdən aldıqlarına görə problem olurdu. İndi isə belə deyil. Bu məsələdə internetin kəsilməsində söhbət Azərbaycan daxilindəki problemlərdən gedir".
Osman Gündüzün fikrincə, Nəqliyyat Rabitə və Yüksək Texnologiyaları Nazirliyi və informasiya təhlükəsizliyinə cavabdeh qurumlar birlikdə bu interneti informasiya infrastrukturunun dayanıqlılığı üçün "gecə-gündüz çalışmalıdırlar".









