SOCAR Mübariz Mənsimovun saxlanılmasında şirkətin müdaxiləsi iddialarını təkzib edir

Şəklin mənbəyi, tr.palmali.com.tr
Mübariz Mənsimovun saxlanılması SOCAR-ın kommersiya marağında ola bilməz, Azərbaycan Dövlət Neft Şirkəti bildirib.
Martın 16-da Azərbaycan əsilli milyarder, biznesmen Mübariz Mənsimovun Türkiyədə saxlanıldığı xəbər verilib.
Cənab Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə müzakirələrdə SOCAR-ın adı hallanırdı.
SOCAR çərşənbə günü yaydığı açıqlama bu iddiaları təkzib edib.
"Bildiririk ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur", - açıqlamada deyilir.
Qurumun məlumatında bildirilir ki, cənab Mənsimovun saxlanılması "onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər".
Şirkət bildirib ki, 2018-ci ildən bəri SOCAR tərəfindən Palmali qrupuna qarşı başlanılan arbitraj prosedurlarının uzanması "SOCAR-ın kommersiya marağında ola bilməz", çünki bu, "şirkətin maliyyə balansına, əmlak hüquqlarına və qeyri-əmlak maraqlarına mənfi təsir göstərə bilər".
SOCAR Türkiyə məhkəmə proseslərinə müdaxilə ehtimallarını "birmənalı şəkildə təkzib edir".
Mübariz Mənsimov bir neçə il əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə ortaq şirkət yaradıb.
Hisssələrin 65%-i SOCAR-a və 35%-i Palmali şirkətinə məxsus olub, amma sonradan Mübariz Mənsimov ortaqlığı tərk edib.
Mübariz Mənsimov iddia edib ki, SOCAR ortaqlıq sənədini hər dəfə "ailə üzvlərinin, tanışlarının adına dəyişdirib". Bundan "narahat olan" Palmali şirkətlər qrupu ortaqlıqdan vaz keçib.
SOCAR iddia edir ki, "Palmali" şirkəti öz öhdəliklərini yerinə yetirməyib, SOCAR isə buna görə 2018-ci ildən bəri Palmali qrupuna daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlayıb.
İttihamlarda nə deyilir?
BBC News Azərbaycanca bazar ertəsi günü Türkiyə mətbuatında yer alan Azərbaycan əsilli milyarder, iş adamı Mübariz Mənsimovun Türkiyədə saxlanılması ilə bağlı xəbərləri onun qurucusu və rəhbəri olduğu "Palmali" Şirkətlər qrupu ilə dəqiqləşdirməyə çalışıb.
Şirkətdən onlarda "Mübariz Mənsimovun saxlanılması barədə məlumatın olmadığı" bildirilib.
Şirkətin əməkdaşı saxlanılma xəbərini təkzib də etməyib, ancaq "hər şey yaxşı olacaq" deməklə kifayətlənib.
Türkiyə mətbuatı yazır ki, Mübariz Mənsimov bazar günü İstanbul Polis Təşkilatı yanında Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şöbə Müdirliyi tərəfindən saxlanılıb.
Onun evində və iş yerində axtarışların aparıldığı deyilir.
Palmali Şirkətlər Qrupu 1998-ci ildə Türkiyədə yaradılıb.
Şirkət qlobal dəniz daşımaları istiqamətində fəaliyyət göstərir.
Mübariz Mənsimov 2015-ci ildə Forbes jurnalının dünyanın ən zəngin 500 biznesmeni siyahısına daxil olub.
O, 2007-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib.







