Azərbaycanda avtomobil yanacağının qiyməti ucuzlaşıb

benzinin qiyməti ucuzlaşıb, SOCAR, Aİ95, Euro-98

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Azərbaycanda Premium Euro-95 və Super Euro-98 markalı avtomobil yanacağının qiymətləri ucuzlaşıb

Azərbaycanda Premium Euro-95 və Super Euro-98 markalı avtomobil yanacağının hər litr üçün qiyməti müvafiq olaraq 30 qəpik (20%) və 20 (12.5%) qəpik ucuzlaşıb.

Dövlət Neft Şirkətindən (SOCAR) BBC News Azərbaycancaya bildiriblər ki, bu qərar ölkə ərazisində cümə günündən tətbiq olunub.

Ucuzlaşandan sonra, Premium Euro-95 markalı benzinin qiyməti 1,20 manat, Super Euro-98 markalı benzin isə 1,40 manat olub.

Bu günə kimi Euro-95 markalı benzinin qiyməti 1,50 manat, Euro-98 markalı benzinin qiyməti isə 1,60 manat olub.

Hər iki əyarlı yanacağın qiymətləri sonuncu dəfə 2018-ci ilin avqustunda bahalaşmışdı.

Son dəfə Premium Euro-95 benzinin 1 litrinin qiyməti 25 qəpik və Super Euro-98 markalı avtomobil yanacağının qiyməti isə 10 qəpik bahalaşmışdı.

"Premium və Super markalı yanacaqlar Azərbaycanda istehsal olunmadığına görə xaricdən gətirilir. Dünya bazarlarında qiymətin enməsi ilə əlaqədar olaraq bazar qiyməti enib və Azərbaycanda da ucuzlaşıb" - Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyib.

İbrahim Əhmədov bildirib ki, Azərbaycanda əsas istehlak olunan dizel yanacağı, aşağı oktan ədədli avtomobil yanacağı və təyyarə yanacağı ölkədə istehsal olunur, onların qiymətini isə Tarif Şurası müəyyən edir.

Cənab Əhmədovun sözlərinə görə, Premium Euro-95 və Super Euro-98 yanacaq növləri Azərbaycana əsasən Rusiya və Qara dəniz sahili ölkələrindən gətirilir.

O bildirib ki, bu yanacaq növlərinin xarici bazarlardan alışını və yerli bazarda satışını SOCAR həyata keçirir.

"Hazırda Heydər Əliyev adına neft emalı zavodunun modernizasiyası aparılır. Gələcəkdə, hazırda istehlak olunan yanacağın keyfiyyəti yüksək olacaq, Avro-5 standartına cavab verəcək, həm də yüksək oktan ədədli benzinlərin də ölkədə istehsalı mümkün olacaq. Modernizasiya prosesi 2025-ci ilədə başa çatacaq, amma hazırda istehsal olunan yanacağın keyfiyyətinin yüksəldilməsi 2022-ci ilə kimi reallaşacaq" - İbrahim Əhmədov deyib.

İbrahim Əhmədov bildirib ki, Premium Euro-95 və Super Euro-98 markalı yanacağın Azərbaycan ərazisində istifadəsi təqribən 5% ətrafındadır.