Yeni parlament "hakimiyyətin islahatlarına" töhfə verə biləcəkmi?

Mərkəzi Seçki Komissiyası çərşənbə axşamı əvvəlki parlamentdə də təmsil olunmuş üç lider namizədin qalib gəldiyi seçki dairəsinin nəticəsini ləğv etsə də, yeni parlamentin tərkibinin azı 78 keçmiş deputatdan formalaşaçağı gözlənir.
Bir qrup siyasi təhlilçiyə görə, bu ilkin nəticə hakimiyyətin son illər formalaşdırmağa çalışdığı "islahat, yenilənmə, nələrinsə dəyişəcəyinə" olan gözləntilərini doğrultmayıb, əksinə "köhnə deputatların" çoxluq təşkil etməsi ilə cəmiyyətin parlamentə "etimadı olmayacaq".
Belə fikirlərlə razılaşmayan siyasi təhlilçilər, ilkin nəticələrə görə, parlamentin 20-25 faizinin yeniləndiyini qeyd edərək "yeni qüvvələrin olduğunu, prezidentin bununla hakimiyyət daxilində gedən islahatları çox adekvat, uyğun şəkildə parlamentə keçirə bildiyini" deyirlər. Bu qrup parlamentdə "köhnə deputatların" daha çox olmasını "seçicilərin o şəxslərə inamı" kimi qiymətləndirir.
Fevralın 9-da keçirilmiş erkən parlament seçkisində 1300-dən çox namizəd iştirak edib. İlkin nəticələr elə həmin gecə açıqlanıb.
Prezident İlham Əliyev yeni parlamentin "hakimiyyətin başlatdığı islahatlara dəstək verəcəyini" müxtəlif çıxışlarında bildirib.
Elə hakim Yeni Azərbaycan Partiyası da əvvəlki parlamentin vaxtından qabaq buraxılmasını istəməsini "hakimiyyətin bütün sferalarını əhatə edən yeniləşmə, müasirləşmə, islahatlar konsepsiyasının coğrafiyasının genişlənməsini və bunun zəminində Azərbaycanın daha dinamik inkişafı üçün daha əlverişli, etibarlı imkanların əldə olunması" ilə əsaslandırmışdı.
Seçkinin ilkin nəticələrinə görə, yeni, amma çoxluğu köhnə tərkibdən formalaşacaq parlament "yeniləşmə", "müasirləşmə" kontekstində Azərbaycanın "dinamik inkişafına" töhfə verə biləcəkmi?

"Gözləntilərin üzərindən qalın bir xətt çəkdi"
Keçmiş deputat, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Gültəkin Hacıbəyli hakimiyyətin "yenilənmə, gəncləşmə, islahatlarla ayaqlaşan, dinamik, müasir parlament formalaşdırmaq adıyla" seçkilərə getdiyini, ancaq Milli Məclisə yenə yaşı "60-ı, 70-i, 80-ni ötmüş əvvəlki deputatların böyük əksəriyyətinin seçildiyini" deyir. Onun fikrincə, bu deputatlara toplumda "etimad yox idi".
Keçmiş deputat əmindir: "Bu qədər saxtakarlıqla, qanun pozuntuları, zorakılıqla seçilmiş parlament nəinki gələcəkdə islahatlara töhfə verə bilər, onların həyata keçirilməsində faydalı ola bilər, əksinə, bu parlament hakimiyyətin son illər formalaşdırmağa çalışdığı islahat gözləntilərinin üzərindən çox qalın bir xətt çəkdi".
Onun fikrincə, bu seçkilər islahatlar, dəyişiklərə ümid edənləri, sadəcə, "xəyal qırıqlığına" uğratdı, onlar "bu günə qədər olan seçki azadlıqlarının da, seçki imkanlarının da qapandığını gördülər".
Gültəkin Hacıbəylinin qənaətincə, hakimiyyət hansısa mərhələdə parlamentdə "həqiqətən də ciddi dəyişiklərə" getmək istəyib, amma "radikal dəyişiklərin kövrək, zəif hakimiyyətin durumunu daha da ağırlaşdıra" biləcəyindən çəkinib.
"İndiki idarəetmə yerlibazlıq, korrupsiya üzərində qurulmuş piramidadır. Onun daşının yerindən oynadılmasıyla qüvvələr balansı dəyişə və çökə bilər. Uzun illərdir hakimiyyətdə kök salmış, qohum-əqrəbaları yüksək vəzifələrdə təmsil olunan şəxslərin hakimiyyətdən uzaqlaşdırılmasının acı fəsadları ola bilərdi. Məhz buna görə də radikal dəyişiklik etmədi," - Gültəkin Hacıbəyli deyir.

"Əsas gözlənti o idi ki..."
"Bu seçkilərdə əsas gözlənti o idi ki, yenilənmə olacaq, elan olunan reformalar əksini tapacaq, nələrsə dəyişəcək. Seçkilər bunun fonunda keçirildi", siyasi şərhçi Şahin Hacıyev BBC News Azərbaycancaya deyir.
O vurğulayır ki, bu seçkidə müşahidəçilər, namizədlər, ayrı-ayrı vətəndaşlar "pozuntuları aşkar etmək üçün" xüsusi fəallıq göstəriblər.
Şahin Hacıyevə görə, indiyə kimi vətəndaşların seçkidə özlərini bu dərəcədə aktiv müdafiə etməsi, pozuntuların hamısının sənədləşdirməsi, bütün bunları sosial mediada yayması kimi hallara kütləvi rast gəlinmədiyini deyir.
Siyasi təhlilçinin fikrincə, bu hallar parlamentin nəticəsi ilə bağlı cəmiyyətdə rəy formalaşmasına təsir etdi: "Seçkilər zamanı bu qədər saxtakarlıq, narazılıq baş veribsə, orda olan adamların hansı hörməti olacaq? Seçicilərlə görüşə gələn köhnə deputatları qovmuşdular. Bu da o demək idi ki, onların indiyədək gördükləri iş narazılıq doğururdu. Bundan sonra münasibət necə ola bilər? Ona görə yeni parlamentin hörməti, nüfuzu və ya təsir altında qalmayacağı haqda danışmaq əsassızdır".
Mərkəzi Seçki Komissiyası seçkilərin "uğurlu" keçdiyini deyib və qanun pozuntularına aid görüntülərin onlara təhvil verilməsini, eləcə də şikayətlərin təqdim edilməsinə çağırıb. Ötən həftə ikisi YAP, ikisi bitərəf olmaqla dörd namizədin lider olduğu DSK-ların nəticələri ləğv olunub.
Şahin Hacıyev Milli Məclisin əvvəlki tərkibinin təxminən 20-25 faizinin dəyişdiyini, "deputatların orientasiyasının dəyişməz qaldığını, onların hamısının hakimiyyətyönlü olduğu" düşünür: "Formal olaraq orda oturacaqlar və yenə də yuxarıların göndərdiyi qanunları qəbul edəcəklər, vəssalam".

"Demədik ki, parlament pis işləyir"
YAP Siyasi Şurasının üzvü, adı MSK-nın seçkidə lider namizədlər siyahısında olan Aydın Mirzəzadə səslənən tənqidləri rədd edir:
"Parlament yenilənmə prosesində daha fəal iştirak etmək üçün buraxıldı. Ancaq biz qərarımızda parlamentin pis işlədiyini, günün tələblərinə cavab vermədiyini qeyd etmədik. Bildirdik ki, yenilənmə siyasətində daha fəal iştirak etmək istəyirik".
Aydın Mirzəzadə parlamentdə "köhnə deputatların" daha çox ola biləcəyini isə seçicilərin o şəxslərə inamı kimi qiymətləndirir:
"Sonradan kimin namziədliyini irəli sürməsi, kiminin müstəqil qatılması öz işidir. İnsanları kastalara bölmək olmaz: sən iştirak edə bilərsən ya edə bilməzsən. Son söz seçicinindir. Köhnə tərkibdən kiminsə seçilməsinə isə seçicilərin ona inamı kimi qiymətləndirmək olar".
"O niyyətlə ki, parlamenti buraxmışdılar..."
Siyasi İnnovasiya və Texnologiylar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bu fikirdədir ki, "hakimiyyət, iqtidar o niyyətlə ki parlamenti buraxmışdı, o niyyətə də nail oldu".

O, parlamentin tərkibinin yenilənməməsi haqda fikirləri də qəbul etmir, MSK-nın siyahısında 40-dək yeni gənc deputatın adının olduğunu, bunu "böyük qüvvə" saydığını, "həmin gənclərin ordakı yaşlıların passivliyini ört-basdır edəcəyini" bildirir.
Siyasi təhlilçinin fikrincə, toplum yeni parlamentin tərkibini zamanla tanıyacaq.
Mübariz Əhmədoğlu onu da deyir ki, "parlamentə düşən yeni adamların sayının 30, ya 50 olması" elə də vacib deyil: "Fakt odur ki, parlamentdə yeni qüvvələr var. Əslində bu hakimiyyətin daxilində gedən islahatları prezident çox adekvat, uyğun şəkildə parlamentə keçirə bildi. Yəni Yeni Azərbaycan Partiya vasitəsilə bu işi görə bildi,"- Mübariz Əhmədoğlu söyləyir.
Seçkinin yekun nəticəsi hələ açıqlanmayıb və təsdiq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.
Beynəlxalq müşahidəçilər namizədlərin sayının yüksək olmasına baxmayaraq, Azərbaycan seçkilərində "əsl rəqabətin" və "seçimin olmadığını" bildirib.









