Bakılıların “Qanlı yanvar” xatirələri: "Mən hələ də azadlığın nə olduğunu bilmirəm"

Бакинцы осматривают автомобиль, раздавленный танками. Архивное фото

Şəklin mənbəyi, AZERTAG

    • Müəllif, Məhərrəm Zeynalov
    • Vəzifə, BBC, Bakı

Dağüstü Parkın Bakı buxtasına açılan yüksəkliyinə qalxsanız, ilk gördüyünüz şey uzun məzarlar cərgəsi olacaq - müxtəlif millətlərdən olan qadınların, kişilərin, uşaqların məzarları. Hamısının şəkli açıq rəngli mərmərə döyülüb. Bir də ölüm tarixləri eynidir - 20.01.1990.

20 yanvar 1990-cı ildə Bakıya qoşun yeridilib. SSRİ tarixində ilk dəfə sovet ordusu bir sovet şəhərinə hücum edib, həm də sülh dövründə.

Rəsmi versiyaya görə, məqsəd Bakı ermənilərinə qarşı zorakılığın qarşısını almaq olub. Əslində isə bu proses artıq bitmişdi və rəsmi Moskva sonradan etiraf edəcəkdi ki, şəhərə qoşun hakimiyyətin Azərbaycan Xalq Cəbhəsi (AXC) tərəfindən ələ keçirilməsinə mane olmaq üçün yeridilib.

Bakıdakı Şəhidlər Xiyabanı, 20 yanvar şəhidlərinin dəfn edildiyi yer

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Bakıdakı Şəhidlər Xiyabanı, 20 yanvar şəhidlərinin dəfn edildiyi yer

Müxtəlif dəyərləndirmələrə görə, hərbi əməliyyat nəticəsində 131-170 arası mülki vətəndaş həlak olub. Azərbaycanda bu hadisəni "Qara yanvar" adlandırırlar və hər il matəm günü kimi qeyd edirlər.

Ekspertlər hesab edirlər ki, Bakı faciəsi SSRİ-nin dağılması prosesinin başlanğıcını qoyub.

Biz hadisənin iştirakçılarıyla görüşüb söhbət etmişik.

Tbilisi prospekti. Axşam saatları

"Tbilisi prospektində baş verənlər bir film kimi idi. Bizim balkonumuzdan hər şey görünürdü".

xəritə

Əhməd Rəhmanov həmin gün başına gələnlər barədə sakit, emosiyasız danışır.

O vaxt 16 yaşında olan Əhməd valideynləri və kiçik qardaşıyla birlikdə dördmərtəbəli evin birinci mərtəbəsində yaşayırdı. Mənzilin Tbilisi prospektinə - Bakının əsas nəqliyyat arteriyalarından birinə baxan balkonu vardı, Şimaldan gələn avtomobillər paytaxta bu yoldan daxil olurlar.

Qarabağın Ermənistana verilməsi əleyhinə keçirilən aksiyanın iştirakçıları hərbçilərin şəhərə girməsinə mane olmaq üçün iki cərgə maşınla yolu bağlamışdılar. Birinci cərgəyə yük maşınları, ikinciyə minik avtomobilləri düzülmüşdü.

20 yanvar hadisəsindən bir neçə gün əvvəl şəhər küçələrində yük maşınlarından və avtomobillərdən ibarət barrikadalar düzəldilmişdi

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, 20 yanvar hadisəsindən bir neçə gün əvvəl şəhər küçələrində yük maşınlarından və avtomobillərdən ibarət barrikadalar düzəldilmişdi

Bir neçə yerdə tonqal yanırdı: "Biz tonqalların yanına yığışırdıq, özümüzü böyüklər kimi hiss edirdik. Xarici jurnalistlər gəlmişdi, bir fransız qadın mənim və qardaşımın şəklini çəkmişdi.

19 yanvar axşamı barrikadaların yanına tünd yaşıl rəngli bir UAZ gəldi, maşındakılar dağılışmağımızı tələb etdilər. Dedilər ki, hərbçilər gələcək və atəş açacaqlar.

Gecə 11-də prospektə yeni adamlar gəlməyə başladı, şəhərin girişindən - Biləcəri qəsəbəsindən Bakıya sarı əsgərlər gəldiyi deyildi.

Biz onlara tərəf getdik. Əsgərlər projektor işığını üstümüzə tuşlamışdırlar. Ancaq qalxanlarını görə bilirdik. Hər beş qalxandan sonra bir pulemyotçu görünürdü".

Səsgücləndiriciylə aksiya iştirakçılarına dağılışmaq əmri verilir, "Sizin hərəkətləriniz qanuna ziddir" deyilir: "Kimsə təklif etdi ki, barrikadaçılar əllərində olan hər şeyi atsınlar. Dedi ki, silahsız olduğunuzu görüb sizə toxunmazlar".

Digər mitinqlərdə olduğu kimi, bu dəfə də insanlar çöməlirlər. Əhməd deyir ki, hakimiyyətə aksiyanın dinc xarakter daşıdığını göstərmək üçün o və başqaları əvvəllər də belə edirmişlər.

Şəhərə girən əsgərlərdə təkcə dəyənək və qalxan yox, həm də silah vardı

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Şəhərə girən əsgərlərdə təkcə dəyənək və qalxan yox, həm də silah vardı

Əsgərlər kütləyə yaxınlaşdı, qalxanlar aralandı, əlidəyənəkli əsgərlər ön cərgədəki insanları vurmağa başladılar: "Çaxnaşma düşdü, biz geri, barrikadalara doğru qaçdıq. Arxadan atəş səsləri eşidildi - başımızın lap üstündən atırdılar. Yadımdadır ki, maşınlardan birinin kuzovunda bir gənc dayanıb nəsə qışqırırdı və birdən o, aşıb düşdü. Sonra başına nə gəldiyini bilmirəm".

Əsgərlər aksiyaçıların üstünə tüstü bombaları atmağa başlayırlar. Ətraf görünməz olur, kimsə Əhmədi sürüməyə başlayır: "Çevrilib gördüm anamdır. Sürüyə-sürüyə mənə ağzına gələni deyirdi, qışqırırdı ki, evə qayıdım".

Qarabağ böhranı və Bakı aksiyaları

1990-cı ilin başlanğıcında Qarabağ münaqişəsi pik həddinə çatmışdı. Bakının mərkəzində fasiləsiz etiraz aksiyaları keçirilirdi - Azərbaycanın müstəqil olması, Dağlıq Qarabağın muxtariyyətinin ləğv edilməsi (Azərbaycan SSR-in tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər çoxluq təşkil edirdi, 1988-ci ildə onlar Moskvaya müraciət edib ərazinin Ermənistana verilməsini tələb etmişdilər), onminlərlə azərbaycanlının Ermənistandan qovulmasına cavab olaraq ermənilərin ölkədən çıxarılması tələb edilirdi.

Ona qədər ermənilərin çoxu artıq Bakını tərk etmişdi.

Ermənistanda olduğu kimi, Azərbaycanda da güclü milli özünüdərk prosesi müşahidə olunurdu. Yenidənqurma nəticəsində siyasi səhnəyə Qərb yönümlü liberallardan tutmuş radikal millətçilərə qədər müxtəlif xarizmatik liderlər çıxmışdı.

Ölkənin ovaxtkı rəhbəri, Azərbaycanın Kommunust Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov faktiki olaraq vəziyyətə nəzarət etmirdi, küçələrdə onun əldəqayırma fiqurunu gəzdirən insanlar sovet hakimiyyətinə nifrətlərini gizlətmirdilər.

20 yanvar qurbanlarının dəfn mərasimində yüzminlərlə insan iştirak edib

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, 20 yanvar qurbanlarının dəfn mərasimində yüzminlərlə insan iştirak edib

Əslində, o günlərdə ölkəyə MK-nın ikinci katibi, "Moskvanın emissarı" Viktor Polyaniçko rəhbərlik edirdi.

Tarixçi Arif Yunusun sözlərinə görə, Polyaniçko Azərbaycandakı xalq hərəkatından Moskvanın maraqlarına uyğun istifadə etməyə cəhd edib və buna görə bəzi aktivistlərlə danışıqlar aparıb.

Britaniyalı araşdırmaçı Tomas de Vaal özünün "Qara bağ" əsərində yazır ki, həmin günlərdə Polyaniçko əyalətdə dinin güclü təsirə malik olduğunu deyərək AXC-nin mötədil üzvlərini islam faktorundan istifadənin vacibliyinə inandırmağa çalışıb.

Sonra Polyaniçko radikal cəbhəçilərlə dil tapmaq istəyib və 1989-cu ilin sonlarında - ölkədə siyasi ehtiraslar güclənəndə onlara efirə çıxmaq imkanı yaradılıb. 1990-cı ilin yanvarında ən radikal hərəkatçılardan birinə - keçmiş çilingər Nemət Pənahova radioda çıxış etmək fürsəti verilib.

Tezliklə Moskva mətbuatında azərbaycanlıların islam fundamentalizminə yuvarlanması barədə məqalələr peyda olmağa başlayıb.

Erməni talanları

Yanvarın 12-də Polyaniçko AXC üzvləriylə danışıqlar aparıb, bundan az sonra Milli Təhlükəsizlik Şurası yaradılıb - respublikanın sərhədlərini "erməni hücumundan" qorumaq üçün.

Şuranın beş üzvündən dördü məhz radikallardan olub - bir neçə gün əvvəl mitinqdə çıxış edib erməniləri Bakıdan qovmaq təklifini irəli sürən Nemət Pənahov da daxil olmaqla.

Pənahov deyirdi ki, Bakı evsiz-eşiksiz qaçqınlarla doludur, minlərlə erməni isə komfort içində yaşayır və bununla insanları ermənilərə qarşı zorakalığa təhrik edirdi.

Yanvarın 13-də Bakıda talanlar başlayıb. Şəhər mərkəzində - Lenin meydanında keçirilmiş izdihamlı mitinqdən sonra bir qrup şəxs aksiyaçılardan ayrılaraq ermənilərə hücum etməyə başlayıb. İnsanları çoxmərtəbəli evlərin pəncərə və balkonlarından atıblar, ölənəcən döyüblər.

BBC News Rusca xidmətinə müsahibəsində Nemət Pənahov bildirib ki, həmin gün erməniləri şəhərdən çıxarmaq təklifini məhz onların təhlükəsizliyi naminə səsləndirib: "Bəli, mən fevralın sonuna qədər Bakıda bir nəfər də olsun erməninin qalmamalı olduğunu demişəm. Ona görə ki, "KQB" təxribatlar törədib xalqımızı ləkələməyə çalışacaqdı. Yaxınlarının öldürüldüyünü və ya zorlandığını öz gözləriylə görmüş çox sayda qaçqın vardı Bakıda, onlar bu təxribata uya bilərdilər".

Pənahov talanları durdurmağa çalışdığını deyir: "Biz bacardığımız qədər ermənilərin təhlükəsizliyini təmin etməyı çalışırdıq və bir neçə saat ərzində vəziyyətə nəzarəti ələ ala bilmişdik. Bizim müdaxiləmiz olmasaydı, qurbanların sayı minlərlə olardı".

Ermənilər xilas olmaq üçün milis şöbələrinə və "Şəfəq" kinoteatrına sığınmışdılar, hərbçilərdən kömək umurdular. Onları qatarla Şimali Qafqaza, ordan da gəmilərlə Həştərxana yola salırdılar. Çox sayda azərbaycanlı erməni dostlarına və həmkarlarına Bakını təyyarəylə tərk etmək imkanı yaradırdı.

Yanvarın 13-də Bakıda növbəti - sonuncu erməni köçü baş verdi

Şəklin mənbəyi, TASS

Şəklin alt yazısı, Yanvarın 13-də Bakıda növbəti - sonuncu erməni köçü baş verdi

Hazırda tanınmış tarixçi və siyasi mühacir, o dövrdə gənc elmlər namizədi olan Arif Yunus həmin günlərdə şahidlərdən topladığı informasiyanı xarici jurnalistlərə ötürüb. Həm də milliyyətcə erməni olan anasını şəhərdən çıxarıb.

Arif kütlənin bir neçə evi mühasirəyə aldığını və onlardan birinin tüstüləndiyini müşahidə edib: "Mən taksiylə gedəndə bir qadını doqquzuncu mərtəbədən atdıqlarını gördüm".

O, qarətçilərin ermənilər yaşayan mənzillərdəki mebelləri daşıdığını, kənarda dayanmış gənc kursantlarınsa bunu sadəcə müşahidə etdiyini görüb: "Kursantlardan niyə qarətçilərə mane olmadıqlarını soruşdum. Dedilər ki, onlara müdaxilə etməmək əmri verilib".

Həmin günlərdə Moskvadan Bakıya SSRİ DİN-in daxili qoşunlarından hissələr göndərilib, amma nə üçünsə onlar da baş verənlərə müdaxilə etməyiblər.

Talandan bir az əvvəl yeni mənzilə köçmüş Rimma Abramyan BBC-yə bunları deyib: "Bakıda komendant saatı vardı. Ərim gəlib dedi ki, tez ol, yığış, gedirik. Biz hələ heç mebel də almamışdıq. Mən tez əşyalarımızı çantalara doldurdum, iki yaşlı oğlumu qucağıma götürdüm və biz təcili evimizi tərk etdik".

Yanvarın 14-də - talanların qızğın vaxtında Bakıya Yevgeni Primakovun rəhbərlik etdiyi Siyasi Büro heyəti gəlib - müdafiə naziri Dmitri Yazovla birlikdə. Dağlıq Qarabağda, Azərbaycanın Ermənistanla sərhəd olan bölgələrində və Gəncədə fövqəladə vəziyyət tətbiq olunub. Nə üçünsə Bakı bu siyahıya daxil edilməyib.

Bakıdan qaçmış ermənilər 1990-cı ilin yanvar hadisələrində cəbhəçiləri günahlandırırlar, onlarsa əksinə, ermənilərə kömək etdiklərini deyirlər. Ola ilsin ki, hər iki versiya doğrudur, çünki o vaxt AXC-nin sıralarında ən müxtəlif baxışlara malik fəallar olub.

Sonralar AXC-ni tərk etmiş siyasətçi Zərdüşt Əlizadə deyir ki, talanlar başlamazdan bir neçə gün əvvəl Xalq Cəbhəsinin qərargahının önündə ermənilərin adları və ünvanları olan siyahılar asılıb. Bəziləri gəlib o vərəqləri cırıb, bəziləri də yenilərini yapışdırıb.

"Hakimiyyətin erməni talanlarını durdurmaq üçün tətbiq etdiyi fövqəladə vəziyyətin şəhərdə erməni qalmayandan sonra elan olunması ya hakimiyyətdəkilərin sinizmindən, ya bacarıqsızlığından, ya da hər ikisindən xəbər verir" - araşdırmaçı Tomas de Vaal belə yazır.

Faciədən sonrakı günün səhəri

Похороны погибших 20 января

Şəklin mənbəyi, AZERTAG

Похороны погибших 20 января

Şəklin mənbəyi, AZERTAG

20 yanvar gecə saat 2-də Tbilisi prospektində sakitlik yaranır, hardansa təkəmseyrək atəş səsləri eşidilir. Əsgərlər şəhərin içinə doğru irəliləməyə başlayanda onların arxasında ağır texnikanın da olduğu görünür.

Şəhərdə fövqəladə vəziyyət olunub, ancaq çox adamın bundan xəbəri yoxdur. Hərbçilərin diversiya qrupu respublika televiziyasınının ötürücüsünü qidalandıran transformator blokunu partladır. Şəhər sakinlərinin böyük əksəriyyəti komendant saatı barədə səhər xəbər tutur- radioda səsləndirilən elan sayəsində.

O səhər Əhməd və qonşuları küçəyə çıxıb bir neçə yerdə PDM (BMP) və əsgərlər dayandığını görürlər:

"Bizim xalq qəribədir. Nə üçünsə əsgərlərə kompot apardılar, onlar da başladılar and içməyə ki, bura ancaq səhər gəliblər, gecə atəş atanlar başqaları olub".

Похороны погибших 20 января

Şəklin mənbəyi, AZERTAG

Sonrakı günün səhəri bir milyondan çox şəhər sakini gecə öldürülənlərin dəfn mərasiminə qatılıb. Onları Dağüstü Parkda dəfn ediblər. Hazırda həmin məzarlığın bir hissəsi Şəhidlər Xiyabanı adlanır.

Mahiyyət etibarilə 20 yanvar 1990-cı il Moskvanın Azərbaycanı itirdiyi gündür.

Антисоветские надписи на Доме правительства

Şəklin mənbəyi, AZERTAG

Əsgərlərə atəş açanlar kimlər idi?

20 yanvar gecəsi ən azı 21 hərbi qulluqçu öldürülüb. Bunun necə baş verdiyi indiyə qədər də məlum deyil: aksiya iştirakçılarının silahlı müqavimətinin nəticəsi olaraqmı, yoxsa həmin gecəki xaosda hərbi dəstələr arasındakı təsadüfi atışmalara görəmi?

1990-cı ildə Svetlana Tbilisi prospektindəki Salyan kazarmalarının yanındakı beşmərtəbəli evdə yaşayıb.

O, BBC-yə deyib ki, hələ yanvarın ortalarından kazarmaların yanında gecə-gündüz mitinqlər keçirilib, orda tonqallar qalanıb, yük maşınlarında aksiya iştirakçıların ərzaq gətirilib: "Mən onlarda silah görməmişəm. Amma yanvarın 19-da zabitlərdən biri kazarmaların ərazisindən çölə çıxıb növbəti dəfə ordakılara Azərbaycan dilində "Qardaşlar, dağılışın! Şəhərə qoşun hissələri gəlir" deyəndə atəş səsi eşidildi və yıxıldı. Mən bunu evimizin pəncərəsindən gördüm".

Svetlananın sözlərinə görə, atışma başlayanda 3 yaşlı oğlunu vanna otağında gizlədib, bir neçə güllə onun mənzilinin içindən keçib, qonşusunun mənzilində isə kitab şkafına sancılıb. O, güllələrin kazarmalardan yox, Tbilisi prospekti tərəfdən, yəni aksiyaçıların olduğu yerdən atıldığına əmindir.

Bəzi şahidlər deyirlər ki, əsgərlərə də atəş açanlar olub

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Bəzi şahidlər deyirlər ki, əsgərlərə də atəş açanlar olub

Sonrakı gün Svetlananın mənzilinə gələn hərbçilər deyiblər ki, binanın sakinləri təxliyə edilir, onun balkonunda isə atəş nöqtəsi yaradılacaq: "Dedilər ki, bizi Rusiyanın harasınasa aparacaqlar. Mən uşaq üçün "qorşok" və odeyal, bir də pulumu və evimdəki ikonanı götürdüm. Sonra hamımızı "ZİL"-ə yığdılar".

Hərbçilərə atəş açıldığını o dönəmdə Bakıda xidmət etmiş və həmin gün kazarmaların yerləşdiyi ərazidə olmuş zabit Aleksey Vasilyev də öz xatirələrində yazıb.

O, piyadaların və tankların aksiya iştirakçılarının üstünə yeridiyini də qeyd edib: "Barrikadaların qalıqlarına ilişib büdrəyən piyadalar patronları qənaət etmədən elə hey havaya atəş açırdılar. Güllələr hara gəldi uçuşurdu, şəhər sakinləri qaçıb ətrafa dağılışırdılar".

Ancaq aksiyaların təşkilatçılarından olan Nemət Pənahov BBC-yə açıqlamasında mitinqçilərdə silah olmadığını deyib:

"Yalan deyirlər, silah olmayıb. Biz yaxşı başa düşürdük ki, sovet imperiyasını silahla yıxmaq olmaz. Biz ordunun silahsız insanlara hücum edəcəyini gözləmirdik. Hətta əsgərlərə barrikadalarla mane ola biləcəyimizi düşünürdük".

Pənahov etiraf edir ki, sovet əsgərlərindən də öldürülənlər olub, ancaq silahla yox: "Mən özüm görməmişəm, amma inandığım adamlardan eşitmişəm ki, hərbçilərin vəhşiliklərinin qarşısını almaq üçün gənclərdən biri əsgərlərin üstünə maşın sürüb".

AXC rəhbərliyində bir-birinin satqınlığından, "KQB" ilə əlaqəsindən şübhələn çox olub. Baltika respublikalarından fərqli olaraq Azərbaycanda "KQB" arxivləri açılmayıb. Amma aktivistlərin bəziləri onları əməkdaşlığa cəlb etmək cəhdlərinin olduğunu etiraf edib.

Tarixçi Arif Yunus Nemət Pənahovu Heydər Əliyevin adamı hesab edir (Pənahov və Əliyev həmyerlidirlər). Sovet dövründə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev 1993-cü ildə müstəqil Azərbaycanın prezidenti olub.

Nemət Pənahovsa ilk dəfə Heydər Əliyevlə həmin hadisələrdən bir il sonra görüşdüyünü bildirir. Onun karyera pillərində sürətli yüksəlişi çoxlarını təəccübləndirir - Pənahov sadə fəhləlikdən Prezident Administrasiyasının işçinə qədər olan yolu cəmi beş ilə fəth edib.

20 yanvar hadisəsindən sonra Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirərək Bakıya qoşun yeridilməsini pisləyib.

***

Həmin gün öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar da olub

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Həmin gün öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar da olub

20 yanvar faciəsi Azərbaycan tarixində dönüş nöqtəsi olub və sadə insanların sovet hakimiyyətinə münasibətini birdəfəlik dəyişib. Bu hadisə həm də onu üzə çıxarıb ki, rəsmi Moskva milli respublikalarda gedən proseslərə nəzarəti itirib. Həmin proseslər 1991-ci ildə SSRİ-nin dağılmasıyla nəticələnib.

Az sonra Ermənistan və Azərbaycan arasında Qarabağ uğrunda genişmiqyaslı müharibə başlayıb.

Onda artıq 18 yaşı olan Əhməd Rəhmanov cəbhə bölgəsində xidmət edib və yaralanıb.

Bu gün 20 yanvar faciəsi haqqında Rəhmanov belə deyir:

"Biz sadəcə azad olmaq istəyirdik. Üstündən 30 il keçib, amma mən hələ də azadlığın nə olduğunu bilmirəm".

***