İlham Əliyev məhkəməyə sorğu göndərib: Parlamentin buraxılması Konstitusiyaya uyğundurmu?

Şəklin mənbəyi, Getty Images
Prezident İlham Əliyev deputatların parlamentin buraxılması üçün ona müraciətinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Sorğuda Prezident Əliyev Milli Məclisin parlamenti buraxmaq qərarı ilə bağlı son qərarı vermək üçün "hazırkı şərtlərdə Milli Məclisin buraxılmasının" Azərbaycan Respublikası Konstitusiyasına uyğun olub-olmadığını bilmək istədiyini deyib.
O bildirib ki, parlamentin buraxılmasının Konstitusiyaya uyğun olub-olmayacağı barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "mövqeyinin öyrənilməsi zərurəti yaranmışdır", - Azərtac sorğunun mətnini paylaşıb.
Prezident Əliyev həmçinin məhkəmədən bu barədə qərar qəbul etməyi xahiş edib.
Konstitusiya Məhkəməsi bu müraciətə dekabrın 4-də baxacağını açıqlayıb.
Bundan əvvəl Milli Məclis parlamentin buraxılması üçün prezidentə müraciət edib.
Ötən həftə parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası (YAP) üzvləri parlamentin buraxılması üçün təşəbbüs irəli sürmüşdü.
Parlament bu gün növbədənkənar iclasa toplaşaraq YAP-ın təklifini müzakirə edib və onu dəstəkləyib.

Şəklin mənbəyi, AZERTAG
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, parlamentin buraxılması ilə bağlı hüquqi imkanlar var və bu, 2016-cı ildə referendumda olan dəyişiklər vasitəsilə yaradılıb.
O, bitərəf və digər partiyaları təmsil edən deputatları YAP-ın təklifinə səs verməyə çağırıb:
"Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti, əslində, xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir", o deyib.
Əli Hüseynov əlavə edib ki, ölkə başçısının "siyasətinə dəstək verən insanlar" yenidən parlamentə seçiləcək.
Sabahkı iclas sonuncu ola bilər
Milli Məclisin spikeri Oqtay Əsədov dekabrın 3-də keçiriləcək plenar iclasın V çağırış üçün sonuncu iclas ola biləcəyini deyib, Report.az saytı xəbər verir.
Spiker bildirib ki, qanun layihələri hələ də qalıb: "Ona görə də sabaha son plenar iclas ola bilər".
Ötən həftə YAP parlamentin buraxılması təklifi ilə çıxış edib.
Müvafiq qanuna uyğun olaraq, Azərbaycanda növbəti parlament seçkilərinin 2020-ci ilin payızında keçirilməsi nəzərdə tutulub.
Milli Məclisdə YAP çoxluğa sahibdir. Azərbaycan parlamentində 125 deputat yerindən 70-ə yaxınını YAP üzvləri tuturlar.








