Müsavat rəhbərləri piketə gəlməyib, onlar saxlanıldıqlarını deyirlər

Müsavat Partiyasının çərşənbə axşamı günü Bakının mərkəzində keçirməyə cəhd etdiyi piketdə partiya rəhbərliyi iştirak etməyib.
Müsavatın iddiasına görə, piketin başlamasına saatlar qalanadək partiyanın 100-dən çox üzvü, həmçinin onun bəzi rəhbərləri polisə çağırılaraq, saxlanıblar.
Bəzi şəxslərə isə mitinqə getməmək üçün xəbərdarlıq edilməsilə bağlı məlumatlar var.
BBC News Azərbaycancanın hadisə yerində olmuş müxbirləri 19 oktyabr mitinqindən fərqli olaraq, 12 noyabr piketinin sakit keçdiyini bildiriblər. Səbəb isə müşahidələrə görə, ora gələnlərin sayının azlığı ola bilər. Ancaq onlar bu dəfə polisin jurnalistlərin işinə mane olduğunu da bildiriblər.
Polis piketin təyin edildiyi ərazidə görünən ayrı-ayrı şəxsləri dərhal dövrəyə alıb polis maşınında uzaqlaşdırıb. Ərazidən uzaqlaşdırılmış şəxslərin əksəriyyəti heç bir şüar səsləndirməyib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı BBC News Azərbaycancanın müxbirinin "Heç bir şüar səsləndirməyən adamlar niyə saxlanır? Polis şüar səsləndirməyən adamların nəyə əsasən müsavatçı olduğunu və aksiyaya qatıldığını düşünərək onları ərazidən uzaqlaşdırır?" sualına cavab verməyib.
Demokratik Qüvvələrin Milli Şurası 19 oktyabrda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirmiş, nəticədə 60-dan artıq şəxs saxlanmışdı, Baş Prokurorluğun açıqlamasında bildirilib.
"Hadisə yerində piket iştirakçılarından daha çox polis, polis olduğunu deyən mülki geyimlilər və jurnalistlər var idi", müxbirlərimiz vurğulayırlar.
Müsavat Partiyasının divan üzvü İsa Qəmbər mediaya müsahibəsində deyib ki, "piket öz məqsədinə çatıb".
Piketdən öncə saxlanıldığını deyən Müsavat başqanı Arif Hacılı isə "Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunması istiqamətində apardıqları mübarizənin bundan sonra da davam edəcəyini" bildirib.
Arif Hacılı piketdən öncə "naməlum istiqamətə aparılıb"
Çərşənbə axşamı günü Müsavat Partiyasının keçirilməsi gözlənən piketindən bir qədər öncə partiya başqanı Arif Hacılının "saxlanması" xəbərini onun müavini Gülağa Aslanlı BBC News Azərbaycancaya verib.
Cənab Aslanlı Müsavat başqanının ona zəng edərək, "qərargaha getdiyi yolda avtomobilinin "həm ön, həm də arxa tərəfdən maşınlarla əhatə olunduğunu" deyib.
"Təxminən 15 dəqiqə əvvəl Arif bəy mənə zəng vuraraq bildirdi ki, yol polisi ona "saxla" əmrini verir. O, Azadlıq prospektində olduğunu, maşını saxladıqlarını dedi. Daha sonra əlaqə kəsildi. Lakin sonra aldığımız məlumata görə, Arif bəyi mülki geyimli şəxslər saxlayıb, söhbət ediblər. Daha sonra onu Toyota markalı avtomobillə naməlum istiqamətə aparıblar", partiya nümayəndəsi vurğulayıb.
Gülağa Aslanlının sözlərinə görə, Arif Hacılının avtomobili cərimə meydançasına aparılıb. Onun yanında olan şəxs isə polis məntəqəsində saxlanılıb.
"Piket daha çox məqsədinə çatdı"
Mediaya müsahibə verən Müsavat Partiyasının divan üzvü, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər "hakimiyyətin onlarla müsavatçını saxlamaqla piketin qarşısını almağa çalışdığını, lakin faktiki olaraq piket haqda məlumatlandırma prosesi apardığını deyib.
Cənab Qəmbər "piketin Müsavat Partiyasının planlaşdırdığından daha çox məqsədinə çatdığını" deyib.
İsa Qəmbər bundan sonra atılacaq addımlar üçün "partiya rəhbərliyinin bugünki hadisələrlə bağlı vəziyyəti dəyərləndirib, uyğun qərarı qəbul edərək, sonrakı addımlarını müəyyənləşdirəcəklərini" vurğulayıb.
Polis ayrı-ayrı şəxsləri uzaqlaşdırmağa çalışırdı
BBC News Azərbaycancanın müxbirləri həmçinin "polisin əvvəlki mitinqlərdən fərqli olaraq, jurnalistlərin fəaliyyətinə mane olduğunu" vurğulayıblar.
BBC News Azərbaycancanın müxbirləri hadisə yerində daha çox jurnalist, polislər və polis olduğunu deyən mülki geyimli şəxslərin olduğunu bildiriblər.
"Polis ayrı-ayrı şəxsləri ərazidən uzaqlaşdırmağa cəhd edirdi. İki qadın müsavatçı bildirdi ki, Konstitusiya günündə söz azadlığının bərpasını istəyirlər. Polis onları ərazidən uzaqlaşdırdı. Piket zamanı partiya funksionerlərindən olan Səxavət Soltanlı, Fərəc Kərimli və azı 10 nəfər şəxs saxlanılaraq, müxtəlif idarələrə aparıldılar".
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı BBC News Azərbaycancanın müxbirinin "Heç bir şüar səsləndirməyən adamlar niyə saxlanır? Şüar səsləndirməyən adamların nəyə əsasən müsavatçı olduğunu və aksiyaya qatıldığını düşünərək onları ərazidən uzaqlaşdırırsınız sualına cavab verməyib.
Müsavat partiyası son günlərdə 100-dən çox üzvünün ölkə üzrə müxtəlif polis idarələrinə çağırılaraq xəbərdarlıq olunduğunu iddia edib. Partiya rəhbərliyinin bildirdiyinə görə, xəbərdarlıq çərşənbə axşamı günü partiyanın keçirməyi planlaşdırdığı piketlə bağlı olub.
Müsavat partiyasının sözçüsü Mustafa Hacıbəyli BBC News Azərbaycancaya bildirib ki, noyabrın 8-dən bu günə kimi aksiyada iştirak etməməklə bağlı polis idarəsinə çağrılıb "təzyiqlə" üzləşən Müsavat üzvlərinin sayı 100 nəfəri keçib. Müsavat Partiyasının çərşənbə axşamı günü Bakının mərkəzində keçirməyə cəhd etdiyi piketdə partiya rəhbərliyi iştirak etməyib. Müsavatın iddiasına görə, piketin başlamasına saatlar qalanadək partiyanın 100-dən çox üzvü, həmçinin onun bəzi rəhbərləri polisə çağırılaraq, saxlanıblar. Bəzi şəxslərə isə mitinqə getməmək üçün xəbərdarlıq edilməsilə bağlı məlumatlar var.








