Müdafiə Nazirliyi: MiQ-29-un yeri tapılıb

MiQ-29

Şəklin mənbəyi, Turan.az

Şəklin alt yazısı, İyulun 24-də radarlardan itən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi tapılıb
    • Müəllif, İlkin Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Azərbaycanda 16 gündür ki, radarlardan itmiş MİQ-29 hərbi təyyarəsinin yeri tapılıb.

Müdafiə Nazirliyi bildirir ki, təyyarənin yeri avqustun 8-i axşam saatlarında müəyyən edilib.

"Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib", Müdafiə Nazirliyi bildirib.

Məlumatda deyilir ki, axtarışlarda iştirak edən türkiyəli mütəxəssislərin iştirakı ilə "təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb".

"Təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür", nazirlik açıqlayıb.

MİQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin taleyi ilə bağlı nazirlik heç bir açıqlama verməyib.

Rusiya Müdafiə Nazirliyinin mütəxəsisləri Xəzərdə qəzayə uğramış Azərbaycana məxsus MİQ-29 qırıcısının axtarışlarına qoşulacaq, Azərbaycan Müdafiə Nazirliyi BBC News Azərbaycancaya bildirib.

"Rusiya mütəxəssisləri axtarış işlərinə iki gündən sonra qoşulacaq", Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"50 nəfərədək olan axtarış dəstəsinin tərkibində "Anatoli Qujvin" kiçik hidroqrafiya gəmisi, "SB-45" xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil "MMK-1-100" kompleksi yer alır", Rusiya tərəfinin yaydığı məlumatda bildirilir.

MİQ-29 qırıcısının axtarışları

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Şəklin alt yazısı, Rusiya Müdafiə Nazirliyi öz mütəxəsislərinin Xəzərdə qəzayə uğramış Azərbaycana məxsus MİQ-29 qırıcısının axtarışlarına qoşulacağını elan edib

Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında qeyd edilib ki, təxmini axtarış rayonunun sahəsi 600 kvadrat kilometrdən çoxdur, suyun dərinliyi isə 40-metrə qədərdir.

"Habelə axtarış tədbirlərinə teleidarəetməli "Falkon" sualtı aparatını, "Super QNOM Pro" teleidarəetməli sualtı baxış aparatını və "Tayger" pilotsuz sualtı aparatını cəlb etmək planlaşdırılır",- Rusiya Müdafiə Nazirliyinin saytında göstərilib.

İyulun 24-də Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.

Qəzaya uğradığı güman edilən hərbi təyyarənin axtarışına Türkiyə mütəxəssisləri də cəlb olunub.