Səlahiyyət müddəti keçmiş 81 yaşlı Ombudsman: niyə dəyişdirilmir?

Elmira Süleymanova

Şəklin mənbəyi, Azertag

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

2017-ci ildə Azərbaycanın insan haqları üzrə müvəkkili, hazırda 81 yaşı olan Elmira Süleymanovanın iki müddətə yeddi il sürən ombudsmanlıq müddəti bitib.

Azərbaycan qanunvericiliyinə görə, insan haqları müvəkkilinin namizədliyi prezident tərəfindən parlamentə təqdim olunur və millət vəkilləri tərəfindən təsdiqlənir.

Ombudsman haqqında qanunda deyilir ki, "bir şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz". Səlahiyyətləri bitdikdən sonra, yeni müvəkkilin seçilməsi ilə bağlı qanunda heç nə göstərilməyib. Bəs iki ildir səlahiyyət müddəti bitmiş ombudsmanlığa niyə yeni təyinat yoxdur?

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, bu, prezidentin səlahiyyətində olan məsələdir.

BBC News Azərbaycanca məsələ ilə bağlı Ombusdman ofisindən şərh ala bilməyib.

Ombudsman Elmira Süleymanova dəfələrlə fəallar tərəfindən "siyasi məhbus" hesab edilən şəxslərin həbsxanalarda incidilməsi hallarına müdaxilə etməməkdə ittiham olunub.

Yeni ombudsman təyinatına mane olan nədir?

"Azərbaycanda Ombudsmanlıq və digər bir sıra vəzifələr də var ki, qanunlarla seçilmə və ya təyin olunma və həmin vəzifəni daşımaq müddəti məhdudlaşdırılsa da buna heç kim əməl etmir", hüquqşünas Namizəd Səfərov belə deyir.

O deyir ki, bir insan eyni vəzifədə on ildən artıq işləsə o artıq xeyir verməyəcək, "yalnız ziyan gətirəcək, ziyanla işləyəcək".

"İqtidar guya bir nəfər tapıb onun yerinə təyin edə bilmirmi ki, yeni ombudsman təyinatına mane olan nədir ki, adam tapılana qədər həmin vəzifənin daşınmasını ona həvalə edir?

"Ölkəyə atom bombası atılmayıb, müharibə getmir, seçin də, vaxtının bitməsinə bir ay qalmış, yeni namizədlər axtarın, araşdırın ki, kimi qoyacaqsınız?", hüquqşünas həm sual edir, həm də təklif.

Cənab Səfərov Elmira Süleymanovanın vəzifə vaxtının bitməsinə rəğmən, müvəkkillikdən uzaqlaşdırılmamasının əsas səbəbini onun "rejimi qane etməsi" ilə əlaqələndirir.

"Yüksək gözləntilər"

Qurumun fəaliyyətini dəyərləndirən korrupsiya ilə mübarizə üzrə Şəffaflıq Azərbaycan təşkilatı cəmiyyətdə Ombudsman institutuna dair yüksək gözləntilərin olduğunu bildirir.

"Cəmiyyətin Ombudsman institutundan gözləntiləri hədsiz yüksəkdir və belə hesab edilir ki, hətta onun mandatı və fəaliyyət qabiliyyəti çərçivəsində olmasa da Ombudsman tərəfindən bütün problemlər aradan qaldırılacaq", - Transparency.az saytındakı hesabatda bildirilir.

"Keçən il ombudsman 12,470 şikayət qəbul edib və bu, bir öncəki ildən 210 ədəd azdır. Şikayətlərin azalması ölkədə insan hüquqlarının vəziyyətinin yaxşılaşmasındanmı xəbər verir, yoxsa bu institutun problemləri həll etmə qabiliyyətinə ictimai etimadın azalmasından - bu barədə mühakimə yürütmək çətindir", təşkilatın əvvəlki hesabatlarında bildirilir.

Qurum Ombudsman institutunun məhdud imkanlara malik olduğunu da bildirir.

"Bu institut öz vəzifələrini yerinə yetirmək üçün nə dərəcədə qənaətbəxş resurslara sahibdir?", bu sualı irəli sürən qrupun rəyinə görə cari büdcə əsas vəzifələri yerinə yetirmək üçün kifayət olsa da, "2011-ci ildən həvalə edilmiş yeni vəzifələrin icrası üçün yetərli deyil".

2011-ci ildə İnformasiya əldə etmək haqqında Qanunda göstərilən tələblərin icrasına nəzarət məqsədilə ombudsman institutuna əlavə səlahiyyətlər həvalə edilib.

"Bu institutun səlahiyyətlərinin artırılması məqsədilə əlavə tədbirlərə ehtiyac duyulur", qurumun hesabatında qeyd olunur.

"Prezidentin səlahiyyətində olan məsələdir"

Millət vəkili Aydın Mirzəzadə isə deyir ki, bu, prezidentin səlahiyyətində olan məsələdir.

"Bu, cənab prezidentin səlahiyyətində olan məsələdir. Digər tərəfdən, Elmira Süleymanova öz vəzifəsinin öhdəsindən gəlir. Əgər cənab prezident təklif edərsə, yeni namizəd məsələsinə baxıb, seçərik", cənab Mirzəzadə deyib.