Qiyas İbrahim gecə kitab oxuduğu üçün "cəzalandırılıb"?

Heykəl məhbusu, Qiyas İbrahim, qiyas, ibrahim, qraffiti

Şəklin mənbəyi, Ramin Deko

Şəklin alt yazısı, "Oğlumu sayımdan sonra bir neçə məhbusla birgə səhər 9-dan, axşam 7-yə kimi ac-susuz, üstü açıq, at tövləsi kimi bir yerdə saxlayıblar", Qiyas İbrahimin anası deyir.

"Penitensiar Xidmət oğlumun hüquqlarının tapdalanması ilə bağlı ölçü götürməsə, beynəlxalq təşkilatlara müraciət edəcəyəm", "heykəl məhbusu" Qiyas İbrahimovun (Qiyasəddin İbrahimov) anası Şura Əmiraslanova BBC News Azərbaycancaya deyib.

Qiyas İbrahim anasının vasitəsilə ictimailəşdirdiyi məktubunda ona "kitab oxumağa icazə verilmədiyini" bildirib.

Penitensiar Xidmət kitab oxumağa qadağa olması iddialarını rədd edib.

23 sentyabrda Qiyas İbrahimov cəzasını çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsində nəzarətçilərin "kitab oxumamalı, yatmalısan" qadağasına əməl etmədiyinə görə müvəqqəti cərimə təcridxanasına "salınıb". Bu iddianı məhbusun anası Şura Əmiraslanova BBC News Azərbaycancaya açıqlamasında səsləndirib.

"Oğlumu sayımdan sonra bir neçə məhbusla birgə səhər 9-dan, axşam 7-yə kimi ac-susuz, üstü açıq, at tövləsi kimi bir yerdə saxlayıblar.

Qiyas da karserdən çıxarılandan sonra cəzaçəkmə müəssisəsinin rəis müavini Şakir Qəniyevlə görüşdə kitab oxuduğuna görə cəza almasına etiraz edib. O, kitab oxumağı qadağan edən qanunun ona göstərilməsini tələb etsə də, rəis müavini ona cavab verməyib", məhbusun anası bildirib.

Şura Əmiraslanova qeyd edib ki, Penitensiar Xidmət bu məsələ ilə bağlı "ölçü götürməsə", beynəlxalq təşkilatlara müraciət edəcək.

"Mənim övladımın həbs olunması azmış kimi, ona indi də kitab oxumaq qadağa qoyurlar", - deyə o əlavə edib.

Müəssisədə "rüşvət olduğunu" iddia edən Qiyas İbrahimin anası Şura Əmiraslanova bildirib ki, cəzaçəkmə müəssisəsində "məhbusların incidilməsi də bununla bağlıdır".

Penitensiar Xidmət nə deyir?

Penitensiar Xidmətdən BBC News Azərbaycancaya irəli sürülən iddiaların "əsassız" olduğunu bildirilib.

"Cəzaçəkmə müəssisələrində mövcud olan daxili intizam qaydalarına görə, gecə saat 10-dan sonra istənilən növ məşğuliyyət qadağandır. Cəzaçəkmə müəssisəsi uşaq bağçası deyil. Qanunla məhbus gecə saat 10-dan səhər saat 6-ya kimi yatmağa məcburdur", Xidmətin sözçüsü Mehman Sadıqov bildirib.

Qiyas İbrahimin "cəzalandırılmasına" gəlincə cənab Sadıqov məhbusun "cərimə təcridxanasına salınmadığını" qeyd edib.

Rüşvət iddiasını cavablandıran Mehman Sadıqov "kimsə rüşvət verdiyini iddia edirsə, müraciət etsin Penitensiar Xidmətə, biz araşdıraq" deyib.

Qiyas İbrahim kimdir və niyə həbs olunub?

NİDA Gənclər Təşkilatının üzvü Qiyas İbrahim 2016-cı ilin mayın 10-da gecə saatlarında təşkilatın digər bir üzvü Bayram Məmmədovla birgə "yoxa çıxıb".

Onların mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı iddia olunub.

Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansurzadə həbslərin məhz qraffitinin çəkilməsilə bağlı olmasından məlumatlı olmadığını deyib.

Baş Prokurorluq açıqlayıb ki, onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb.

Qiyas və Bayram onlara qarşı iləri sürülən həmin ittihamı rədd ediblər.

Gənclərin vəkilə verdiyi ifadələrə görə mayın 10-dan başlayaraq polis bölməsində mütəmadi olaraq işgəncə ilə üzləşiblər.

Ombudsman aparatı 19 may açıqlamasında "gənclərin bədənində işgəncə izləri aşkarlamadığını" bildirib.

Sosial şəbəkələrdə yayılan şəkillərə görə, 2016-cı ilə qədər hər il mayın 10-da təntənəli şəkildə keçirilən Gül bayramı öncəsi Milli Bankın önündə yerləşən parkdakı Heydər Əliyevin abidəsinin üzərinə "Qul bayramınız mübarək" şüarı yazılıb.

Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bayram Məmmədov da eyni müddətə azadlıqdan məhrum edilib.