"Gül bayramına xərclənən pulları camaata ödəsinlər"

Mərhum prezident Heydər Əliyevin anadan olması münasibətilə 2004-cü ildən başlayaraq Azərbaycanda keçirilən Gül bayramı 11 ildən sonra ilk dəfə fərqli formatda keçirilib.

Bu il bayram aprelin əvvəlində təmas xəttində baş verən döyüşlərdə həlak olanların 40 mərasiminə düşdüyü üçün sosial şəbəkələrdə etirazla qarşılanıb və bu səbəbdən də bayramın formatının dəyişdirilməsinə qərar verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə bayram günü müxtəlif rayonlarda ağac və çiçəklər əkilib, iməclik keçirilib, sərgilər təşkil olunub.

BBC Azərbaycanca paytaxt sakinləri və rəsmilərdən bayramın hansı formatda, indiki yoxsa əvvəlki illərdə olduğu kimi keçirilməsini istədiyini soruşub.

Sorğuya qatılan millət vəkili Şəmsəddin Hacıyev hesab edir ki, bayram nə qədər rəngarəng keçsə bir o qədər yaxşıdır.

"Motiv birdir, məqsəd birdir, amma format başqa cür olsa yaxşıdır", o deyib.

Videonu BBC Azərbaycancanın müxbirləri, Elnarə Məmmədova və Günel Səfərova hazırlayıb.