Qatar qəzasından sonrakı Binə: BBC müxbirinin gördükləri

- Müəllif, Cəmilə İbrahimova
- Vəzifə, BBC News Azərbaycanca
Bakının Binə qəsəbəsinin mərkəzindəyik.
Bu həftə burada sərnişin avtobusu qatara çırpılıb, biri məktəbli olmaqla iki insan ölüb. Bəzi yaralılar hələ də xəstəxanadadır.
Binədə hələ də bu qəzadan danışırlar: burada yol qəzaları nadir olmasa da, sərnişin avtobusunun qatarla toqquşması ilk hadisədir deyə müzakirəsi hələ də bitməyib.
Hadisə sərnişin avtobuslarının, qəsəbənin içindən keçən dərmiryolu xəttinin təhlükəsizliyi məsələsini də qabardıb: "Gündə neçə dəfə qatar keçir. Küçəyə çıxmağa qorxuruq. Buna bir əlac çəkmirlər", bizə danışan sakinlər deyir.

Yanımızdan 160 nömrəli avtobus keçir. Qəzada elə bu marşrut xəttində işləyən avtobuslardan biri olub.
Diqqətimizi çəkir ki, dolu avtobusun həm arxa, həm də ön qapısı açıqdır. Yaxınlıqdan keçən digər avtobus da ön qapısını bağlamayıb.
Dəmiryolu xəttinə yaxınlaşanda yolda məktəbliləri görürük. Yolları dəmiryolu xəttinin üstündən keçir.
Uşaqların demək olar ki, heç biri nə sağa, nə də sola baxır, bir-biri ilə zarafatlaşa-zarafatlaşa gedirlər.

"Qatar gəlir"
Avtobusun qatara çırpıldığı yerdəyik. Çox keçmir ki, qatar gəlir. Yolun hər iki tərəfində şlaqbaum var. Şlaqbaum yolu tam qapatmır, yanından rahatlıqla bir neçə avtomobil keçə bilər.
Qatar xəttinin hər iki tərəfində xüsusi sarı geyimli 2 dəmiryolu işçisinin dayandığını görürük. Əllərindəki sarı və qırmızı bayraqlarla sürücülərə və piyadalara "dayan" işarəsi verirlər. Qatar yaxında olsa da, bu əmrə əməl eləməyənlər də var. Qatarın sürəti yüksək deyil, yəqin buna görə də bəzi sürücülər şlaqbaumu keçib qatara yaxın dayanmaqdan "qorxmurlar".
Qatarın axırıncı vaqonu keçiddən ayrılmamış piyadalar dərhal dəmiryol xəttinə sarı addım atırlar. Birinin ayağı büdrəsə və ya qatara ilişsə, sürüklənib gedəcək. Amma kimsə bu detala diqqət yetirmir.
Sakinlərin çoxu dəmiryolu xəttindən şikayət etsə də, ona alışıblar: qatar onlar üçün sadəcə "böyük avtomobil"dir: "Qorxuruq, amma neyləyək. Qəza olanda olur, olmayanda olmur. Bunu bilmək olmaz".

"Avtobuslar qatara yox, qatar avtobuslara yol verir"
Cəmi bir neçə dəqiqə sonra daha bir yük qatarı gəlir. Amma bu dəfə qatar yol nizamlayıcısının "saxla" göstərişinə məhəl qoymayaraq, dəmiryol xəttinə sarı şütüyən avtobuslara yol vermək üçün dayanır.
Adını söyləmək istəməyən dəmiryolu işçisi deyir ki, qəza baş verən gün onun iş növbəsi bitdiyi üçün evə gedib. Danışır ki, həmin gün bir nəfər işləyib.
BBC News Azərbaycanın müxbirləri Binədə olanda 2 yol nizamlayan işçinin işlədiyini müşahidə edib. Ətrafda isə əlavə 3-4 dəmiryolu işçisi həm nəzarət edir, həm də təmir işləri aparırdı.
Amma onlar da narazıdırlar: "Həm sürücülərə, həm də piyadalara nə qədər xəbərdarlıq edirik xeyri olmur, bəzən basıb keçirlər".

"Gündə 4-5 qatar keçir"
Dəmiryolu xətti qəsəbənin ortasından keçir. Ona görə də işlək yoldur.
Gün ərzində isə burdan 4-5 dəfə qatar keçir.
Böyükxanım adlı Binə sakini həm yollardan, həm də dəmiryolu xəttinin təhlükəsizliyindən şikayətlənir: "Təkcə Binədə olan yol qəzaları heç bütün Bakı şəhərində olmur. Sürücüyə şikayət edirəm, deyir ki, xoşun gəlmir, minmə".

Müsahibimiz deyir ki, "Sovxoz" adlanan ərazi maşın sarıdan qələbəlik olsa da, burda yolları tənzimləyən yol işarələri, işıqforlar, yol polisləri yoxdur və bu da yol hərəkətində nizamsızlıq və təhlükə yaradır.
Sonuncu qəza bəzi sakinlərin gözünü qorxuzub, "uşaqları avtobusla harasa göndərməyə qorxuruq" deyirlər.
160 nömrəli marşrut xəttində işləyən sürücülərdən biri deyir ki, qəza hamının başına gələ bilər və hər şeyi sürücünün üstünə atmaq olmaz: "Heç kim istəməz ki, qəzaya səbəb olsun, amma təkcə sürücüləri də günahlandırmaq olmaz".

Sürücü deyir ki, şlaqbaum çox qısadır və onun yanında boş qalan yerdən ən azı bir avtobus rahat hərəkət edə bilir. Dəmiryolu xəttinin yanında işıqfor yoxdur və qəza törədən avtobusun gəldiyi istiqamətdə o qədər tikili var ki, sürücü nə yolu, nə də qatarın gəlişini rahat görə bilmir.
Müsahimiz deyir ki, hər sürücü səhər işə çıxmazdan əvvəl Koroğlu metrosunun yanındakı idarədə tibbi yoxlanışdan keçir. Bu yoxlanışa sürücünün özünü necə hiss etməsi, içkili olub-olmaması daxildir, o əlavə edir. 20-30 gündən bir isə qan analizi alınır, sürücü bildirir.
Amma adının çəkilməsini istəməyən bir dispetçer sürücülərin hər gün yoxlanışdan keçdiklərini desə də, qan analizini cəmi bir dəfə, o da işə qəbul zamanı verdiklərini iddia edir.

Məsləhət verən yol polis özü-öz məsləhətinə əməl etmir?
Binədən "Mərkəz" adlanan yerə gəlirik.
Burada yol polisləri, yolu nəzərdə tutulan yerdən keçməyən piyadaları yaxınlıqdakı piyada keçidinə yönəldirdir. Elə bu zaman diqqətimizi bir məqam cəlb edir: İki polis yolu keçmək üçün piyada keçidindən yox, hərəkətdə olan nəqliyyat vasitələrinin arasından keçirlər...











