Binə qəzası: Şahidlər istintaqda ifadə verir

Bakıda qatarla avtobusun toqquşması ilə bağlı açılan cinayət işində dəmiryolu keçidinin növbətçisi dindirilib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, o, istintaqda şahid kimi dindirilib və sonra sərbəst buraxılıb.
Bazar ertəsi günü günorta saatlarında Xəzər rayonunun Binə qəsəbəsi ərazisində sürücü Əlixan Şirəliyevin idarə etdiyi 160 saylı avtobus qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub.
Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Binədə sərnişin avtobusunun qatarla toqquşmasında daha bir nəfər ölüb, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Bazar ertəsi Bakının Binə qəsəbəsində sərnişin avtobusunun qatarla toqquşmasında daha bir nəfər ölüb və beləliklə, qəzada ölənlərin sayı 2 nəfər olub. Onlardan biri məktəblidir.
Azərtac yazır ki, bazar ertəsi günü günorta saatlarında Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, Əlixan Şirəliyev idarə etdiyi "Daewoo" markalı 160 saylı avtobus qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi araşdırma aparır.
Oktyabrın 1-də Bakının Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub.
Həmin vaxt qəza zamanı bir uşaq həlak olub.
Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya verilən ilkin məlumatda deyilir ki, qəzada azı 34 nəfər yaralanıb.
Nazirliyin məlumatına görə, yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilib.
"Onların bəziləri əməliyyata götürülüb, bəzilərinin müalicəsi aparılır", Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı deyib.
Yaralıların bir neçəsinin aparıldığı Sabunçu rayon xəstəxanasından bildiriblər ki, "ümumi üç nəfər əmaliyyat olunub".
Səhiyyə Nazirliyindən bildiriblər ki, nazir Oqtay Şirəliyevin göstərişi ilə Neyrocərrahiyyənin baş həkimi, uşaq travmatoloqları, nevropotoloqlar Sabunçu rayon xəsətəxanasına ezam olunublar.

Sabunçu xəstəxanasına toplaşan yaralı yaxınları sərnişin avtobuslarından narazılıq ediblər, deyiblər ki, bu, "160 nömrəli avtobus xəttində baş verən birinci qəza deyil".
Zərərçəkmişlərin yaxınları bir nəfərin komada olduğunu söyləyiblər.
Xəstəxanadan BBC News Azərbaycancaya bildiriblər ki, 3 nəfər əməliyyat olunub, 6 nəfər ümumi reanimasiyadadır. Hazırda xəstəxanada ümumilikdə 13 yaralının müalicə aldığı bildirilir.
5 yaralı isə Bakının başqa xəstəxanalarına aparılıblar.
BBC News Azərbaycanca 160 nömrəli marşrut xəttinin sahibi olan "AYŞƏN LTD" şirkəti ilə əlaqə saxlaya bilməyib.

Azərbaycan Dəmir yollarından verilən məlumata görə, "ümumilikdə 34 yaralı var onlardan üçü uşaqdır. Xəsarət alanlardan 2-si Travmatologiya İnstitutuna, 3-ü Kliniki Tibbi Mərkəzə, 28 nəfər isə 3 saylı Sabunçu şəhər Xəstəxanasına yerləşdirilib".
Şahidlər ne deyir?
Hadisə şahidləri danışır ki, "qəzaya səbəb olmuş" avtobus "çox sürətlə" hərəkət edib.
"Şlaqbaum qatarın yaxınlaşmasına 5-10 dəqiqə qalmış bağlanır, ki gözləyin. Avtobus da da gözləməyib keçib", şahidlər BBC News Azərbaycancaya deyib.
Yaralılara yoldan keçən maşınların sürücüləri, Binə sakinləri kömək edərək xəstəxanaya çatdırıblar:
"Binə kəndinin iki təcili yardımı var, biri gəlmişdi, Mərdəkandan gələn isə hələ yolda idi. Yaralılar arasında uşaq çox idi", şahidlər deyiblər.
Onların sözlərinə görə, sərnişinlər müxtəlif xəsarətlər alıblar.
"Marşrut xətti Bakı Nəqliyyat Agentliyini qane etmir"
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev BBC News Azərbaycancaya bildirib ki, 160 nömrəli marşrutda sərnişindaşıma fəaliyyətini "Ayşən" LTD həyata keçirir:
"Hazırda əməkdaşlarımız hadisə yerindədir, araşdırma gedir, nəticələrinə uyğun da qərar veriləcək".
Cənab Ağayev sözügedən marşrut xətti üzrə sərnişindaşımanın Bakı Nəqliyyat Agentliyini "qane etmədiyini" deyir:

"Dəfələrlə bu marşrut xətti üzrə vətəndaşlardan bizə şikayətlər daxil olub. Məhz bu marşrut üzrə sərnişindaşımanın keyfiyyətinin artırılması üçün biz hələ avqust ayının 17-də bu xətti müsabiqəyə çıxarmışıq. Müsabiqə, adətən, iki ay davam edir, hələ ki, bitməyib", Mais Ağayev bildirib.
Azərbaycan Dəmiryolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirovanın sözlərinə görə, "Dübəndi istiqamətinə gedən 12 boş çəndən ibarət 3703 saylı qatar heyəti hərəkətdə olarkən, 10-TG-106 dövlət nömrə nişanlı avtobus qorunan keçiddə bağlı şlaqbaumun önündən keçib lokomotivlə toqquşub".
Sevinc Qədirova deyib ki, "avtobus yol hərəkəti haqqında qanunun 44-cü maddəsini pozub".
O araşdırma getdiyini bildirib.

Yazı yenilənir






