Bakı-Sumqayıt-Bakı qatarlarında individual gediş kartlarının tətbiqinə başlandı

Şəklin mənbəyi, ADY
Azərbaycan Dəmir Yolları QSC bazar ertəsindən etibarən Bakı-Sumqayıt-Bakı qatarlarında standart vaqonlarda gediş haqlarının ödənməsində individual kart sisteminin test tətbiqinə başlayıb.
Bunu BBC News Azərbaycancaya ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.
"Gediş kartları hələlik individualdır. Qiymətlər stansiyalara görə fərqli olacaq. Ola bilsin ki, gələcəkdə bir kartdan bir neçə nəfər istifadə edə bilsin", ADY rəsmisi bildirib.
Biznes sinfində kartların tətbiqinə gəlincə, ADY-nin sözçüsü deyib ki, "hələlik biznes sinfində onun istifadəsi nəzərdə tutulmayıb".
Sevinc Qədirova bildirib ki, "bəzi nüanslara görə" ADY öz kartlarının tətbiqinə qərar verib.
"Qarışıqlıq olmasın deyə, düşündük ki, sırf dəmir yollarının öz kartı olsun".
2015-ci ildə ADY Bakı kartdan istifadə edəcəyi barədə mediaya məlumat vermişdi. Bakıdakı Dəmiryolu Vağzalında isə Bakı Kartın terminalları quraşdırılmışdı.
ADY saytında kartların tətbiqi ilə bağlı verilən məlumatda deyilir ki, "standart vaqona minik kartını əldə etmək üçün iki manat depozit qoyulmalıdır və bir gediş üçün balansda minimum 40 qəpik vəsait olmalıdır.
Kart geri qaytarılarkən onun dəyəri və balansda olan pul tam şəkildə sərnişinə ödənilir.
Kartların istifadəsilə yanaşı, birdəfəlik istifadə üçün biletlərin satışı davam etdiriləcək".





