Bakı Nəqliyyat Agentliyi səkilərin "zəbt olunma" hallarını araşdırır

Şəklin mənbəyi, Bakı Nəqliyyat Agentliyi
Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində səkilərin iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilmə hallarını araşdırır.
Bu barədə agentliyin məlumatında deyilir.
Agentlik bildirir ki, Bakının Səbail, Nəsimi, Yasamal, Binəqədi və Nərimanov rayonlarında səkilərin normalara uyğunluğu təhlil edilib, Nizami rayonu və Qara Qarayev prospektində isə işlər aparılır.
"Müəyyən edilib ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir" - məlumatda deyilir.
Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır.

Şəklin mənbəyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Agentlik müəyyən etdikləri qanun pozuntuları haqda məlumatı rayon icra hakimiyyətlərinə təqdim etdiklərini və bu istiqamətdə konkret addımlar atacaqlarını bildirib.
Təhlükəli və "yoxa çıxmış" dayanacaqlar
Bakı Nəqliyyat Agentliyi bildirib ki, səkilər zəbt olunduğundan bəzi hallarda sərnişinlər dayanacaqlara yaxınlaşmaq üçün yolun hərəkət hissəsinə çıxmalı olurlar. Bu səbəbdən də agentliyin məqsədi "səkilərin piyadalara qaytarılmasıdır".
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Rəsulzadə qəsəbəsində avtobus dayanacağının qeyri-qanuni sökülərək yerində ticarət obyekti tikilməsi barədə məlumat yayıb.
"2017-ci ilin sonlarına qədər burada dayanacaq məntəqəsi mövcud idi. Lakin günün birində ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi".

Şəklin mənbəyi, Bakı Nəqliyyat Agentliyi

Şəklin mənbəyi, Bakı Nəqliyyat Agentliyi
Cənab Ağayev bu kimi halların həm piyadaların, həm də nəqliyyatın hərəkətinə təhlükə yaratdığını bildirib.

Yeni taksi dayanacaqları
Agentliyin sözçüsü Mais Ağayev BBC News Azərbaycancaya bildirib ki, Bakıda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqları ləğv ediləcək.
"Bakı Nəqliyyat Agentliyi paytaxtda 180-ə yaxın taksi dayanacağını yenidən qurmaq istəyir. Məqsəd dayanacaqların ictimai nəqliyyatın hərəkətinə maneə yaratmasını ardan qaldırmaqdır", - o bildirib.










