ABŞ Dövlət Departamenti İlqar Məmmədova qarşı ittihamlara "xitam verilməsinə" çağırıb

ABŞ Dövlət Departamenti Azərbaycanın Apellyasiya Məhkəməsinin ReAl partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılması qərarını alqışlayıb.
Bu barədə məlumat Dövlət Departamentinin sözçüsü Heather Nauert-in çərşənbə günü səsləndirdiyi bəyanatda yer alıb.
Bəyənatda deyilib ki, İlqar Məmmədov beş ildən artıq həbsdə yatıb və onun haqqında olan ittihamlar "Azərbaycanda qanunun aliliyinə dair ciddi narahatlığa səbəb olur".
Dövlət Departamentinin saytında yayılan bəyanatda "Azərbaycan hökuməti İlqar Məmmədova qarşı ittihamlara xitam verməyə, özünün beynəlxalq öhdəliklərini və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyə çağrılıb".
Heather Nauert-in müraciətində "Azərbaycanda öz fundamental hüquqlarını müdafiə etdiyinə görə həbs olunan şəxslərin də azad olunmasına" çağrış edilib.
Bazar ertəsi Şəki Apellyasiya Məhkəməsi ReAl partiyasının sədri İlqar Məmmədov haqqında şərti azadlığa buraxılma qərarı verib.
İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.
İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.
2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.
İlqar Məmmədov ona qarşı iddiaları rədd edir.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014 və 2017-ci illərdə Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə bağlı iki hökm açıqlayıb.
2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilib.
Avropa Şurası Nazirlər Komitəsi, Avropa Parlamenti və digər beynəlxalq hüquq təşkilatları Azərbaycan hakimiyyətini cənab Məmmədovu azad etməyə çağırıb.







