İlqar Məmmədov azadlığa buraxılıb

Şəklin mənbəyi, Avropa Şurası
Şəki Apellyasiya Məhkəməsi ReAl partiyasının sədri İlqar Məmmədov haqqında şərti azadlığa buraxılma qərarı verib, partiya həmkarı BBC News Azərbaycancaya bildirib.
"İlqar Məmmədov haqqında şərti azadlığa buraxılma qərarı çıxarıldı. İki il sınaq müddəti təyin olundu. Ölkədən çıxma qadağası təyin olunub", partiyanın Xarici Əlaqələr Katibi Erkin Qədirli BBC News Azərbaycancaya bildirib.
Cənab Qədirlinin sözlərinə görə, cənab Məmmədov bugün azadlığa buraxmalıdır.
"Bilmirik, bu gün buraxıb bizə verəcəklər, yoxsa özləri Bakıya aparacaqlar. Qanunla bunu etməməlidirlər. Sensasiya odur ki, qərar var. İlqar azadlıqda sayılır. Ancaq qərar bizi qane etmir. Yəqin ki, bundan şikayət veriləcək. Ancaq keçici olaraq, xoş xəbərdir ki, İlqar azadlıqdadır", o əlavə edib.
İlqar Məmmədovun vəkili Fuad Ağayev BBC News Azərbaycancaya bildirib ki, hazırda Şəkidə Penitensiar Xidmətinin binası qarşısında Məmmədovun buraxılmasını gözləyirlər.
Avropa Şurasının Baş Katibi Thorbjørn Jagland da məhkəmənin qərarını münasibətini bildirib.
"Bu gün Şəki Apelyasiya Məhkəməsinin beş ildən artıq həbsə qalmış mühüm insan haqları müdafiəçisi İlqar Məmmədovu azadlığa buraxılması qərarı barədə xəbər xoş qarşılanmalıdır. Biz Avropada siyasi məhbuslar qəbul edə bilmərik. Günahsız insanlar azadlıqlarından məhrum edilməməli və Avropa İnsan Haqları Məhkəməsinin hökmləri icra edilməlidir", Thorbjørn Jagland bəyan edib.
Avropa Şurası İnsan Haqları Komissarı Dunja Mijatovic isə İlqar Məmmədovu azad etməklə yanaşı Azərbaycanı ona qarşı "bütün ittihamları və səyahət qadağasını" aradan qaldırmağa və tənqidi mövqelərinə görə həbs edilən digər məhbusları da azad etməyə çağırıb.
İlqar Məmmədov necə həbs edilib?
Cənab Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.
İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.
2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.
İlqar Məmmədov ona qarşı iddiaları rədd edir.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014 və 2017-ci illərdə Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə iki hökm açıqlayıb.
2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilib.
Avropa Şurası Nazirlər Komitəsi, Avropa Parlamenti və digər beynəlxalq hüquq təşkilatları Azərbaycan hakimiyyətini cənab Məmmədovu azad etməyə çağırıb.

Azərbaycanın insan haqlarına dair problemləri hələ bitməyib
Tural Əhmədzadə, BBC News Azərbaycanca
İlqar Məmmədovun 2013-cü ildə İsmayıllıda baş vermis iğtişaşlardan sonrakı həbsi və 2014-cü ilin mart ayından məhkumluğu Azərbaycan hökuməti üçün beynəlxalq aləmdə böyük baş ağrısına çevrilib.
Avropa Parlamenti, Avropa Şurasının Nazirlər Komitəsi, Avropa Şurası Parlament Assambleyasının İlqar Məmmədovun azadlığa buraxılmasına dair çağırışlarla yanaşı, Avropa İnsan Haqları Məhkəməsi də İlqar Məmmədovun azad edilməsini tələb edib.
İlqar Məmmədovun işi və QHT-lərin fəaliyyətinə dair digər narahatlıqlar Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) təşkilatının üzvlüyündən çıxarılmasına da səbəb olub.
İlqar Məmmədov həbsdə olarkən buna xüsusi diqqət yetirərək, açıq məktubla beynəlxalq maliyyə institutlarına Azərbaycanın enerji layihələrinə yalnız insan haqları vəziyyətinin yaxşılaşdırılması şərtilə dəstək verməyə çağırıb.
Azərbaycan hökuməti və nümayəndələri indiyədək bu tənqidləri Azərbaycana qarşı "ayrıseçkilik" və "təzyiq vasitəsi" olaraq qiymətləndirib. Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin sədri Səməd Seyidov bu tənqidləri "Azərbaycana...həm də Avropaya qarşı işləyən qüvvələr"in təşkil etdiyini iddia edib.
Amma bu təzyiqlərə baxmayaraq Avropa İttifaqının icraçı qurumu olan Avropa Komissiyası (AK) Azərbaycanın enerji layihələrini tam dəstəyini verməyə davam edib və Avropa İnvestisiya Bankı ilə birlikdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da Cənub Qaz Dəhlizinə daxil layihələri maliyyələşdirməkdən çəkinməyib.
Lakin Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hələ də İlqar Məmmədovun hökmünün icrasına baxmaqdadır. Sentyabr ayından etibarən Avropa qurumları bir daha tam fəaliyyətə qayıdacaq və AŞPA-da Azərbaycanda Siyasi Məhbuslar üzrə yeni təyin olunmuş məruzəçi də öz işinə başlayacaq.
Bu müddətdə İlqar Məmmədov Azərbaycanda insan haqları vəziyyəti barədə narahat olanlar üçün bir simvola çevrilib, lakin Avropa liderləri Azərbaycanla əlaqələrində indiyədək olduğu kimi enerji sahəsində əməkdaşlıq və ticari əlaqələri insan haqlarına dair narahatlıqlardan üstün tutduqlarını bir daha nümayiş etdiriblər.







