AİHM ReAl sədri İlqar Məmmədovla bağlı ikinci qərarını açıqlayıb

Şəklin mənbəyi, Avropa Şurası
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ReAl sədri İlqar Məmmədov barədə özünün ikinci qərarını açıqlayıb, bu barədə qərar qurumun saytında yerləşdirilib.
İlqar Məmmədovun vəkili Fuad Ağayev qərarı şərh edərək BBC Azərbaycancaya deyib ki, qərar, ümumilikdə, müsbətdir və bundan əvvəlki qərarla bir konteksdə götürəndə, əlbəttə ki, İlqar Məmmədovun dərhal azad edilməsini sürətləndirməlidir.
"AİHM, İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın Ədalətli Məhkəmə Araşdırması hüququnun pozulmasını (6-cı maddə) birmənalı müəyyən edib. O cümlədən, tərəflərin hüquq bərabərliyi çəkişmə prinsipinin ciddi şəkildə pozulması, müdafiə tərəfinin vəsatətlərinin qəbul edilməməsi, İlqar Məmmədovun xeyrinə ifadə verən şəxslərin ifadələrinin əsassız olaraq rədd edilməsi, məhkəməyə təqdim olunan video yazıların, obyektiv sübutların dəyərləndirilməsindəki xətalar bu məhkəmənin qərarında öz əksini tapıb".

Həmçinin oxuyun:
- Avropa Şurasından İlqar Məmmədov barədə Azərbaycana xəbərdarlıq
- AŞPA: Azərbaycanda demokratik qurumların fəaliyyətinə və insan haqlarına dair iki qətnamə qəbul edildi
- Kommisar Muiznieks Azərbaycanı fəalları və bloqerləri azad etməyə çağırıb
- Səməd Seyidov AŞPA-ya: "Niyə bir ölkə ilə belə, bizimlə başqa cür danışılır?"

Vəkil onu da bildirib ki, məhkəmə Konvensiyanın "Səmərəli hüquq mudafiə vasitəsi" və "Ayrıseçkiliyə yol verilməməsi" kimi maddələrə baxmağa ehtiyac bilməyib.
İlqar Məmmədovla görüşən vəkil bildirib ki, bu qərar barədə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasına müraciət edilməsi istisna deyil.
"Bugün bu qərarı İlqar Məmmədovla qısaca müzakirə etdik. Hələ tam şəkildə tanış olmamışıq, 71 səhifədən ibarət qərardır. Mən istisna etmirəm ki, biz Böyük Palataya müraciət edəcəyik, çünki hesab edirik ki, Konvensiyanın 18-ci maddəsi (hüquqlara məhdudiyyətin qeyri-legitim məqsədlə qoyulması) də 6-cı maddə ilə birgə götürüldükdə pozulub və həmin məsələyə də məhkəmə baxmalı idi. Məhkəmə həmin məsələyə, eləcə də 14-cü maddə ilə bağlı baxmaqdan yayınıb və buna görə də biz ola bilər ki, bu işlə bağlı Böyük palataya müraciət edək."
AİHM-in qərarı qəbul edildikdən sonra, tərəflərdən heç biri, nə ərizəçi, nə də hökümət Böyük Palataya müraciət etmirsə, həmin qərar qüvvəyə minir. Böyük Palataya müraciət edildikdə isə iş, baxılması üçün beş nəfərdən ibarət kollegiyaya verilir. Bu kollegiyanın qərarından sonra müraciətə Böyük Palatada baxıla bilər.
REAL Hərəkatının sədri haqqında AİHM-in ilk qərarı 22 May 2014-cü il tarixində açıqlanıb.
Cənab Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.
İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.
2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.
İlqar Məmmədov ona qarşı iddiaları rədd edir








