"Tövsiyələr verilib ki, işçilər dərmanlanan sahəyə neçə gündən sonra girsin"

Tərtər rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mehman Babayev BBC News Azərbaycancaya deyib ki, dərmanlama prosesində alaq otlarına qarşı formula super adlı dərman və zərərvericilərə qarşı istifadə olunan heqplan dərmanlarından istifadə olunub.
O, həmin ərazinin "Azərpambıq" şirkətinə aid olduğunu deyib və əlavə edib ki, sahə özəl şirkətə aid olduğu üçün dərmanlama prosesinə də özü nəzarət edir.
Mehman Babayev deyir ki, əvvəlki illərdə rayonda kütləvi zəhərlənmə halları baş verməyib. Ona görə də ilk kütləvi zəhərlənmə hadisəsindən sonra rayon mərkəzində fermerlər, bələdiyyələr və şirkətlərə tövsiyələr və maarifləndirici məlumatlar verilib.
"Belə maarifləndirici tədbirlərdə mütəxəssislər tövsiyələr verib ki, hansı dərman preparatlarından necə istifadə olunsun, işçilər dərmanlanan sahəyə neçə gündən sonra girsin", - o söyləyib.
BBC News Azərbaycanca "Azərpambıq"la əlaqə saxlamağa cəhd göstərir.
Tərtərin Xoruzlu kəndində pambıq tarlasında zəhərlənənlər arasında 8 uşaq var.
İyunun 20-də Tərtərin Xoruzlu kəndində pambıq tarlasında 19 nəfər zəhərlənib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi BBC News Azərbaycancaya bildirib ki, onlardan 8-i azyaşlıdır.
"Zəhərlənənlər qusma və halsızlıq əlamətləri ilə Yevlax rayonunun Qaramanlı kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzinə gətirilib və onlara ilkin yardım göstərilib. Daha sonra pambıqçılar günorta radələrində qusma, halsızlıq simptomları ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına gətirlib".
Agentlik bildirib ki, bundan başqa əvvəl eyni simptomlarla bayram günlərində xəstəxanaya müraciət etmiş 6 nəfər təkrar olaraq xəstəxanaya gəlib.
Qurumun məlumatına görə, müalicə olunan şəxslər Yevlax, Goranboy və Kəlbəcər rayonlarının sakinləridir.

"Ümimilikdə müalicə alan 25 nəfərdən 2-si evə buraxılıb, 23 nəfərin müalicəsi terapiya şöbəsində davam etdirilir. Hazırda müalicə alan bütün xəstələrin vəziyyəti qənaətbəxşdir", - agentlik bildirib.
Xəstəxanada müalicə alan şəxslərə ilkin diaqnozun qoyulması məqsədi ilə onların analiz nümunələri Respublika Toksikologiya Mərkəzinə göndərilib.
İki gün öncə İmişlidə 110 nəfər zəhərlənmə ilə İmişli xəstəxanasına aparılmışdı.
Bundan əvvəl isə Saatlı, Tərtərdə də oxşar hadisə baş vermişdi.
İşçilərin pambıq tarlasında zərərvericilərə qarşı səpilən kimyəvi dərmandan zəhərləndiyi deyilir.









