Saatlıda tarlada zəhərlənmə: Komissiya yaradılıb

Saatlıdakı pambıq tarlasında baş verən zəhərlənmə ilə əlaqədar komissiya yaradılıb.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Saatlıda pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar olaraq müvafiq qurumların da iştirakı ilə komissiya yaradıldığını bildirib: "Hazırda dəqiq diaqnoz qoyulmayıb. Ehtimal olunur ki, bu hadisə pestisid, yaxud qida zəhərlənməsindən baş verə bilər", o, AZƏRTAC-a açıqlamasında deyib.
Saatlıda pambıq tarlasında zəhərlənənlərdən 4-nün vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasında aparılan zəhərlənən pambıqçılara görə Bakıdan həkim briqadası ora ezam olunub.
Nazirliyin rəsmi məlumatında o da deyilir ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin durumu qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb. Digərlərinin müalicəsi davam edir.
Saatlı rayon icra hakimiyyətindən isə bildiriblər ki, zəhərlənənlər arasında uşaq yoxdur.
İcra başçısının müavini Reyhan Orucova BBC News Azərbaycancaya deyir ki, zəhərlənməyə səbəbin tarlanın dərmanlanması olduğu ehtimal olunur, amma hələ dəqiq səbəb araşdırılır.
Həftənin bazar günü Saatlıda pambıq tarlasında işləyən 24 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Sabirabad rayon prokurorluğundan BBC News Azərbaycancaya bildiriblər ki, işçilər rayonun Nəsimi kənd sakinləri olub, Saatlıda pambıq tarlasında çalışıblar.
Saatlı rayon polis idarəsindən BBC News Azərbaycancaya bildiriblər ki, pambıq tarlasında alaq otlarına qarşı kimyəvi maddə vurulub və 15 gündən sonra tarlaya girmək lazımmış, işçilər isə 3-4 gün sonra tarlaya giriblər və zəhərləniblər.
Saatlı prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.








