Vəkillər Kollegiyası niyə İradə Cavadovanı vəkillikdən uzaqlaşdırmaq istəyir?

İradə Cavadova
Şəklin alt yazısı, İradə Cavadova

"Vəkil İradə Cavadova etik prinsipi pozub, ona görə də onun işinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub", Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyir.

Vəkillər Kollegiyası Rəyasət Heyəti iyunun 11-də daha çox mülkiyyət hüquqlarının müdafiçisi kimi tanınan İradə Bağırovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib.

İradə Cavadova isə düşünür ki, Vəkillər Kollegiyası Rəyasət Heyəti ona qarşı "qərəzli davranıb".

Anar Bağırov deyir ki, İradə Cavadovadan onlara bir nəfər şikayət edib: "İradə Cavadovanın işində kollegiyaya müraciət nə Daxili İşlər Nazirliyindən, nə də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olub, şikayət vətəndaşdan gəlib".

BBC News Azərbaycancaya açıqlamasında sədr vurğulayır ki, Vəkillər Kollegiyasında etik davranış qaydalarına əvvəllər bu qədər ciddi fikir verilmirdi, dekabr ayından isə yeni etik davranış qaydaları əsasnaməsi təsdiq edilib.

Vəkillər Kollegiyasının İntizam Komissiyanın rəyində İradə Cavadovanın şikayətçi barəsində məlumatları mətbuat vasitəsilə kütləvi şəkildə yaymaq və bu məlumatların yalan olduğunu bilməsinə baxmayaraq, öz bəyanatını da təkzib etməməsi göstərilib.

"Vəkilin öz müvəkkilinə işgəncə verildiyini deməsi cinayət sayılır"

BBC News Azərbaycancanın "Müvəkkilinin hüquqları pozularsa və vəkil bunu ictimailəşdirərsə, bu, etik pozuntumu sayılır" sualının cavabında Anar Bağırov bildirib ki, vəkil hüququnu müdafiə etdiyi adamın hüququnun pozulduğunu deyirsə, bu etik pozuntu deyil, "amma burada bir neçə məsələ" var.

"Birincisi, bunun ictimailəşdirilməsini müvəkkil özü istəməlidir, ikincisi, bunu deməyə görə heç bir məsuliyyət olmur, biz heç bir vəkili söz deməyə görə məsuliyyətə cəlb etməmişik. Biz vəkili ona görə məsuliyyətə cəlb edirik ki, vəkil onun müvəkkilinə qarşı işgəncə törədildiyini iddia edir. Biz də deyirik, sübut elə ki, işgəncə var".

Anar Bağırov

Şəklin mənbəyi, AzərTAG

Şəklin alt yazısı, Anar Bağırov

Anar Bağırov hesab edir ki, vəkilin öz müvəkkilinə işgəncə verildiyini deməsi cinayət sayılır.

"Əgər hansısa orqanda vətəndaşa işgəncə verilirsə, demək orada işləyən adamlar ağır cinayət törədirlər. İndi sübut et ki, orada cinayət törədilib, prokurorluğa müraciət elə, məhkəməyə ver, ekspertiza təyin eləsinlər, işgəncə faktını sübuta yetirsinlər, ondan sonra o bəyanatı ver", Vəkillər Kollegiyasının sədri belə deyir.

"Bəlkə məhbus yalan məlumat yayır"

Anar Bağırovun sözlərinə görə, təmsil etdiyi qurum vəkilin məsuliyyətli olmasını istəyir.

"Bəlkə hansısa məhbus bu məlumatı yalandan yayır. Bəlkə onun məqsədi odur ki, hansısa siyahıya düşsün. Bəlkə hansısa beynəlxalq təşkilat onu siyahısına alacaq və onun da məsuliyyəti azalacaq".

Cənab Bağırov bildirir ki, vəkil məlumatı yoxlamadan yaymamalıdır, qanuni yollarla araşdırandan və təsdiqini tapandan sonra "bunu ictimailəşdirə bilər".

"Guya mənim müvəkkilimlə müqaviləm olmayıb"

Vəkil İradə Cavadova isə qurumun ona qarşı "qərəzli qərar" çıxardığını deyir. Onun sözlərinə görə, müvəkkilinin xəbəri olmadan hər hansı məlumat yaymayıb: "Müvəkkilimin anası mənə müraciət etmişdi, mən bütün lazımi qanuni prosedurlara əməl etmişəm".

İradə Cavadova BBC News Azərbaycancaya deyir ki, o, müvəkkili ilə bağladığı müqaviləni Vəkillər Kollegiyasına təqdim edib: "Müvəkkilim şikayət edib ki, guya mənim onlarla müqaviləm olmayıb".

Vəkil bir neçə gün qabaq daxili işlər naziri Ramil Usubova hüquqlarını müdafiə etdiyi bir qadının qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması, orda saxlanması və müdafiəçisi olmadan dindirilməsi ilə bağlı şikayət edib. Vəkilin nazirə müraciəti mətbuatda yayılıb.

İradə Cavadova deyir ki, o Vəkillər Kollegiyasının iddiaları ilə razılaşmır və məhkəmədə öz hüquqlarıı müdafiə edəcək.

İradə Cavadova vəkillərin 2017-ci ilin dekabrında keçirilən son konfransına qədər Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olub.

Son illərdə bir neçə tanınmış vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev də var. Yalçın İmanovdan başqa, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.

Vəkillər hesablar edirlrər ki, onlar müvəkkillərin üzləşdiyi qanun pozuntularını ictimailəşdirdikləri üçün "cəzalandırılıblar".

Vəkillər Kollegiyası isə bu iddialarla razılaşmır, onları etik prinsipləri pozmaqda ittiham edir.