Göyçay: "Uçan körpünün yanında müvəqqəti yol salınacaq"
Göyçay çayı üzərində, iyunun 2-si uçan körpünün yanında yolun salınmasına sel sularının səviyyəsi aşağı düşən kimi başlanacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir.
Qurumun məlumatına görə, müvəqqəti yol mövcud körpüdən təqribən 200 metr aralıda salınacaq.
"Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər", qurum bildirib.
Agentlik piyadaların hərəkəti üçün köhnə asma körpüdə təmir-bərpa işlərinin aparıldığını və təhlükəsiz olduğunu deyir.
Göyçay sakinləri BBC News Azərbaycancaya bildiriblər ki, hələ də rayonda təbii qaz bərpa edilməyib.

Şəklin mənbəyi, Sakinlər
Ötən gün gecə saatlarında sel sularının artmasından sonra Göyçay çayının məcrasının yüksəlməsi şəhərin mərkəzində olan piyada körpüsünü tamamilə, avtomobil körpüsünün isə bir hissəsini uçurub.
Bu barədə BBC Azərbaycancaya Göyçay icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi Rəşad Şükürov məlumat verib.
Onun sözlərinə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun keçdiyi körpünun Şamaxı istiqamətində olan hissəsini sel suları tamami ilə yuyub aparıb, asfalt qatı dağılıb.
Göyçay sakini Sadiq Əliyev deyir ki, şəhərin iki hissəsi arasında əlaqə kəsilib.
"İyunun 2-si axşam piyada körpüsü, 7-dən sonra isə avtomobil körpüsü dağıldı. Avtomobil körpüsünün Bakıdan gələn istiqamətində asfalt örtüyü dağılıb. İndi sakinlər Məmmədrəşid deyilən yer var, ordan istifadə edib şəhərə gəlirlər"-Sadiq Əliyev deyir.
Onun sözlərinə görə, qaz hələ də yoxdur, amma işıq, su, internet bərpa olunub.
Sadiq Əliyev deyir ki, "insanlar aşan körpüdən yuxarı hissədə olan piyada körpüsünü istifadə edir, amma o da qəzalı vəziyyətdədir".
Göyçay sakini bildirib ki, "körpünün yanında iki mərtəbəli 14 mənzilli binada da çatlar əmələ gəlib".
"Alternativ yol çəkiləcək"

Şəklin mənbəyi, Sakinlər
Göyçay rayon icra hakimiyyətinin nümayəndəsi Rəşad Şükürov BBC Azərbaycancaya bildirib ki, hazırda fəaliyyət göstərən komissiya çayın azsulu hissəsindən alternativ yolun çəkilməsi ilə bağlı tədbirlər planlaşdırır.
Rəşad Şükürovun sözlərinə görə, bir evin əhalisi evakuasiya olunub və 14 mənzilli yaşayış binasının sakinlərinə xəbərdarlıq olunub. "Təhlükə ehtimalı olduqda ordan əhalinin köçürülməsi təmin ediləcək", o deyir.
Ərazi nümayəndəsi əlavə edib ki, alternativ yol Ucar istiqamətindədir və məsafəni 60-70 km uzaqdır.
Onun sözlərinə görə, "şəhərin hər iki hissəsində ərzaq və çörək təminatı ilə bağlı bütün tədbirlər görülüb, ərzaq təchizatında problem yoxdur".
Rəşad Şükürov onu da bildirib ki, qaz xətti qəzalı olduğundan şəhər hissəsində yaşayan 3300-ə yaxın əhalinin qazı kəsilib.
İcra hakimiyyətinin nümayəndəsi deyir ki, çayda suyun səviyyəsi bir az azalıb və Nazirlər Kabineti və digər aidiyyatı qurumlara müraciət olunub.








