Azərbaycanda güclü yağışlar nəticəsində 360-dan çox adam təxliyə edilib, evləri su basıb
Oktyabrın 4-ü və 5-də Azərbaycanın cənub bölgəsində sel suları altında köməksiz qalan 360-dan çox adam təxliyə edilib, Fövqəladə Hallar Nazirliyi bildirir.
İki-üç gündür aramsız yağan yağışlar ölkənin cənub regionunda bir sıra problemlər yaradıb.
Yağış suları evlərin zirzəmisinə dolub, əkin sahələrini yuyub, Masallının Boradigah kənd sakini Ədalət Əhmədov BBC Azərbaycancaya deyir.
Onun sözlərinə görə, evləri su basıb, təsərrüfata ziyan vurub.

Şəklin mənbəyi, Boradigah sakinləri
"Toyuq-cücəni sel aparıb, evlərdə çat yaranıb. Elə indi mən özüm həyətin suyunu boşaltmağa çalışıram".
Ədalət Əhmədov deyir ki, işlədiyi məktəb binasının arxasını da su basıb:

Şəklin mənbəyi, Boradigah sakinləri
"Amma bu gün yaxşıydı, dərs keçmək mümkün oldu. Çayın mənsəbini açmasaydılar, kəndi sel aparardı. Dünən orda işlədilər".
Boradigah kənd ərazi nümayəndəsi Fərrux Cəfərov BBC Azərbaycancaya deyir ki, hazırda su dolmuş həyətlərdə suyu boşaltmağa çalışırlar:
"Hələ ki, nə qədər evə ziyan dəydiyini hesablamamışıq. Evlərin birinci mərtəbəsinə qədər su dolub, ikinci mərtəbə nəm çəkib".
Fərrux Cəfərov deyir ki, kəndin kanalizasiya sisteminin aramsız yağan yağış sularını götürməyə gücü çatmayıb, ona görə də belə fəsadlar yaranıb.
"Cənub xəbərləri" saytının redaktoru Zahir Əmənov deyir ki, aramsız yağışlar təkcə Masallıda yox, bölgədə ciddi fəsadlar yaşadıb:
"Lənkəranda, Astarada da küçələr, evlər suyun içində olub, Yardımlıda bir maşını sel aparıb. İçindəkilər xilas olub, amma maşından hələ xəbər yoxdur".

Şəklin mənbəyi, Boradigah sakinləri
Zahir Əmənovun sözlərinə görə, Astara çayı boyunca yerləşən kəndlər də çayın daşmasından zərər çəkib:
"Yerli məmurlar bizə bildirdilər ki, onlarla ailəni qayıqlarla təxliyyə ediblər. Əslə kəndində güclü sel körpünü yuyub aparıb".
Fövqəladə Hallar Nazirliyi oktyabrın 4-5-də gecə saatlarında cənub rayonlarında müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 360-dan çox adamı təhlükəsiz yerlərə təxliyə edib.
Nazirliyin yaydığı məlumata görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb, Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələrin yağış suları ilə dolduğunu bildirir.
Fövqəladə Hallar Nazirliyi yağıntıların törətdiyi fəsadları aradan qaldırmaq üçün bölgəyə canlı qüvvə və texnikasını cəlb edib, qurum bildirir.
Nazirlik xilasetmə işləri ilə bağlı əlavə məlumat yayacağını bildirir.







