Azərbaycan: 100 fəal daxili işlər naziri Ramil Usubova müraciət etdi

AXC, 100 il, istiqlal abidəsi, Yürüş, Xədicə İsmayıl, Cəmil Həsənli, Azər Qasımlı, 100 nəfərin imzasıyla məktub
Şəklin alt yazısı, Fəallar Cümhuriyyətin 100 illiyi münasibətiylə İstiqlal abidəsini ziyarət edib

Vətəndaş cəmiyyətinin 100 fəalı bir neçə gün öncə müxtəlif ittihamlarla saxlanmış bəzi ReAL üzvlərinin həbsi ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.

DİN nazirə edilən müraciətlə bağlı mövqeyini açıqlamayıb.

Onlar məktubda göstəriblər ki, həbs olunan şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə mayın 28-də Bakı küçələrində yürüş keçirməsi ilə bağlı saxlandığını düşünür və irəli sürülən ittihamları əsassız sayırlar.

Məktubda nazirə müraciət olunaraq deyilir: "Əgər 100 il bundan öncə müsəlman Şərqində yaradılan ilk demokratik respublikanın yaranmasının 100-cü ilini bayram əhvalında qeyd etmək, üçrəngli Azərbaycan bayrağı ilə gəzmək hüquq pozuntusu sayılırsa, bizi də buna görə məsuliyyətə cəlb etməyinizi xahiş edirik".

Məktubu imza edənlər bildirir ki, saxlananlar müxtəlif inzibati pozuntularda, xüsusi ilə də "ünvansız söyüş söymək", "küçələri zibilləmək" kimi pozuntularda ittiham edilirlər:

"Həmin şəxslərin həbsi üçün rəsmi şəkildə qeyd olunan bəhanənin uydurma olduğuna, onların bayram tədbirində iştiraka görə cəzalandırıldığına heç bir şübhəmiz yoxdur"- nazirə ünvanlanmış məktubda belə deyilir.

Məktubu imzalayanların bəzisi bu gün müraciəti çatdırmaq üçün DİN-in qarşısına toplaşıb. Məktubu imzalayanlardan biri Elman Fəttah BBC News Azərbaycancaya bildirib ki, onlar məktubu DİN-in poçt qutusuna atıblar.

Daxili İşlər Nazirliyindən fəalların məktubu ilə əlaqədar şərh almaq mümkün olmayıb.

Mayın 28-də Bakının mərkəzində AXC-nin 100 illiyi münasibətilə ReAL Partiyasının üzvləri, ayrı-ayrı fəalların iştirakı ilə yürüş keçirilib.

ReAL partiyası Ali Məclisinin üzvü Azər Qasımlı, Elmin Həmzə, Nəriman İsmayılova, Ərəstun Baxışəliyevə 25-35 sutka həbs cəzası verilib. Onlar polisə tabe olmamaqda ittiham ediliblər.