İlham Əliyev Bərdədə yeni iş yerlərindən danışıb

Şəklin mənbəyi, Prezident.az
"Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin".
Bunu ölkə prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı deyib.
"Biz bütün bunlara məqsədyönlü tədbirlər nəticəsində nail olmuşuq. Bir daha demək istəyirəm, əgər pambıqçılığa dövlət dəstəyi göstərilməsəydi, biz buna nail ola bilməzdik", prezident deyib.
O deyib ki, "biz pambıqçılığı Azərbaycanda bərpa edirik".
Pambıqçılıq niyə tənəzzülə uğrayıb?
Cənab Əliyev müşavirədə pambıqçılığın Azərbaycanda niyə tənəzzülə uğramasından danışıb.
O deyib ki, 1970-1980-ci illərdə Azərbaycanda pambıqçılığa çox böyük diqqət göstərilib və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılıb.
Lakin sonrakı dövrdə daha çox ərzaq təhlükəsizliyi məsələlərilə məşğul olmağa başlanıldığı üçün pambıqçılığın əkin sahələri azalıb.
Prezidentin sözlərinə görə, pambıqçılığın tənəzzülü həm də fermerlər və pambıqçılıqla məşğul olan özəl şirkətlərdən də aslı olub.
"...hesab olunurdu fermerlər özləri bilər nə əkər, nə biçər. Bu sahəyə böyük dövlət dəstəyi də göstərilmirdi. O ki qaldı pambıqçılıqla məşğul olan özəl şirkətlərə, onlar da lazımi səylər göstərməmişlər, pambıqçılığa lazımi səviyyədə fikir verməmişlər, lazımi həcmdə sərmayə qoymamışlar və tədricən Azərbaycanda pambıqçılıq məhv olub gedib".

Şəklin mənbəyi, Prezident.az
Yeni iş yerləri
2015-ci ili Azərbaycanda pambıqçılıq tarixində ən acınacaqlı il adlandıran cənab Əliyev həmin ilin sonundan bu sahə ilə planlı şəkildə məşğul olmağa başladıqlarını deyib.
"İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil. Bu gün biz gələcəkdə pambığın tədarükünü artırmaq üçün görüləcək işlər haqqında danışacağıq", o bildirib.
Ölkə başçısı pambıqçılığın inkişafı ilə ölkədə on minlərlə yeni iş yeri yaradıldığını da qeyd edib. Onun sözlərinə görə, son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır.

Həmçinin bax:

İlham Əliyev Azərbaycanın ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özünü tam təmin etdiyini də deyib.
Onun sözlərinə görə, ölkədə ət istehsalı təxminən 100 faizə yaxındır, süd istehsalı təqribən 80-85 faizdir.
"Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik", o deyib.
Məhsuldarlığı artırmaq
Bundan başqa prezident qeyd edib ki, Aəzrbaycanda artıq pestisid istehsal edilir. Həmçinin bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq, Azərtac dövlət agentliyi yazır.
Prezident Mingəçevir şəhərində Yüngül Sənaye Parkınn yaradıldığını və parkın iki yeni müəssisəsinin fəaliyyətə başladığını vurğulayıb.
O, həmin müəssisələrdə 700-dən çox insanın işlədiyini və 20 min ton iplik istehsal olunacağını bildirib.
İlham Əliyev növbəti illərdə əsas vəzifənin pambıqçılığın məhsuldarlığının artırılması olacağını deyib.
Onun sözlərinə görə, 2016-cı ildə təqribən 90 min tona yaxın, 2017-ci ildə isə 207 min ton pambıq yığılıb.
Prezident məhsulun həcmini "böyük" adlandırsa da, hektardan məhsuldarlıq lazımi səviyyədə olmadığını da deyib.









