İlham Əliyev: "Azərbaycanın qarşısında heç bir maliyyə problemi yoxdur"

Şəklin mənbəyi, AzerTAG
"Azərbaycanın qarşısında heç bir maliyyə problemi yoxdur", ölkə başçısı İlham Əliyev Ağcabədi sakinləri ilə görüşündə deyib.
Noyabrın 28-də prezidentin Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfəri başlayıb. O, rayonlarda yerli ictimaiyyətlə görüşlərində bildirib ki, Azərbaycan iqtisadiyyatı güclüdür, "ona görə bu il və növbəti illərdə sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər görüləcək".
İlham Əliyevin sözlərinə görə, regionda pambıqçılığı inkişaf etdirmək yenə də hökumətin əsas hədəflərindən biridir və pambıq tədarükünü 200 min ton və ondan yuxarı qalxmasına çalışırlar:
"Mənə verilən məlumata görə, indi 20 min insan pambıqçılıq sahəsində işləyir, hər gün əməkhaqqı alır, evinə pul aparır, həm dövlətə, həm özünə xeyir verir və ölkəmiz də inkişaf edir".
Prezident son illərin iqtisadi cəhətdən asan olmadığını etiraf edib, amma bu ili uğurlu qiymətləndirib:
"Təbii ki, neftin qiymətinin aşağı düşməsi, dünyada gedən iqtisadi-maliyyə böhranı bizə də təsir etdi. Ancaq hesab edirəm ki, biz bu sınaqdan şərəflə çıxdıq. Heç bir sosial proqramı ixtisar etmədik, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapdı".
İlham Əliyev deyib ki, "hətta böhranlı illərdə də" idman sahəsinə investisiya qoyulub, xəstəxanalar açılıb.
Prezidentin sözlərinə görə, gələn il altı yeni mərkəzi rayon xəstəxanasının açılacağı gözlənir. O vurğulayıb ki, "Azərbaycan, yeganə ölkədir ki, burada hər bir vətəndaş dövlət hesabına ildə bir dəfə pulsuz müayinədən keçir".
İlham Əliyev bildirib ki, bölgələrdə sənaye məhəllələrinin yaradılması prosesinə başlayıblar və artıq bir neçə rayonda belə struktur qurulub. O, dördüncü sənaye məhəlləsinin Sabirabadda yaradılacağını deyib.






