"Uyğurlara deyin ki, geri qayıtmasınlar". Çinin Sincan bölgəsində nə baş verir?

qrafika
    • Müəllif, Aysımbat Tokoyev
    • Vəzifə, BBC

...Mənə etibar oluna biləcəyini anlayanda, Şəhriyar şəhadət barmağını sanki ekran üzərində, yuxarıdan aşağıya doğru gəzdirərək "təyyarə rejimini qoş" jestini göstərir və deyir: "Telefonu burada qoyun" və biz daha uzağa gedirik...

Çin Qazaxıstan vətəndaşları üçün vizaları ləğv edib Sincan sərhədlərini açanda, təkcə xaricdə yaşayan uyğurların qohumlarına deyil, xarici tədqiqatçılara da bölgəyə qayıtmaq imkanı verildi. Onlar deyirlər ki, Sincandakı zahiri rahatlığın arxasında tam nəzarət dayanır, sakitlik isə qorxu və kütləvi repressiyalarla "yenidən tərbiyələndirmə" düşərgələri xatirələrinə əsaslanır.

Qazaxıstandan olan etnik uyğur Şəhriyar* vizasız rejimdən istifadə edərək, doqquz ildə ilk dəfə SUMR-a (Çinin Sincan-Uyğur Muxtar Rayonu) gedə bilib. İndi o, BBC-yə Sincanda gördüklərini və son səfərindən sonra nələrin dəyişdiyini danışır.

Sonra başqa bir şəhərdə də oxşar vəziyyət olub... O, telefonda təyyarə rejiminə keçmək üçün eyni jesti göstərir: "Gəlin yardım otağında danışaq..."

Sincan dünyaya açılıb və fəal şəkildə xarici turistləri (əsasən Çinin digər yerlərindən gələn) qəbul edir. Bununla belə, hələ də uyğurların necə yaşadıqlarını anlamaq çətindir. Şəhərlərdə nəzarət-buraxılış məntəqələri yoxa çıxıb, ziyarətçilər şəhərlərin dinc və rahat göründüyünü qeyd edirlər. Lakin bu zahiri sakitlik yüzlərlə təhlükəsizlik kameraları ilə izlənilir, yerli sakinlər isə yad adamlardan çəkinirlər və ya monoton ifadələrlə partiya və Çin hökuməti sayəsində həyatlarının necə yaxşılaşdığı barədə danışırlar.

Müşahidələr və telefonsuz nadir söhbətlər göstərir ki, heç də düşərgəyə düşənlərin hamısı evə qayıtmayıb, uyğur və digər milli azlıqların uşaqları bir-biri ilə çin dilində danışır, məscidlər açılsa da, artıq dolu olmurlar.

"Sincana xoş gəlmisiniz!"

İpərxan* Sincanın inzibati mərkəzi Urumçiyə 2024-cü ilin əvvəlində uçub. O, uyğurların və bölgənin tarixini öyrənir və bu səfər onun çoxdankı arzusu idi.

Urumçidə İpərxanın gözünə böyük turist dəstələri dəyməyib. Hava limanında o, tək-tük əcnəbilərdən biri idi. Səfərin məqsədinin "turizm" olduğunu aydınlaşdırdıqdan sonra onu heç bir əlavə yoxlama keçirmədən və sorğuya tutmadan buraxıblar.

COVID məhdudiyyətləri götürüldükdən sonra əcnəbilər üçün heç bir xüsusi tələb yoxdur. Bu, Sincanı səyahət üçün, məsələn, Tibetdən daha əlçatan edir.

qrafika
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Lakin Sincanın müxtəlif yerlərində keçirdiyi bir neçə gün ərzində İpərxan başa düşüb ki, bölgədəki ab-hava yalnız zahirən rahat görünür. Qadın qara siyahılara düşməmək və Çində tanış olduğu insanlara problem yaratmamaq üçün əsl adını açıqlamamağı xahiş edir.

İpərxan müsəlmandır. Avropa pasportunun üzərindəki fotoda o, hicablıdır. Ona görə də o, sərhəddə suallara hazır idi, lakin sərhədçilər onunla maraqlanmadılar. Urumçi hava limanında o, örpəyini kapyuşonlu gödəkcə ilə dəyişib, lakin polis onun sənədlərini yoxlamaq üçün qaldığı otelə gələndə, ona Sincanda hicab taxmağın "adət olmadığı"nı xatırladıblar.

Bu onun gəlişindən bir neçə gün sonra baş verib. Səhər otelin qeydiyyat masasından zəng vurub foyeyə enməyi xahiş ediblər. Aşağıda biri etnik uyğur və digəri çin olan iki zabit gözləyirdi. Ona səfərin məqsədi və planları ilə bağlı suallar veriblər. İpərxan xatırlayır ki, pasportunu uyğur zabitə verəndə zabitin əlləri titrəyirmiş.

"O, "uyğur dilini necə öyrənibsiniz", deyə soruşdu. Mən də bu dilin ana dilimə oxşadığını izah etdim. Çoxlu suallar verəndən sonra o, pasportuma baxdı və, fotodakı hicaba istinad edərək belə gəzə bilməyəcəyimi tərəddüdlə bildirdi», - İpərxan deyir.

Qazaxıstanda doğulub-böyümüş uyğur Şəhriyar vizasız rejimdən yararlanmaq qərarına gəlib. İpərxandan fərqli olaraq, o, Qazaxıstanla quru sərhəddə saatlarla sorğu-suallarla üzləşib. Telefonunu götürüblər, sosial şəbəkələrdəki hesablarını, yazışmalarını araşdırıblar.

"Mənə demişdilər ki, qazaxları yoxlayırlar, xüsusən də uyğurları uzun-uzadı yoxlayırlar. Amma qərara gəldim ki, mən bunun necə olacağını görmək istəyirəm", - deyən Şəhriyar Çin sərhədçisinin dərhal: "Uyğurmu? Gözləyin", - dediyini xatırlayır.

O, 2015-ci ildən bəri ilk dəfə SUMR-a gələ bilib. Onun əvvəlki və sonuncu səfəri kütləvi həbslərin lap əvvəlinə təsadüf edib. "İnsanların yoxa çıxması artıq o vaxtlar başlamışdı". 2016-cı ildə Şəhriyar viza almaq istəyəndə isə ona rədd cavabı verilib.

Sərhəddə onun dindirilməsi dörd saat yarım davam edib. Şəhriyar iki silahlı əsgərlə birlikdə ayrıca bir otaqda oturub. Sualları onun telefonunun içindəkilərini yoxlayan və növbə ilə otağa girib-çıxan bir neçə zabit - iki etnik uyğur və bir qazax - verib.

"Biri içəri girir: "Sən filankəsə zəng vurmusan. Nə danışırdınız?" Deyirəm: "Xəbərim yoxdur". Bəlkə, məndən zəng etməyi xahiş ediblər. Mən bu adamı tanımıram, o heç mənim əlaqələr siyahımda da yoxdur, - Şəhriyar xatırlayır. - Yəni, hər hansı bir nömrəni diktə edir və deyirlər ki, mən ona zəng etmişəm, amma o mənim kontaktlarımda saxlanmayıb".

"Sərhəd saat 8-ə qədər açıqdır. Baxıram, artıq 8:30-dur. Fikirləşirəm ki, belə, yəqin məni aparacaqlar. İndi polis və ya başqası gələcək və məni sadəcə buraxmayacaqlar... Amma sonda dedilər: "Hər şey "okay"dir, sən azadsan", - Şəhriyar xatırlayır.

"Yenidən tərbiyələndirmə" düşərgələri və həbsxanalar

Sincanda 12 milyona yaxın uyğur yaşayır. Uyğur dili türk dillərinə aiddir və ən çox özbək dilinə yaxındır.

1990-cı illərdən bəri Çin də bir çox digər ölkələr kimi, İslam fundamentalizminin yüksəlişindən narahatdır. Qonşu Əfqanıstanda və digər ölkələrdə baş verən hadisələr mümkün inkişaf variantlarını göstərirdi. Bundan başqa, Çin hakimiyyəti hər zaman separatizmin istənilən eyhamına son dərəcə həssas yanaşıb.

SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş Mərkəzi Asiya respublikalarının nümunəsi bir çox uyğurlar üçün ruhlandırıcı görünüb.

Çin hakimiyyəti 2009-cu ildə Urumçidə genişmiqyaslı etniklərarası toqquşmalardan sonra daha sərt siyasət yeritməyə başladı. Sincan-Uyğur Muxtar Bölgəsi xaricində bir sıra – 2014-cü ilin yazında Kunminq qatar stansiyasında 31 nəfərin ölümü ilə nəticələnən qırğın da daxil - hücumlardan sonra Çin hökuməti "Terrora sərt zərbə" kampaniyası elan etdi.

Ümumi rəqəmsal nəzarət sistemlərinin tətbiqi, sənədlərin yoxlanılması və şəxsi (o cümlədən, tibbi) məlumatların toplanması ilə yanaşı, kütləvi həbslər başlanıb. Müşahidəçilərin fikrincə, 2017-ci ilə qədər Sincanda repressiyalar pik həddə çatmışdı.

Danimarkalı antropoloq Rune Steenberg deyir ki, uyğurlar və digər etnik azlıqlar əvvəlcə istintaq təcridxanalarına yerləşdirilib, sonra isə "yenidən tərbiyələndirmə düşərgələri"nə və ya həbsxanalara göndərilib. Steenberg və Sincanda tədqiqat aparan həmkarlarının hesablamalarına görə, bir milyondan iki milyona qədər insan - müsəlmanlar və etnik azlıqlar – "yenidən tərbiyələndirmə düşərgələri"ndən keçiblər.

"Ən pisi, şübhəsiz ki, həbsxanadır, ikincisi, istintaq təcridxanasıdır. "Yenidən tərbiyələndirmə" düşərgələri müxtəlif tipli olur - bəziləri digərlərindən bir qədər yaxşı, lakin onların hamısı dəhşətlidir. […] İstintaq təcridxanalarında onlar dindiriliblər, tez-tez işgəncələrə məruz qalıblar; düşərgələrdə deyil, məhz orada daha çox zorakılıq tətbiq edilib. Düşərgələrdə də sui-istifadə halları olub, lakin ən ağır və amansız zorakılıqlar istintaq təcridxanalarında olub. Mühakimə olunmayan və ya mühakimə olunan, lakin sonradan partiyanın mərhəmət göstərməsi sayəsində əfv olunanlar "yenidən tərbiyələndirmə" düşərgələrinə göndərildilər", - Steenberg izah edir.

Çin hakimiyyəti bütün bunları "de-ekstremizasiya, yenidən tərbiyələndirmə və peşə təkmilləşdirilməsi proqramları" adlandırıb. Rəsmi hesabatlara görə, 2014-cü ildən 2019-cu ilə qədər "peşə təkmilləşdirilməsi proqramları"na 1,3 milyon insan cəlb edilmişdi.

Hüquq müdafiəçiləri deyirdilər ki, söhbət əslində İkinci Dünya müharibəsindən bəri misli görünməyən qul əməyi, işgəncə və zorlama hallarının geniş yayıldığı konsentrasiya düşərgələrindən gedir. 2022-ci ildə BBC-nin əldə etdiyi daxili polis sənədlərinə əsasən, qaçmağa cəhd göstərilərsə, mühafizəçilərə öldürücü atəş açmaq əmri verilir.

Bundan başqa, etnik azlıq ailələrindən olan yarım milyona yaxın uşaq internat məktəblərinə göndərilib ki, Çin Xalq Respublikasına sadiq vətəndaşlar kimi tərbiyə edilsinlər, New York Times yazıb.

qrafika

ABŞ, İngiltərə, Hollandiya və Kanada da daxil olmaqla bir sıra ölkə ÇXR-nın uyğurlara qarşı siyasətini soyqırım kimi tanıyıb.

Çin hökuməti Sincan-Uyğur Muxtar Bölgəsindəki hərəkətlərinin beynəlxalq terrorizm və separatizmlə mübarizə məqsədi daşımasında və təhdidlərə mütənasib olmasında təkid edir. Səudiyyə Ərəbistanı, BƏƏ və Misir də daxil, bir sıra müsəlman ölkələri, eləcə də Rusiya Çinin müdafiəsinə qalxıb.

Minlərlə insan düşərgələrdən və həbsxanalardan qayıtmayıb. Həbsdə ölən və ya itkin düşənlərin dəqiq sayını heç kim deyə bilmir. Pessimist ehtimallara görə, söhbət on minlərlə insandan gedə bilər.

Rune Steenberg-in izah etdiyi kimi, 2020-ci ildən sonra "yenidən tərbiyələndirmə düşərgələri"nin əksəriyyəti bağlanıb. Bununla belə, regionda müsəlmanların öz iradələrinə zidd olaraq saxlanılan başqa qurumlar da var.

"[Düşərgələrin bağlanması] hamının azadlığa buraxılması demək deyil, bir çox insan ev dustaqlığındadır və ya rayonunu, kəndini, şəhərini tərk edə bilmir, digərləri isə fabriklərə köçürülüb və azad adlandırıla bilməyən şəraitdə işləyirlər", - antropoloq qeyd edir.

"Biz 2017-2019-cu illər arasında məhbusların sayını hesabladıq - 300 ilə 500 min arasındadır, onların əksəriyyəti hələ də həbsdədir, çox azı sərbəst buraxılıb", - Steenberg deyir.

"Bu ki bizim təhlükəsizliyimiz üçündür"

"Sincanda diqqətimi çəkən ilk şey hər yerdə minlərlə kameranın olması idi, - Şəhriyar deyir. - Piyadaların keçdiyi yerlərdə belə: evə dönərkən, həyətə girərkən — hər yerdə kamera, eyni zamanda həm hündürlükdə, həm insan boyu səviyyəsində. Yerli sakinlər isə, deyəsən, buna normal yanaşırlar, deyirlər: "Bu ki bizim təhlükəsizliyimiz üçündür. Ancaq indi bizdə oğruluq, soyğunçuluq və sair yoxdur". Yeri gəlmişkən, həm də hər yerdə müxtəlif biometrik skanerlər var".

İpərhanın yaşadığı oteldə olduğu kimi, əcnəbiyə məqsədyönlü baş çəkməsələr belə, onların hərəkətlərinə nəzarət etmək üçün hakimiyyətin hər cür imkanları var. "Sənədlər daim skan edilir. Otellər, bilet almaq, vağzala çatmaq və sair", - Şəhriyar əlavə edir.

Küçələrdə görünən hərbçilərin və polisin mövcudluğu əhəmiyyətli dərəcədə azalıb. Bu, regionun sakitliyini, əhalinin mərkəzi hakimiyyətə sadiq olduğunu nümayiş etdirməlidir.

"2011-12-ci illərdə bütün polislər etnik çiniydi və hamısı hərbi geyimdəydi. Və bu gərgin vəziyyət yaradırdı", - Şəhriyar bölgəyə əvvəlki səfərlərini xatırlayır. - İndi daha çox uyğur və qazax polisləri var".

Sincanda Çinin digər bölgələrindən çoxlu turist var. "Bütün bu turizm Çindən gələn daxili turistlərə yönəlib", - Şəhriyar deyir və xüsusilə qastronomik turların, eləcə də uyğur milli mövzularının populyar olduğunu əlavə edir.

"Məsələn, "milli paltar geyinirik" adlı bir xidmət var və qiymətlər belədir: TikTok – 100 yuan, tam fotosessiya təxminən 700 yuandır. Onlar da geyinirlər, onlara makiyaj edirlər. Cütlüklər üçün, subaylar üçün. Onlar üçün isə bütün bunlar ekzotikdir – budur, onlar uyğur milli geyimindədirlər və bunun hamısı sosial şəbəkələr üçündür", - Şəhriyar söyləyir.

Bu cür fototurlar Sincanın tarixi-mədəni mərkəzi olan Kaşqarda xüsusilə populyardır. 2000 ildən çox tarixi olan bu şəhərdə 2023-cü ildə turistlərin sayı ilk dəfə bir ayda milyondan çox olub. "China Daily"nin məlumatına görə, son üç ildə Kaşqarda fotosessiya təşkil edən şirkətlərin sayı ikidən 200-ə çatıb.

qrafika

İpərxan Urumçidən qatarla Kaşqara yollanıb. Kupedə videokameralar quraşdırılıbmış, digər sərnişinlər isə əcnəbidən kənar olmağa çalışıblar.

"Qatarda telefonumu doldurmaq lazım idi. Yaşlı bir uyğura yaxınlaşdım və [onun yanındakı] rozetkaya qoşulmaq üçün icazə istədim. O, söhbətə "haralısan, qızım?" sualı ilə başladı. Ona cavab verəndə iki gənc uyğur dərhal ayağa qalxıb, kupelərinə girib qapını bağladılar", - İpərxan xatırlayır.

Yaşlı kişi onların davranışını belə izah edib ki, gənclər düşərgələrdə əsir olublar və indi "qara siyahı"dadırlar. Sonra həmin adam nümayişkaranə və istehza ilə -İpərxana elə gəlib - Çin Kommunist partiyasını tərifləyərək onun siyasəti sayəsində Kaşqarın "böyük irəliləyiş əldə etdiyini" söyləyib.

Şəhriyar təsdiq edir ki, insanlar uyğur dilini başa düşən və danışan əcnəbi ilə görüşdüklərini biləndə xüsusilə ehtiyatlanırlar.

"Məsələn, Qazaxıstan sakinləri üçün "salamaleykum" ümumi ifadədir. Amma [SUMR-da] siz başa düşməlisiniz ki, insanlara belə müraciət etməməlisən, buna görə onları həbs edə bilərlər, - Şəhriyar deyir. — Məsələn, biz sadəcə avtomatik olaraq deyirik: "Xudayim buyrisa" (uyğurca "İnşallah, görüşərik"). Bax belə şeyləri qətiyyən demək olmaz".

Eyni zamanda, Şəhriyarın qeyd etdiyi kimi, çoxları ünsiyyət qurmaq istəyərdi. Dörd gecə eyni yerə şam yeməyinə getdiyini xatırlayır.

"Və budur, dördüncü gündür ki, eyni adamı görürsən. Mən başa düşürəm ki, birinci gün hələ birtəhər az-çox "dünyəvi" söhbətlər etmək olar. "Bura necə gəlmisiniz? Hər şey yaxşıdır? Gördüyünüz kimi, bizdə də hər şey əladır, yaxşı yaşayırıq, bizdə belə iqtisadi artım müşahidə olunur. Dövlətə minnətdarıq". Sonra da onu sabahısı gün görürsən, üçüncü-dördüncü... O isə oturub, sadəcə, nəsə demək istəyir və dönür, ancaq susur. Nə isə soruşmaq istəyir, amma qorxur. O bilmir necə yaxınlaşsın".

"Məktəblərinizdə işlər necədir?" Deyirəm: "Bəli, rus dilində məktəblərimiz var, qazax dilində məktəblərimiz var, uyğur dilində məktəblərimiz var". Və bu onun üçün şokdur. "Bu necə olur ki, sizdə uyğur dilində məktəblər var?"

"Amma bizim uşaqlarımız Çin dilində oxuyurlar. Sonrası nə olacaq, bilmirik. Biz uyğur dilində oxumuşuq. İndi uşaqlara bağçadan, məktəbdən başlamış bütünlüklə Çin dilində dərs deyirlər. Bizim üçün bunların hamısı çox ağırdır, çox". Sonra işarə edir [şəhadət barmağını yuxarıdan aşağıya doğru çəkir] - "təyyarə rejiminə keçir". Və biz söhbət etmək üçün kənara çəkilirik".

qrafika

Qəbirlər üzərində aypara, küçələrdə çin dili

Həmsöhbətlərimiz deyirlər ki, hətta telefonları söndürülmüş və heç bir şahid olmayanda belə, Sincan uyğurları çox ehtiyatlı danışır və konkretlikdən qaçırlar.

Şəhriyar deyir ki, hətta üzbəüz söhbətdə heç də hamısı ən sadə şeyləri ucadan deməyə hazır deyil.

"Bizim həyatımızı çox çətinləşdirirlər..." - və sonra "çinlər" demək istəyir, amma sanki bacarmır. Onlar artıq özlərini öyrəşdiriblər. Əvvəllər uyğurlar çinlərə "Xıtoy" ("Kitay") deyirdilər və onlar bunu təhqir hesab edirdilər. Sonra "hanzu" – "hanlılar" deyirdilər, ancaq indi belə də demək olmaz. Siz ancaq "қerindaşlar" və ya "yoldaşlar", yəni "qan qohumları" və "yoldaşlar" deyə bilərsiniz. "Yoldaşlar" həyatımızı çox çətinləşdirir". Yəni tək biz ikimizik, amma o, yenə də "çinlər" sözünü deyə bilmir».

qrafika

50 yaşlı Şəripxan Törə* Sincan rayonunun bir hissəsi olan İli Qazax Muxtar qəzasında doğulub böyüyən etnik qazaxdır. Onun ailəsinin bir neçə nəsli bu bölgədə yaşayırdı.

Törə 1990-cı illərdə Qazaxıstana mühacirət edib və vətəndaşlığını dəyişib. Daha sonra Çin vizası alaraq bir neçə dəfə Sincanda olub. Sonuncu dəfə 2016-cı ildə olub.

2024-cü ilin yazında vizasız rejimin tətbiqindən sonra Törə qohumlarını ziyarət etmək və atasının məzarına getmək qərarına gəlib.

O, qohumu ilə qəbiristanlığa gedib, lakin qohumu əraziyə daxil olmaqdan imtina edib. Onda Şəripxan Törə tək başına qəbirin yanına gedib, müsəlman duasını oxuyub.

"Mən dua oxumağa başlayanda çöldə dayanan qazaxlar qaçaraq dağılışıblar. Qorxurlar", - Törə deyir.

Onun sözlərinə görə, 2024-cü ilin əvvəlində hakimiyyət repressiyaların əvvəlində qadağan edilən müsəlman aypara simvollarının qəbirlərə qaytarılmasına icazə verib.

İpərxan deyir ki, məscidlər də açıqdır və ziyarətçilər üçün əlçatandır. O, Kaşqarda İd Kah məscidinə girib. XV əsrə aid olan binanın sahəsi təxminən 16 min kvadratmetrdir, məscid 20 minə qədər adamı qəbul edə bilər. "Bir neçə saat içəridə oturdum. Bu müddət ərzində məndən başqa bir nəfər də olsun ziyarətçi yox idi. Məsciddə imam belə görünmürdü", - İpərxan deyir.

Şəripxanın doğulduğu Törə kəndində, bütün rayonda olduğu kimi, məktəblər çin dilinə keçib.

"Bizim kənddə uşaqlar artıq qazax dilində danışmırlar. Əgər valideynlər evdə qazax dilində danışırlarsa, övladını bağçaya aparanda ona ancaq çin dilini öyrədirlər. Uşaqlar öz aralarında da çin dilində danışırlar", - Törə deyir.

Onun müşahidələrinə görə, eyni şey uyğur və qırğız siniflərinə də aiddir.

"İndi küçədə hamı çin dilində danışır, mağazada qazax dilində danışsanız, xahiş edərlər ki, dövlət dilində danışasınız. [...] 5-10 ildən sonra orada qazax tapa bilməzsiniz, onların hamısı tamamilə assimilyasiya olunacaq. Gənclər artıq öz ana dilində danışmırlar. Bütün müsəlmanlar buna məruz qalıb: uyğurlar da, qırğızlar da", - Törə deyir.

Vizasız rejim və qorxu

Vizasız rejim tətbiq edildikdən sonra Qazaxıstana çinli turist axını bir yarım dəfədən çox artıb. "Qazax Turizm Milli Şirkəti"nin məlumatına görə, 2024-cü ilin ilk 11 ayında ölkəyə 605 min Çin vətəndaşı səfər edib ki, bu da əvvəlki illə müqayisədə 65 faiz çoxdur.

Antropoloq Rune Steenberg deyir ki, Pekinin vizasız gediş-gəliş tətbiq etmək və sərhədləri açmaq motivasiyası həm iqtisadiyyatı artırmaq, həm də etnik azlıqlara qarşı soyqırım ittihamlarından sonra imicini düzəltməkdir.

"Düşünürəm ki, bu, qismən Sincanın qapalı bir yer olması və buranın çox qaranlıq və qeyri-utopik olması barədə rəvayətlərə qarşı çıxmaq üçün edilir. Onlar [Çin Kommunist Partiyası] hər şeyin necə yaxşı və hamının xoşbəxt olduğu barədə çoxlu təbliğat aparıblar və indi dəlillər təqdim etməyə və öz dediklərinə insanları inandırmağa çalışırlar", - alim deyir.

Steenberg məlumat topladıqdan sonra belə qənaətə gəlib ki, vizasız rejim Qazaxıstana qaçan qazaxlar və uyğurların vəziyyətini pisləşdirib, çünki Çin xüsusi xidmət əməkdaşları indi onlara maneəsiz baş çəkə bilirlər.

«Etnik qazaxlar mənə dedilər ki, keçmiş düşərgə məhbusları və fəallarının Sincandan vizasız gələn təhlükəsizlik xidmətlərindən və ya onlar tərəfindən göndərilən qonaqları olub. "Qonaqlar" evlərinə gələrək onları sorğu-suala tutublar və xəbərdarlıq ediblər: "Özünü yaxşı aparmasan, istədiyimiz vaxt gəlib, sizi götürüb apara bilərik". Və insanlar bundan çox qorxurlar», - Steenberg deyir.

Üstəlik, etnik qazaxların və uyğurların vəziyyətinə Qazaxıstan və Çin arasında 2023-cü ilin oktyabrında vizasız rejimin tətbiqi ərəfəsində ratifikasiya olunmuş məlumat mübadiləsinə dair saziş təsir edə bilər. Daha sonra, digər məsələlərlə yanaşı, tərəflər vətəndaşlığını dəyişən, ölkədə qalma və ya ölkədən çıxış qaydalarını pozan şəxslər haqqında hər rüb məlumat mübadiləsi barədə razılığa gəliblər.

Antropoloq qeyd edir ki, Qazaxıstanla vizasız rejim uyğurların qonşu ölkəyə miqrasiyasını asanlaşdırmır. Onlar sərhədi keçib Qazaxıstana qaça bilmirlər – əksəriyyətinin xarici pasportu yoxdur və onlar Sincanda, sözün əsl mənasında, "qapadılıblar".

"Bu, sərhədləri müstəmləkəçi dövlətin nəzarətində olan açıq hava həbsxanasına bənzəyir və uyğurların çoxu xaricə çıxa bilmir. Əgər bacarırlarsa, onların hərəkətləri və kiminlə görüşə biləcəkləri və ya nə vaxt qayıtmalı olduqlarına çox ciddi nəzarət edilir, əks halda onların ailələri vətəndə cəzalandırılar", - tədqiqatçı qeyd edir.

Siyahıyaalma məlumatlarına görə, Sincanda 26 milyona yaxın əhalinin 6 faizdən azını qazaxlar, 45 faizini isə uyğurlar təşkil edir. Çinlər təxminən 42 faizdir.

Hər il Çindən minlərlə etnik qazax Qazaxıstana miqrasiya edir. Tədqiqatçılar qeyd edirlər ki, hələ də Çini tərk edə bilən uyğurlar Qazaxıstandan tranzit marşrut kimi istifadə edirlər və mümkün qədər tez daha uzağa getməyə çalışırlar. Uyğurların özləri bunu Qazaxıstan hakimiyyətinin onları Pekinin təqiblərindən qoruya bilməməsi ilə izah edirlər.

SUMR səfərinin daha bir epizodu turist İpərxanda güclü təəssürat yaradıb. O, özəl taksi tutub və şəhər kənarına çıxıb. Yolda taksi sürücüsü sərnişinlə uyğur dilində danışıb. Bir azdan qız və sürücü onların arxasınca şüşələri tündləşdirilmiş maşının gəldiyini görüblər.

"Maşının salonu qaranlıq idi, sükan arxasında kimin oturduğunu və içəridə neçə nəfərin olduğunu görmək mümkün deyildi. Lazım olan yerə çatdıqda sürücüdən məni gözləməsini xahiş edərək taksidən düşdüm. Mən qayıdanda onu ağappaq ağarmış gördüm. Taksi sürücüsü söyləyib ki, onların arxasınca gələn maşından dörd nəfər düşüb və sərnişinlə bağlı onu sorğu-suala tutublar. Onu bərk qorxutmuşdular, geriyə sükut içində döndük", - İpərxan paylaşır.

Qız etiraf edir ki, Sincana səfəri zamanı o, yerli sakinlərin təhlükəsizliyindən ehtiyat edərək xüsusi xidmət orqanları tərəfindən dindirilməməsi üçün çox adamla danışmır.

Kaşqarda bir yeniyetmə İpərxana yaxınlaşaraq ona kömək lazım olub-olmadığını soruşub. İpərxanın mənşəyini öyrənən oğlan ondan xahiş edib ki, mühacirət edən uyğurlara desin ki, heç vaxt Sincana qayıtmasınlar.

* Müsahiblərin adları onların xahişi ilə dəyişdirilib.

Yerkin Damollanın iştirakı ilə.

Şəkillər: Məhərrəm Zeynalov.

Redaktor: Pavel Bandakov.