You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Kadırov Putindən “Axmat” çeçen xüsusi təyinatlı qüvvələrini Baxmuta göndərməyi xahiş edib
Çeçenistan rəhbəri Ramzan Kadırov rəsmi olaraq Putindən “Axmat” çeçen xüsusi təyinatlı bölmənin Yevgeni Priqojinin "Wagner" muzdlu əsgər qrupu əvəzinə Baxmuta göndərilməsini xahiş etdiyini bildirib.
Kadırov bu barədə öz teleqram kanalında paylaşım edib və Putinə yazdığı məktubu da statusuna əlavə edib.
Məktubda prezidentdən müdafiə naziri Sergey Şoyquya və Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotova "Axmat" bölmələrini Baxmut şəhərinə göndərmək və orada "Wagner"-ın mövqelərində yerləşdirmək əmrinin verilməsi xahiş olunur.
"Wagner"-ın mətbuat xidmətinin bildirdiyinə görə, prosesə start vermək üçün Priqojin artıq Kadırovun nümayəndələri ilə əlaqə saxlayıb.
"Mövqelərin ötürülməsinə başlamaq üçün onun nümayəndələri ilə əlaqə saxlayıram ki, mayın 10-da düz saat 00:00-da, döyüş potensialımız tamamilə tükənəcək anda, döyüş yoldaşlarımız yerlərimizi tutsunlar və Baxmuta hücumu davam etdirsinlər", Priqojin bildirib.
"Wagner"-ın təsisçisi bu həftə son dərəcə kobud şəkildə Şoyqudan və Baş Qərargah rəisi Valeri Gerasimovdan onun qüvvələrini silah-sursatla təmin etməsini tələb edib və bildirib ki, əks halda mayın 10-dək "Wagner" qrupu Baxmutdan çıxacaq.
Kadırov bu açıqlama ilə bağlı Priqojini daxili fikir ayrılıqlarını ictimailəşdirməsinə görə qınayıb və "Wagner"-ın əvəzinə "Axmat" qrupunu Baxmuta göndərməyə hazır olduğunu bildirib.
ISW: Priqozhin və Kadırov uğursuzluqlara görə məsuliyyəti ordunun üzərinə yükləmək istəyirlər
ABŞ müharibə araşdırmaları institutu (ISW) yazır ki, Priqojin və Kadırov Baxmutdakı uğursuzluqlara görə məsuliyyəti Rusiya ordusunun üzərinə yönəltmək istəyirlər. ISW təhlilçilərinə görə, Priqojin və Kadırov, Rusiya ordusunu səmərəsiz bir qüvvə kimi təqdim etməyə və RF Müdafiə Nazirliyini Baxmut bölgəsindəki bütün uğursuzluqlarda günahlandırmağa çalışırlar.
Priqojin Baxmutdakı mövqelərini Kadırovun qüvvələrinə təhvil verməklə, cinahlarda döyüşən Rusiya ordusunun hissələriniu arxa plana keçirmək və şəhər uğrunda yalnız Wagner və indi də Kadırov qüvvələrinin döyüşdüyünü göstərməyə çalışır, ISW-nin son hesabatında deyilir.
Bu, Rusiya hərbi komandanlığına güvənməyən və özünü ondan asılı olmayan kimi göstərən Priqojinə "Waqner" qüvvələri Baxmutu ələ keçirə bilməyəcəyi təqdirdə özünü bir növ sığortalamaq imkanı verir. Kadırov isə, öz növbəsində, Priqojinlə birgə bu cür mühüm əməliyyatda iştirak etməkdə nüfuzunu daha da artırmaq şansı kimi qiymətləndirir.
"Axmat" qüvvələri Baxmutu tam ələ keçirə bilməsələr, o zaman Priqojin və Kadırov RF Müdafiə Nazirliyini onlara lazımi səviyyədə dəstək göstərə bilməməkdə günahlandıra bilərlər.
Rusiya hərbi komandanlığı "Wagner"-nin "Axmat" qüvvələri ilə əvəz olunmasına mane olacağı təqdirdə isə Priqojin, Kadırov və müttəfiqləri, ehtimal ki, iddia edəcəklər ki, Rusiya Müdafiə Nazirliyi onların qərarını dəstəkləsəydi, çeçen qüvvələri tez bir zamanda Baxmutu ələ keçirəcəkdilər.
Eyni zamanda ISW qeyd edir ki, Kadırovun "Axmat" dəstəsinin Baxmutda sürətlə irəliləyə biləcəyi və onu "bir neçə saat ərzində" tuta biləcəyi barədə iddiası öyünməkdən başqa bir şey deyil və döyüş zonasında mövcud vəziyyəti əks etdirmir.