Auşvits ölüm düşərgəsindəki son məhbusların azad edilməsindən 80 il ötür

Auşvits ölüm düşərgəsində sağ qalmış uşaqlardan bir qrupu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Auşvits ölüm düşərgəsində sağ qalmış uşaqlardan bir qrupu

İkinci dünya müharibəsində nasist Almaniyasının yaratdığı Auşvits ("Auschwitz" və ya Osvensim) həbs düşərgəsindəki məhbusların sovet əsgərləri tərəfindən azad edilməsindən 80 il keçir.

Hər il yanvarın 27-də - Beynəlxalq Holokostu Anma Günündə İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən öldürülən altı milyon yəhudi və milyonlarla qeyri-yəhudi yad edilir.

O düşərgədə sağ qalanların çoxu hazırda 90 yaşlarındadır və bu onların bir çoxunun iştirak edə biləcəyi sonuncu anım mərasimi ola bilər.

Nasist Almaniyası işğal etdiyi Polşanın cənubundakı Osvensim şəhəri yaxınlığında tikdiyi Auşvits ölüm düşərgəsində cəmi dörd il yarım ərzində ən azı 1,1 milyon insanı qətlə yetirib.

Əsas məqsəd Avropa yəhudilərini məhv etmək olsa da, düşərgədə ölənlərin təxminən bir milyonu yəhudi, digərləri Polşa, Rumıniya və Rusiyanın əsir götürülmüş hərbçiləri idi.

27 yanvar 1945-ci ildə Qızıl Ordu Auşvitsə girəndə orda cəmi 7000-ə yaxın məhbus qalmışdı.

Qərbə doğru geri çəkilən nasistlər on minlərlə əsiri "ölüm səfərinə" göndərərək düşərgədən getməyə məcbur etmişdilər.

Sovet əsgərləri gələndə qızılça xəstəliyinə yoluxmuş italyalı məhbus Primo Levi düşərgə xəstəxanasındaydı.

Sonrakı illərdə Holokost xatirələri haqda yazdığı "Atəşkəsdə" adlı kitabında Levi o anları belə təsvir edəcəkdi:

"Onlar hər tərəfə səpələnmiş cəsədlərə, dağıdılmış daxmalara və sağ qalan bir neçə nəfərə utanaraq baxırdılar. Bizimlə salamlaşmadılar, üzümüzə gülümsəmədilər. Təkcə bizə duyduqları mərhəmət hissinə görə yox, həm də bu boyda cinayətin mövcud olmasında özlərini günahkarlıq hiss etdiklərinə görə".

Əsgər İvan Martynuşkinsə sonralar deyəcəkdi ki, həbs düşərgəsindəki insanlar bir dəri-bir sümük idilər, üstəlik, onlara işgəncə də verilmişdi. Amma gözlərindən bilmək olurdu ki, bu cəhənnəmdən xilas olduqlarına sevinirlər".

Holokost nədir?

1933-cü ildə Almaniyada nasistlər hakimiyyətə gələndən az sonra yəhudilərin sərvətlərini, azadlıqlarını və qanuni hüquqlarını əllərindən almağa başladılar.

1939-cu ildə - Almaniya Polşanı işğal edəndən sonra nasistlər yəhudiləri bu ölkənin müxtəlif bölgələrinə göndərməyə və onları cəmiyyətin qalan hissəsindən ayrı yaşayacaqları gettolara yerləşdirməyə başladılar.

1941-ci ildə - Almaniya Sovet İttifaqına hücum edəndən sonra nasistlər açıq şəkildə kütləvi qırğın siyasətinə başladılar. Nasistlər başlatdıqları işğalı almanlarla yəhudilər, slavyanlar və romanlar arasında irq müharibəsi kimi görürdülər.

15 yaşlı Hetty Verolme Holokostdan sağ çıxan gənclərdən biri idi; bacısı və qardaşıyla birlikdə o, bir ildən çox Bergen-Belsen ölüm düşərgəsində saxlanılmışdı
Şəklin alt yazısı, 15 yaşlı Hetty Verolme Holokostdan sağ çıxan gənclərdən biri idi; bacısı və qardaşıyla birlikdə o, bir ildən çox Bergen-Belsen ölüm düşərgəsində saxlanılmışdı
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Almaniyanın "Einsatzgruppen" (hədəf qrupları) adlı hərbi birləşmələri dinc əhalini qətlə yetirmək üçün Şərqi Avropada yeni işğal olunmuş ərazilərə göndərilirdi.

1941-ci ilin sonunda onlar 500 min insanı, 1945-ci ilin sonunda isə 1,3 milyonu yəhudi olmaqla, iki milyona yaxın insanı öldürmüşdülər.

Arxa cəbhədəki nasistlər kütləvi qırğın üsullarını araşdırırdılar. Onlar insanları güllələməyin əsgərlər üçün çox stresli olacağını düşünərək müxtəlif qətl formalarını araşdırdılar.

Hələ 1939-cu ilə qədər Polşada əqli qüsurlu insanları öldürmək üçün eksperimental qaz karvanlarından istifadə edilirdi – qapısı bağlı kameralara zəhərli qazlar buraxılırdı. Auşvitsdə isə ilk qaz kamerasını və krematoriyanı nasistlər 1941-ci ildə tikdilər.

Nasistlərin liderləri sənaye üsuluyla öldürmə taktikasını müzakirə etmək üçün 1942-ci ilin yanvarında Vanzeydə (Wannsee) konfrans keçirdilər.

Onlar bunu "yəhudi məsələsinin son həlli" olaraq müəyyənləşdirərək Avropanın 11 milyonluq yəhudi əhalisini kütləvi qırğın və məcburi əmək yoluyla öldürməyi planlaşdırırdılar.

Auşvits nədir?

Polşanın cənubunda yerləşən Auşvits düşərgəsi daha əvvəl Polşa ordusunun kazarmaları olmuşdu. Nasistlər 1939-cu ilin sentyabrında Polşanı işğal etdilər və 1940-cı ilin mayına kimi Auşvitsi siyasi məhbuslar üçün həbsxanaya çevirdilər.

Bu düşərgəyə komendant təyin edilmiş Rudolf Höss "İşləmək azad edir" ("Arbeit Macht Frei") şüarını Almaniyanın Dahau (Dachau) şəhərində çalışmış olduğu düşərgədən gətirmişdi.

Bu pis şöhrətə malik cümlə hələ də 1-ci Auşvits kimi tanınan düşərgənin girişində qalmaqdadır.

Auşvits ölüm düşərgəsi
Şəklin alt yazısı, Auşvits ölüm düşərgəsi

Müharibə və Holokost davam etdikcə, nasist rejimi düşərgəni böyüdürdü.

1941-ci ilin sentyabrında ilk dəfə bir qrup Polşa və sovet məhbusu qazla öldürüldü.

Növbəti ay 2-ci Auşvitsin tikintisi başladıldı. 1944-cü ilin noyabrına qədər yüzminlərlə insanın öldürüldüyü nəhəng qaz kameraları və onların cəsədlərinin yandırıldığı krematoriya məhz bu düşərgədə yerləşir.

O, nasistlərin altı ölüm düşərgəsindən ən böyüyü olacaqdı. Beljets, Sobibor və Treblinkada tikilən digər üç düşərgənin tikintisi 1942-ci ildə tamamlandı.

Slovakiyadan olan 999 qadın və qız 1942-ci ilin martında 2-ci Auşvitsə deportasiya edilən ilk yəhudilər oldular. Onlardan dərhal sonra Fransadan, daha sonra Hollandiya və Belçikadan adamlar gətirildi. 1944-cü ilə qədər orda hər gün 12.000 yəhudi öldürüldü.

Almaniyanın "IG Farben" kimya şirkəti 3-cü Auşvitsdə sintetik kauçuk fabriki tikdi.

"Krupp" və "Siemens-Schuckert" kimi digər özəl şirkətlər də düşərgənin yaxınlığında fabriklər açmışdılar və məhbusları qul kimi işlədirdilər.

Həm Primo Levi, həm də Nobel mükafatı laureatı Eli Vizel (Elie Wiesel) 3-cü Auşvitsdən sağ çıxdılar.

Onlar azad ediləndə Auşvits 40 düşərgə və alt düşərgədən ibarət idi.

Auşvits necə fəaliyyət göstərdi?

Auşvitsə insanları Avropanın hər yerindən - pəncərələri, tualetləri, oturacaqları və içində ərzağı olmayan, heyvanların daşınması üçün nəzərdə tutulan vaqonlara dolduraraq göndərirdilər.

Düşərgəyə çatanda dərhal öldürüləcək insanları işləyə biləcək insanlardan ayırırdılar.

Birinci qrupdakılara soyunub duşa getmələri əmr edilirdi. Nasistlər qaz kameralarını belə adlandırırdılar.

Mühafizəçilər qaz kameralarındakı insanları öldürmək üçün “Zyklon B” zəhərindən istifadə edirdilər.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mühafizəçilər qaz kameralarındakı insanları öldürmək üçün "Zyklon B" zəhərindən istifadə edirdilər

"Gigiyena İnstitutu" adlanan bölmənin işçiləri kameralara güclü "Zyklon-B" həblərini atıb içəridəkilərin ölməsini gözləyirdilər.

Bu, təxminən 20 dəqiqə çəkirdi. Boğulanların qışqırıq səsləri kameralarının qalın divarlarının bu biri tərəfində də eşidilirdi.

Sonrakı mərhələdə isə sağ qalmaları üçün mühafizəçilərə işləməyə məcbur edilən, əsasən yəhudi olub "sonderkommando" adlandırılan məhbusları kameralara doldururdular.

Ölənlərin eynəklərini, saçlarını, dişlərini; əgər varsa, taxma bədən üzvlərini topladıqdan sonra cəsədləri kremasiya otağına daşıyırdılar. Meyitlərin külünü ya basdırır, ya da gübrə kimi istifadə edirdilər.

Düşərgənin "Kanada" adlı hissəsində qaz kameralarını idarə etməyə göndərilənlərin əşyaları toplanırdı. Kanadanı rifah içində yaşayan ölkə kimi görükləri üçün bu adı seçmişdilər.

Auşvitsdəki krematoriya sobaları

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Auşvitsdəki krematoriya sobaları

Qurbanlar kimlər idi?

Qurbanların dəqiq sayını müəyyən etmək çətindir, çünki Sovet qoşunları yaxınlaşdıqca, SS mühafizəçiləri cinayətlərini gizlətməyə və məhbuslarla bağlı çoxsaylı qeydləri məhv etməyə başlamışdılar.

Akademik araşdırmalar nəticəsində gəlinən qənaət budur ki, Auşvitsə 1,3 milyona yaxın insan aparılıb və onlardan təxminən 1,1 milyonu öldürülüb.

Qurbanların böyük əksəriyyəti Avropanın nasistlər tərəfindən işğal olunmuş yerlərindən gətirilən yəhudilər idi.

Həmin dövrdə Auşvitsdə bir milyona yaxın yəhudi öldürüldü.

Çox qısa müddətdə Macarıstandan olan xeyli yəhudi öldürüldü, qurbanların cəsədləri düşərgənin yaxınlığındakı çuxurlara atılaraq yandırıldı

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Çox qısa müddətdə Macarıstandan olan xeyli yəhudi öldürüldü, qurbanların cəsədləri düşərgənin yaxınlığındakı çuxurlara atılaraq yandırıldı

Nümunə kimi Macarıstanın yəhudi əhalisini misal çəkmək olar.

Cəmi iki ay ərzində - 1944-cü ilin may-iyun aylarında bu ölkənin 437 min yəhudi əhalisinin 420 mini Auşvitsə sürgün edildi.

Həmin dövrdə hər gün onminlərlə Macarıstan yəhudisi bu düşərgəyə göndərilir, dörddə üçü düşərgəyə çatan kimi öldürülürdü.

Almaniya hökuməti Auşvitsdə 75.000 mülki polşalını, 15.000 sovet hərbçisini, 25.000 romanı, manuş, Yehova şahidi, homoseksual və siyasi məhbusu qətlə yetirib.

Auşvits azad ediləndə nə baş verdi?

1944-cü ilin sonlarına doğru - Sovet qoşunları Qərbə doğru irəlilədikcə, Almaniyanın hakimiyyət orqanları qaz kameralarının və krematoriyaların məhv edilməsini əmr etdi.

Az sonra düşərgənin "Kanada" adlanan hissəsindən oğurlanmış qiymətli əşyalar Almaniyaya göndərildi.

Cinayətlərinin sübutlarını silmək istəyən nasistlər qalan 56.000 məhbusa Bergen-Belsen, Dahau və Zaksenhauzen kimi digər ölüm düşərgələrinə doğru getmələrini əmr etdilər. Yeriyə bilməyəcək qədər xəstə olan məhbuslar düşərgədə qaldı, yürüş zamanı geri qalanlarsa öldürüldü.

Sovet əsgərləri 1945-ci il yanvarın 27-də düşərgəyə daxil olanda orda cəmi bir neçə min insan, yüzminlərlə paltar və bir neçə ton insan saçı gördülər.

Əsgərlər sağ qalanların bəzilərini heç cür inandıra bilmədilər ki, nasistlər artıq düşərgəni tərk ediblər.

Bu hadisənin 50-ci ildönümüylə bağlı çıxışında Eli Vizel deyib ki, Auşvitsdəki nasist cinayətləri kosmik səviyyədə mutasiyalara səbəb olub, insanların xəyallarına və cəhdlərinə təsir edib: "Auşvitsdən sonra bəşəriyyət əvvəlki kimi deyil. Auşvitsdən sonra heç nə əvvəlki kimi olmayacaq".