Almaniya prezidenti İkinci Dünya Müharibəsinə görə polşalılardan üzr istəyib

Şəklin mənbəyi, Reuters
Almaniya Prezidenti Frank-Walter Steinmeier Polşada bəyanatla çıxış edərək 80 il bundan əvvəl İkinci Dünya Müharibəsinin başlamasıyla bu ölkənin nasizm zülmünə məruz qalmasına görə polşalılardan üzr istəyib.
Almaniya Prezidenti 1939-cu il sentyabrın 1-də Polşa şəhərləri arasında birinci bombalanan Wielun-da keçirilmiş anım mərasimində çıxış edib.
"Alman zülmünün qurbanları olan polyaklar qarşısında baş əyirəm. Onlardan üzr istəyirəm", - Steinmeier almanca və polyakca deyib.
Mərasimdə Polşa prezidenti Andrzej Duda da çıxış edib. O, nasist Almaniyasının Polşaya hücumunu "barbarlıq aktı" adlandırıb.
Bazar günü Varşavada İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyilə bağlı daha bir anım mərasimi keçiriləcək.
Həmin tədbirə Almaniya kansleri Angela Merkel və ABŞ-ın vitse-prezidenti Mike Pence qatılacaqlar.

Şəklin mənbəyi, Reuters
İkinci Dünya Müharibəsi nəticəsində 6 milyona yaxın Polşa vətəndaşı ölüb.
Hazırda Polşa dövləti 80 il bundan əvvəl baş vermiş hadisələrə görə Almaniyadan təzminat tələb etməyə davam edir.
Polşa Seyminin müvafiq komitəsi təzminat miqyasının qiymətləndirilməsi üzrə işi davam etdirir, lakin Almaniya bu məsələnin müzakirəyə çıxarılmayacağında təkid edir.
Polşada keçirilən anım tədbirlərində 40 ölkənin nümayəndələri iştirak edirlər.
Prezident Donald Trump ABŞ-a "Dorian" qasırğasının yaxınlaşması ilə əlaqədar Polşaya gəlməyib və öz yerinə vitse-prezident Mike Pence-i göndərib.
Fransa prezidenti Emmanuel Macron və Britaniyanın Baş naziri Boris Johnson da Polşaya gəlməyiblər.
Rusiya prezidenti Vladimir Putini isə Polşa höküməti anım tədbirlərinə dəvət etməyib.




