Frankfurt: İkinci Dünya müharibəsi bombasına görə kütləvi evakuasiya

Şəklin mənbəyi, EPA
Almaniyanın Frankfurt şəhərində İkinci Dünya müharibəsi dövründən qalmış böyük bir bomba aşkar edildikdən sonra, 65 minə yaxın sakinə evlərini təcili sürətdə tərk etmək göstərişi verilib.
Ekspertlərə bombanı zərərsizləşdirməyə imkan vermək üçün sakinlər ərazidən 1 günlük müddətə evakuasiya olunub.
Polisin bildirdiyinə görə, evakuasiya başa çatdıqdan sonra bombanın zərərsizləşdirilməsi ilə bağlı işlərə start verilib.
Bu, Almaniyada müharibədən sonra keçirilmiş ən irimiqyaslı evakuasiya tədbiridir.
Polis hamının ərazidən çıxdığına əmin olmaq üçün, mənzillərin hər bir yoxlama aparıb.
Görülən təhlükəsizlik tədbirləri çərçivəsində hospitallar, qocalar evi və Almaniyanın mərkəzi bankı da evakuasiya olunub.
Güman edildiyinə görə, Almaniya ərazisində müharibə dövründən qalan yüz minlərlə partlamamış bomba var.
Polis yerli mediaya bildirib ki, evakuasiya tutulmuş cədvələ uyğun aparılıb, və təhlükəli ərazini artıq hamı tərk edib.
Çəkisi 1.4 ton olan Britaniya bombası tikinti meydançasında çərşənbə günü aşkar olunub.





