Azərbaycanda İranın “terror təxribatının qarşısı alınıb” - DTX

Videonun alt yazısı, Azərbaycanda İranın “terror təxribatının qarşısı alınıb” - DTX
Azərbaycanda İranın “terror təxribatının qarşısı alınıb” - DTX

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti martın 6-da İran xüsusi xidmət orqanı - SEPAH-ın Azərbaycanda terror və sui-qəsd təxribatlarının qarşısını aldığını bildirib.

Qurumun yaydığı məlumata görə, SEPAH-ın məqsədi Azərbaycan ictimaiyyəti arasında vahimə yaratmaq və ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək olub.

Dövlət Təhlükəsizlik Xidməti məlumatında İran xüsusi xidmət orqanının Bakı-Ceyhan neft boru kəmərini, İsrailin Azərbaycandakı səfirliyini, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən birini və ölkədəki bir sinaqoqu hədəf aldığını açıqlayıb.

SEPAH-ın bu iddialara cavabı hələlik bəlli deyil.

Təhlükəsizlik Xidməti əməliyyat zamanı 8 Azərbaycan vətəndaşının saxlanıldığını, 4 İran vətəndaşı barədə isə axtarış elan etdiyini deyib.

Onlar Azərbaycan Cinayət Məcəlləsinin terror aktlarının təşkili, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq, qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə maddələri ilə təqsirli bilinirlər, DTX-nın məlumatında qeyd olunub.

Həmin şəxslərin bu ittihamlara cavabı bəlli deyil.

Təhlükəsizlik Xidməti təqsirli bilinən 8 Azərbaycan vətəndaşından 4-nün artıq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini, üçü barəsində isə həbs-qətimkan tədbiri seçildiyini bildirib. Lakin qurum digər şəxsə yönəlik ittihamlar barədə məlumat verməyib.

Qurum onu da bildirib ki, bu qrupla əməkdaşlıq edən digər şəxslərin müəyyən olunması üçün istintaq əməliyyat tədbirləri davam etdirilir.

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat Azərbaycan və İran arasında münasibətlərin yenidən kəskinləşdiyi dövrdə baş tutub.

Martın 5-də rəsmi Bakı Tehranı Naxçıvana bir neçə dron atmaqda günahlandırıb və diplomatik nümayəndələrini təhlükəsizlik səbəbilə bu ölkədən çıxarmağa başlayıb.

İran tərəfi öz ərazisindən Naxçıvana dron atılmadığını bildirib və bu məsələnin araşdırılacağını qeyd edib.