Qazaxıstanı dəyişən yanvar. Ölkə tarixindəki ən böyük iğtişaşın hansı izləri qalıb?
Nərgizə Rıskulova
BBC, Almatı

Şəklin mənbəyi, PAVEL PAVLOV/ANADOLU AGENCY VIA GETTY IMAGES
2022-ci ilin ilk ayı müasir Qazaxıstan tarixinə “Qandy Qantar” – qanlı yanvar kimi daxil oldu. Qazın bahalaşmasından narazılıq tez bir zamanda çoxminlik etiraz aksiyalarına çevrildi.
İğtişaşa çevrilən dinc nümayişlərin bir hissəsi qəddarlıqla yatırıldı.
Həmin hadisələrin necə və niyə baş verməsinə dair hələ də inandırıcı versiya yoxdur, amma hamı bir məsələdə həmfikirdir: yanvar hadisələri ölkənin siyasi strukturunu xeyli dəyişdi və bir çox qazaxıstanlının həyatını “əvvəl” və “sonra”ya böldü.
Yeni ilin yeddinci günü Meldexan ailəsinin ərzaq ehtiyatı tükənməyə başladı.
Almatıda etirazlar, demək olar ki, dayanmışdı, televizorda deyirdilər ki, şəhərdə asayiş bərpa olunub. Ancaq hələ də internet yox idi, mağazalar ancaq nağd pul qəbul edirdi.
Alış-verişə uşaqların dördü də getmişdi – böyüklərə balacalar da qoşulmuşdular.
Onlar şəhərin yarısını dolaşmalı olmuş, çörəyi bir mağazadan, uşaq bezini başqasından tapmış, evə qayıdanda Seyfulin və Satpayev küçələrinin kəsişməsindən “Respublika” meydanına - Almatı şəhərinin baş meydanına tərəf dönəndə onların maşınına atəş açılmışdı.
Ailənin böyük övladı, 18 yaşlı Aydar maşını geri döndərsə də, güllə yağışı davam etmişdi. Sonra maşında 20-yə yaxın güllə yeri sayacaqdılar.
Yaralanmış uşaqlar avtomobildən düşüb yol maşınıyla ən yaxın xəstəxanalardan birinə gediblər.
Ataları onların yanına gəlib çatanda yeddi güllə yarası almış böyük qızı reanimasiyada imiş. Kiçiyi - 4 yaşlı Aykorkemsə artıq ölmüşdü.
Aydos Meldexan uşaqlarının alış-verişə getməsinə icazə verdiyi gün ölkə Prezidenti Kasım-Jomart Tokayev hərbçilərə xəbərdarlıq etmədən atəş açmaq əmri vermişdi.

Şəklin mənbəyi, ALEXANDR BOGDANOV/AFP VIA GETTY IMAGES
"Problemin sülh yoluyla həlli üçün tərəflərin danışıqlara getməsinə dair xaricdən çağırışlar edilir. Axmaqlıqdır. Cinayətkarlarla, terrorçularla hansı danışıqlar ola bilər?" – onda Tokayev belə demişdi.
Yanvardakı etirazların ilk beş günündə hakimiyyətin münasibəti laqeydlikdən və yanacaq qiymətlərinin aşağı salınmasıyla bağlı güzəştlərə hazır olmaqdan başlayıb bəzi şəhərlərdə aqressiv xarakter almış nümayişlərin zorakılıqla yatırılmasına və dövlət çevrilişi cəhdiylə bağlı bəyanatlara qədər gedib çıxmışdı.
Tokayev bəyan etmişdi ki, "Hakimiyyət yıxılmayacaq!"

Şəklin mənbəyi, STR/AFP VIA GETTY IMAGES
O, kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) - Moskvanın rəhbərlik etdiyi hərbi alyansa müraciət etmiş, KTMT Qazaxıstana əsasən, Rusiyadan olan 3600-ə yaxın əsgər göndərmiş, yanvarın 13-nə qədər ölkə üzrə 10 mindən çox adam saxlanılmışdı.
Rəsmi məlumatlara görə, polislə nümayişçilər arasındakı toqquşmalar zamanı 19-u təhlükəsizlik işçisi olmaqla, 238 nəfər həlak olmuşdu.
Müxtəlif hesablamalara görə, bir neçə yüzdən bir neçə minə qədər şəxs yaralanmışdı.
Təkcə etirazçıların və təhlükəsizlik qüvvələrinin deyil, meydana təsadüfən gedib çıxmış qadınların, təqaüdçülərin və uşaqların da həyatına son qoyan qanlı yanvar qurbanlarının ən kiçiyi Aykorkemdir.
Prokurorluğun məlumatına görə, həmin günlərdə 20 nəfər "təsadüfən atəş altına düşüb".
Ancaq hüquq müdafiəçiləri belələrinin daha çox olduğunu düşünürlər - ola bilsin, bəziləri yaxınlarını rəsmi orqanlara məlumat vermədən dəfn ediblər.
“Onlar ölüm gətirdilər”

Şəklin mənbəyi, MELDEKHAN FAMILY ARCHIVE
Bir çox qazaxıstanlı kimi, Meldexanlar ailəsi yeni il yeməklərini - beşbarmaq və olivyeni yeyib qurtaran gün Almatıdan 3 min kilometr qərbdə insanlar maye qazın qiymətinin aşağı salınması tələbilə küçələrə axışmışdılar.
Hökumət yanvarın 1-dən qazın ikiqat bahalandığını açıqlamışdı.
Nümayişlər 2011-ci ildə neftçilərin kütləvi aksiyalar keçirdiyi Janaozen şəhərində başlamış və bu dəfə də hərbçilər tərəfindən qəddarlıqla yatırılmış, 17 nəfər həlak olmuş, yüzlərlə insan isə yaralanmışdı.
O günlərin ən məşhur şüarı korrupsiyadan, qanunsuzluqdan və yoxsulluqdan bezmiş qazaxıstanlıların ortaq əhval-ruhiyyəsini əks etdirən “Qoca, çıx get!” çağırışıydı.
KPMG audit şirkətinin hesablamasına görə, Mərkəzi Asiyanın ən böyük və ən zəngin ölkəsi olan Qazaxıstanda milli sərvətin yarısı 2019-cu ildə cəmi 162 nəfərə məxsus olub.

Şəklin mənbəyi, RUSLAN PRYANIKOV/AFP VIA GETTY IMAGES
Ölkənin digər şəhərlərinə də yayılan etirazlar getdikcə aqressivləşmiş, Almatıda polislə toqquşma olmuş, yanvarın 5-nə keçən gecə etirazçılar avtomobilləri yandırmağa başlamış, yanvarın 5-də günorta saatlarında kütlə meriyanın binasına, keçmiş prezident iqamətgahına və bir neçə başqa binaya hücum etmiş, hakimiyyət ölkədə fövqəladə vəziyyət elan edərək internet və telefon rabitəsini kəsmiş, yanvarın 6-da Qazaxıstana KTMT qoşunları daxil olmuşdu.
Hazırda hamı bir məsələdə həmfikirdir: nümayişçilər arasında əllərində bıçaq, dəyənək və ov tüfəngi olan, dükanları soyan, inzibati binalara basqın edən və yandıran insanlar da olub.
Çoxları onları təxribatçı adlandırır.

Şəklin mənbəyi, PAVEL MIKHEYEV/REUTERS
"Bizdə əvvəllər də aksiyalar olurdu və adətən tez bitirdi. Mən hakimiyyətə tam inanırdım və ayın 4-də televizorda şəhər küçələrindəki hərbçiləri və polisləri görəndə sevindim və başa düşdüm ki, şəhər sahibsiz deyil. Mən onların ölüm gətirdiyini bilmirdim”, - Aydos belə deyir.
Həmin günlərdə Tokayev Aykorkemin öldüyü və çox sayda yaralının müalicə olunduğu xəstəxanaya baş çəkib.

Aydos Prezidentə yaxınlaşa bilib və ona əzab verən sualları səsləndirib - "Mənim uşaqlarımın günahı nəydi? Niyə onlara atəş açdılar?"
Prezident öz köməkçisindən xahiş edib ki, Aydosun telefon nömrəsini yazsın və məsələni araşdırıb onunla əlaqə saxlasın.
Amma sonra ailə nə Tokayevin özündən, nə də aparat işçilərindən bir söz eşidib.
O vaxt baş verənləri anlamaq üçün Aydos son bir ildə nəinki Tokayevə çoxlu məktub yazıb, hətta onunla görüşmək üçün Astanaya da gedib.
Yanvarda öldürülən və saxlanılan digər şəxslərin qohumları da oxşar vəziyyətlə üzləşiblər.

Şəklin mənbəyi, ALEXANDR BOGDANOV/AFP VIA GETTY IMAGES
“Ölənlərin təqsirsizliyini sübut etmək çətindir”
Hüquq müdafiəçisi Baxıtjan Toreqojina yaşlı anasıyla birlikdə bayramı qeyd edəndə fəallar zəng vurub ona atışma başladığını deyiblər.
Onda Almatıda artıq interneti kəsmişdilər.
“Bir neçə saat sonra biz dəqiq bilirdik ki, Taldıkorqanda, Şımkənddə, Qızılordada adamları öldürürlər”, – Toreqojina belə deyir.
Hadisələrlə bağlı ən ağır ittiham (dövlətə xəyanət) Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri, Nazarbayevin silahdaşı Kərim Məsimova qarşı irəli sürülüb.
Onun iki müavini hakimiyyəti ələ keçirmək ittihamıyla saxlanılıb.
Hər üç şəxsə qarşı proses bağlı qapılar arxasında keçirilib, iş materialları məxfiləşdirilib.
Elə həmin yanvar ayında komitənin üç üzvü ölü tapılmışdı - media onların intihar etdiyini yazmışdı.

Şəklin mənbəyi, ANADOLU AGENCY VIA GETTY IMAGES
İğtişaşlar nəticəsində həlak olanlarla bağlı iki növ cinayət işi açılıb: qətlə yetirmə faktları və kütləvi iğtişaşların təşkili və ya iğtişaşlarda iştirak faktları üzrə.
Toreqojina qətllərlə bağlı, demək olar ki, bütün işlərə xitam verildiyini deyir:
"Birinci kateqoriyaya güllənin dəyib keçdiyi hallar aiddir, bu variantda kimin atəş açdığını öyrənmək, demək olar ki, mümkün deyil, ona görə də belə işləri bağlayırlar. İkinci kateqoriya üzrə güllənin bədəndə qalması halları araşdırılır, bu variantda hansı silahdan atəş açıldığını və sahibinin kim olduğunu öyrənmək olar. Amma atəş açan əsgər və ya polis olubsa, bu iş dərhal “məxfi” kateqoriysına aid edilir”.

Toreqojina hesab edir ki, hakimiyyət yanvar hadisələriylə bağlı işlərin məhkəməyə gedib çatmasında və atəş açan hərbçilərin cəzalandırılmasında maraqlı deyil.
Əvvəlcə qətl kimi müəyyən edilən bir çox hallar sonradan “vəzifə səlahiyyətlərindən sui-istifadə” kimi təsnifləndirilib, çünki bu maddə daha yüngül cəza nəzərdə tutur.
Hüquq müdafiəçisinin fikrincə, hakimiyyət cəmiyyətlə qeyri-rəsmi konsensus əldə etmək istəyir: etirazçılara atəş açanları cəzalandırmamağın müqabilində nümayişçilərin təqibi işində canfəşanlıq etməmək.
Bir il ərzində məhkəməyə yalnız bir qətl işi göndərilib.
"Həlak olanların qohumlaının bir çoxu polislə əlbir olaraq ifadələrini geri götürüblər. Çünki heç biri oğlunun, qardaşının və ya əmisinin ölümündən sonra terrorçu elan edilməsini istəmir. Bu, sovet dövründəki vətənə xəyanət ittihamı kimidir. Belələrinin soyadıyla yaşamaq asan olmur. Ölülərin təqsirsizliyini sübut etməksə çətindir”.

Şəklin mənbəyi, ERMEK ABDRESHEV
Yanvar aksiyaları müasir Qazaxıstanın tarixində ən kütləvi və ən qanlı hadisədir.
Baxıtjan Toreqojina həmkarlarıyla birlikdə hələ ilk günlərdən ölənlərin, yaralananların və saxlanılanların uçotunu aparmağa çalışıb.
Yaxınlarını tapa bilməyən onlarla insan onlardan kömək istəyib.
Daha sonra könüllülər və hüquq müdafiəçiləri “Qantar 2022” ictimai hərəkatını yaradıblar.
Onlar yaralılar və ölənlər haqqında məlumatları mütəmadi olaraq yeniləyirlər.
Yeni Qazaxıstan?

Şəklin mənbəyi, ABDRESHEV FAMILY ARCHIVE
Yanvar hadisələrindən ötən bir il ərzində ölkədə, deyəsən, həqiqətən çox şey dəyişib.
İlk Prezident Nazarbayevin bir çox abidəsi hələ iğtişaş günlərində dağıdılıb və bərpa olunmayıb.
Elbaşı imtiyazlarının və vəzifələrinin əksəriyyətini itirib.
Hadisələrdən sonrakı ilk çıxışında, o, özünü sadə pensiyaçı adlandırıb. Qazaxıstanın paytaxtına əvvəlki adı (Astana) qaytarılıb.

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
O günlərdə Kasım-Jomart Tokayev nəinki keçmiş müdirindən uzaqlaşdı, həm də konstitusiya dəyişikliklərinin vəd olunduğu siyasi islahatlara başladı.
İyirmidən çox düzəliş arasında prezidentlik müddətinin bir dəfəyə endirilməsi, səlahiyyət müddətininsə yeddi ilə qaldırılması qaydaları vardı.
Noyabrda Tokayev növbədənkənar prezident seçkilərində iştirak edib və xəbərdarlıq etmədən atəş açmaq əmrini verəndən cəmi 10 ay sonra asanlıqla qələbə qazanıb.
"Tokayev yeni Qazaxıstan qurduğunu deyir, amma seçkilər köhnə Qazaxıstan üslubunda keçirilib. Onun rəqibləri arasında real müxalifət yox idi, sadəcə, texniki namizədlər vardı, yəni, xalqın real seçim imkanı yox idi", - Qazaxıstanda işləyən britaniyalı jurnalist Joanna Lillis belə deyir.
“Yeni Qazaxıstan”ın növbəti sınağı yaxın altı ayda baş verəcək: iyuna qədər ölkədə parlament seçkiləri keçirilməlidir.
Noyabr ayında 2013-cü ildən bu yana ilk yeni partiya qeydiyyatdan keçib, amma Lillisin sözlərinə görə, bu təşkilat hakimiyyətə real alternativ kimi görünmür:
“Nə qədər ki, biz Tokayevi həqiqətən tənqid edən və hakimiyyətdən öz hərəkətlərinə görə cavabdehlik tələb edən real müxalifət görməyəcəyik, [...] baş verənlər Nazarbayev dövründəki siyasətə bənzəyəcək. Olsa-olsa, repressiya nisbətən az ola bilər. Hələ ki siqnallar ümidverici deyil”.
***
Meldexan ailəsi hakimiyyətin həmin hadisələrə görə təzminat ödədiyi azsaylı qurbanlarından biridir - onlara 20 min dollara yaxın pul və Almatıdakı yeni tikilidə üçotaqlı mənzil verilib.
Aydos əmindir ki, bunu onu susdurmaq üçün - televiziyada çıxış etməməsi, jurnalistlərlə danışmaması üçün ediblər.
Ancaq o, susmayacağını deyir, bildirir ki, onun üçün vacib olan şey qızının necə həlak olması haqda həqiqəti öyrənməkdir.
İstintaq maşına hərbçilərin atəş açdığını müəyyən edib, amma sonra iş məxfiləşdirilib: indi istintaqın təfərrüatlarıyla nə Aydos, nə də vəkili tanış ola bilir.
Aykorkemin ölümündən yarım il sonra Almatının mərkəzi küçələrinin birində naməlum rəssamlar divara onun milli paltarlı fotosunun ağ-qara variantı çəkiblər.
Şəklin yanında atasının yazdığı şeirdən bir misra da varmış: “Məni hansı dayı vurdu?”
Aydos və həyat yoldaşı bundan təsirlənərək rəssamları tapmaq, onlara təşəkkür etmək istəyiblər.
Ancaq divarın yanına qayıdanda görüblər ki, bələdiyyə işçiləri şəklin üstünə rəng çəkiblər.
Enerji şirkətindən Aydosa bildiriblər ki, transformatorların üstünə şəkil çəkmək qadağandır və rəssamlar obyektin təhlükəli olması barədə xəbərdarlıq nişanlarının üstünü örtdükləri üçün portreti rəngləmək məcburiyyəti yaranıb.
Şirkətin nümayəndəsi əlavə edib ki, dərdi, kədəri və narazılığı qanun çərçivəsində bildirmək lazımdır.




