Ukraynada döyüşən iki Britaniya və bir Mərakeş vətandaşına edam cəzası verilib

Ukraynada döyüşən iki britaniyalı və bir mərakeşli Rusiya qüvvələri tərəfindən əsir götürülüb

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Edam cəzasına məhkum edilən iki Britaniya vətəndaşı Aiden Aslin (solda), Shaun Pinner (mərkəzdə) və Mərakeş vətəndaşı Brahim Saaudun (sağda) məhkəmə zalında.

Ukraynaya döyüşməyə gedən və döyüşlərdə Rusiya qüvvələri tərəfindən tutulan iki Böyük Britaniya və bir Mərakeş vətəndaşına Rusiyanın nəzarətində olan ərazilərdə keçirilən məhkəmədə edam cəzası verilib.

RIA Novostinin məlumatına görə, Britaniya vətəndaşları 28 yaşlı Nottinghamshiredən Aiden Aslin və Bedfordshiredən olan 48 yaşlı Shaun Pinner Rusiyanın dəstəklədiyi separatçı Donetsk Xalq Respublikasında məhkəmə qarşısına çıxarılıblar.

Həmin ərazilər Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir, amma beynəlxalq hüquqa görə Ukrayna ərazisi hesab olunur. Bu vəziyyətə görə məhkəmə beynəlxalq aləmdə legitim qəbul olunmur.

Üç nəfər "muzdlu döyüşçü" olmaq ittihamıyla məhkəmə qarşısına çıxarılıb. Amma Britaniya vətəndaşı olan iki nəfərin ailələri onların Ukrayna ordusunun əsgərləri olduğunu deyirlər.

Britaniya rəsmiləri hər iki vətəndaşının Ukrayna silahlı qüvvələrində xidmət etdiyini və "müharibə əsiri" olduğunu deyir. Britaniyanın açıqlamasına görə, Aslin və Oinner ordu mənsubu olduqlarından toxunulmazlıqları olmalıdır və döyüşlərdə iştiraka görə məhkəməyə verilməməlidirlər.

RIA News Telegram kanalında xəbəri elan edib və yazıb ki, "Donetsk Xalq Respublikası Ali Məhkəməsi britaniyalı muzdlu döyüşçülər Aiden Aslin və Sean Pinner ilə mərakeşli Saadun Brahim haqqında ilk qərarını açıqlayıb, hər üçünü edam cəzasına məhkum edib".

Donetskdə ölümə məhkum edilən britaniyalılar kimdir?

Edam cəzası verilən üç nəfər Ukrayna ordusunda döyüşüblər və Mariupolda Rusiya qüvvələri tərəfindən əsir götürülüblər. 28 yaşlı Aiden Aslin Nottinghamshire-in Newark qəsəbəsindən 2018-ci ildə Ukrayanaya gedib və ukraynalı bir qadınla nişanlı olub, daha sonra Ukrayna donanmasına qoşulub.

Ailəsinin dediyinə görə, Aslin daha əvvəl də Suriyaya gedərək kürd döyüşçülərlə birgə İŞİD-ə qarşı döyüşüb.

O, Rusiya qüvvələri tərəfindən əsir götürüləndən bəri Rusiya televiziyaları onun görüntülərini yayımlayıb. Yayılan videolarda o, yorğun, yaralanmış və üzü şişmiş görünüb.

Shaud Pinnerin ailəsi isə onun Britaniya ordusunun "çox hörmətli üzvü" olduğunu söyləyir.

Pinnerin ailəsi deyir ki, o, dörd il əvvəl Ukraynaya gedib və təcrübəsini orada bölüşmək üçün Ukrayna ordusuna qatılıb.

Ailəsinin sözlərinə görə, o, Ukraynadakı həyatı "çox sevib və oranı yeni evi olaraq mənimsəmişdi", elə Ukraynadakı humanitar ehtiyaclarla məşğul olan ukraynalı həyat yoldaşı ilə də orada tanış olub.

Pinnerin Ukrayna ordusu ilə üç illik müqaviləsi bu ilin sonunda başa çatmalıydı və o da ölkədəki humanitar yardım xidmətində işləməyə qərar veribmiş.

Qərardan şikayət vermək istəyirlər

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Üç nəfərə edam cəzası verən hakim heyəti qərarı ədalətli hesab edir.

İnterfaks da üç nəfərin “muzdlu” olaraq “Donetsk Xalq Respublikasında konstitusiyanı pozaraq, hakimiyyəti ələ keçirməyi hədəfləmək” ittihamı ilə mühakimə olunduğunu yazıb.

TASS xəbər agentliyi onların qərardan Ali Məhkəməyə apellyasiya verəcəklərini yazıb.

Donetsk Xalq Respublikası 2014-cü ildə Ukrayna ordusuna qarşı savaşan, Rusiyanın dəstəklədiyi və Rusayönümlü separatçıların idarə etdiyi torpaqlarda elan etdikləri bir bölgədir.

2014-cü ildə həm Donetsk, həm də qonşusu Luhanskın üçdə bir hissəsini Rusiyayönümlü seperatçılar ələ keçirib və burda Donetsk və Luhansk Xalq Respublikalarını elan ediblər.

Fevralın 24-də Rusiyanın Ukraynanı işğalı başlamazdan bir neçə gün əvvəl Kreml bu iki bölgənin müstəqilliyini tanıdığını açıqlamışdı.

Bu iki bölgənin mövcud olduğu əraziyə “Donbas” adı verilib. Rus ordusu müharibənin son həftələrində bu bölgəyə fokuslanaraq sahib olduqları ərazini genişləndirməyə çalışır.

Britaniya: Dərin narahatlıq keçiririk

Müharibə başlayandan bəri Ukraynaya həm hərbi və maddi, həm də geniş diplomatik dəstək verən Britaniyadan qərara reaksiya verib.

Ölkənin baş naziri Boris Jonhson-un rəsmi iqamətgahı "Downing Street"dən “Edam qərarlarından dərin narahatlıq duyuruq” açıqlaması gəlib:

“Müharibə əsirlərinin siyasi məqsədlərlə istismar edilməməli olduğunu dəfələrlə demişik. Cenevrə sözləşməsinə görə, müharibə əsirlərinin döyüşçü toxunulmazlığı var və münaqişədə yer aldıqları üçün mühakimə olunmamalıdırlar. Biz də ukraynalı rəsmilərlə çalışaraq, Ukrayna ordusuna mənsub və müharibə əsiri olaraq tutulan bütün Britaniya vətəndaşlarının azad olunması üçün çalışacağıq”.

Britaniyanın xarici işlər naziri Liz Truss da qərar üçün “heç bir legitimliyi olmayan, sözdə məhkəmə qərarı” ifadəsini işlədib.