Bakıda yaşayış binasında yanğın: ölənlər var

Bakı yanğın

Şəklin mənbəyi, Azərtac

Bakının Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində 3 nəfər həyatını itirib.

TƏBİB-in məlumatına görə, noyabrın 21-də 27 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, sonradan onarın çoxu evə buraxılıb.

Hazırda 7 nəfərin müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, yerli media yazıb.

Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Yanğının çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş verdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın tam söndürülüb, mənzillər yanğından mühafizə olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində əmələ gələn tüstüdən üç nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.

Hadisə ilə bağlı Baş Prokurorluq cinayət işi qaldırıb.