Moskvaya dron hücumu: “Müharibə tədricən Rusiya torpaqlarına qayıdır”

Rusiya, Ukrayna, müharibə, münaqişə

Şəklin mənbəyi, EPA

    • Müəllif, James Waterhouse & James Gregory
    • Vəzifə, BBC News
    • Məkan, Ukrayna

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya edilən dron hücumundan sonra müharibənin tədricən Rusiya torpaqlarında baş verdiyini bildirib.

Ukrayna lideri Rusiya ərazisinə edilən hücumların iki ölkə arasında davam edən müharibənin “qaçılmaz, təbii və tamamilə ədalətli prosesi” olduğunu deyib.

Rusiyanın Müdafiə Nazirliyi bazar günü yaydığı açıqlamada Ukraynaya məxsus üç dronun vurulduğunu, ikisinin isə ofis binasına dəydiyini qeyd edib.

Dron hücumu zamanı paytaxtın Vnukovo hava limanı və cənub qərbindəki mərkəzi hissənin də vurulduğu bildirilir.

Kreml dron hücumuna görə Kiyevi günahlandırıb.

Eyni gündə Ukraynanın qərbində yerləşən İvano-Frankivsk şəhərindən xalqa video müraciət edən Zelenski ölkəsinin getdikcə daha da gücləndiyini diqqətə çatdırıb.

“Bu gün Rusiya rəhbərliyinin bir neçə həftə davam edəcəyini düşündüyü qondarma “Xüsusi Hərbi Əməliyyatın” 522-ci günüdür. Müharibə tədricən özünün simvolik mərkəzi və hərbi bazası olan Rusiya torpaqlarına qayıdır və bu, tamamilə qaçılmaz, təbii və tamamilə ədalətli prosesdir”, - Ukrayna Prezidenti vurğulayıb.

Hücumun bu cür xarakterizə edilməsi bugünədək Rusiyanın daxili ərazilərinə olunan hücumları qəbul etməyən Kiyevin ənənəvi yanaşmasından fərqlənir.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bu, etirafdan daha çox Pezident Zelenskinin təkcə Kremli yox, həm də onun yaratdığı təzyiqləri dəf etməklə bağlı özünü kifayət qədər əmin hiss etməsi anlamına gəlir.

Bu cür dron hücumları həm də Ukrayna lideri üçün bir fürsətdir ki, Rusiya xalqına, xüsusilə də Moskvanın işğalına haqq qazandıranlara öz sözünü çatdırsın.

Zelenski bildirib ki, əgər rusiyalılar Ukraynada baş verən partlayışları öz evlərinə yaxın ərazidə hiss etsələr, Vladimir Putin üçün işğal siyasətinə bəraət qazandırmaq çətin olacaq.

Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev bazar günü deyib ki, əgər Kiyevin davam edən əks-hücumları uğurlu olarsa, Moskva nüvə silahı istifadə edə bilər.

Hazırda Rusiya Təhlükəsizlik Şurasına sədrlik edən Medvedev sosial media hesabından etdiyi paylaşımda qeyd edib ki, əgər Ukrayna “bizim torpaqlarımızı” ələ keçirərsə, “başqa çıxış yolumuz olmayacaq”.

Rusiyalı rəsmilərin bildirdiyinə görə, şənbə günü həyata keçirilən dron hücumları zamanı xəsarət alan olmayıb. Moskva meri Sergey Sobyanin iki ofis binasının fasadına “yüngül zərər dəydiyini” deyib.

Hadisə yerinin fotolarından binaların küncündə bir neçə pəncərənin qırıldığı və yerdə dağıntı qalığının olduğu görünür.

Adının Liya olduğunu deyən hadisə şahidi Reuters xəbər agentliyinə verdiyi açıqlamada yanğın və tüstü gördüyünü qeyd edib.

“Partlayış eşitdik, dalğa kimi idi, hər kəs yerindən atıldı. Daha sonra ətrafı tüstü bürüdü, nəyisə görmək mümkün deyildi. Lakin yuxarıdan alov görmək olurdu”, - hadisə şahidi deyib.

Hücumdan sonra Vnukovo hava limanından uçuşlar təxirə salınıb və gələn təyyarələr digər aeroportlara yönləndirilib.

Müdaifə Nazirliyinin bəyanatında “terror cəhdinin qarşısının alındığı” bildirilib.

Moskva Ukrayna sərhədindən 500 kilometr aralıda yerləşir və Rusiyanın Ukraynaya qarşı 2022-ci ilin fevralından başlatdığı və indiyə kimi davam edən müharibə boyu paytaxta edilən hücumlar çox nadir hallarda baş verib.

Rusiya paytaxt Moskva da daxil olmaqla son bir neçə ay ərzində ölkənin müxtəlif bölgələrinə edilən dron hücumlarına görə Ukraynanı ittiham edib.

Ən səs-küylü dron hücumu isə mayda qeydə alınıb. Həmin vaxt Rusiya Ukraynanı Moskvanın ürəyi hesab edilən Kremlə iki dron hücumu etməkdə günahlandırmışdı. Lakin rəsmi Kiyev Kremlə hücumu və ya Prezident Vladimir Putinin hədəf alınması ilə bağlı Moskvanın iddialarını rədd etmişdi.

Rusiya tərəfi həmçinin iddia edib ki, Ukrayna gecəboyu 2014-cü ildə Rusiyaya ilhaq edilən Krım bölgəsinə də dron hücumu təşkil edib. Rəsmilərin bildirdiyinə görə, 16 dron zərərsizləşdirilib və daha 9 dron hücumunun isə qarşısı alınıb, TASS xəbər agentliyi yazıb.

Bu arada ukraynalı rəsmilər bildiriblər ki, Rusiya tərəfindən Ukraynanın şimal şərqində yerləşən Sumi şəhərinə endirilən raket zərbələri nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Bundan əlavə, rəsmi Kiyev şənbə günü ölkənin cənubundakı Zaporojye şəhərinə edilən hücumlar nəticəsində iki dinc sakinin öldüyünü açıqlayıb.