Vətənpərvərlik mahnıları, təhdidlər və kamera qarşısında üzr istəmə. Müharibə ilə razı olmayan rusiyalıların alçaldılması necə baş verir?
- Müəllif, Yelizaveta Foxt, Nataliya Zotova
- Vəzifə, BBC

Mart ayının ortalarında polisin Moskvada bara gələn adamları “Lyube” qrupunun mahnısını təkrar etməyə məcbur olunduğunu göstərən video bütün sosial şəbəkələrə yayıldı.
Bundan bir gün sonra da güc strukturları başqa bir Moskva barında təqdimat mərasimini dağıdıb, əvvəl olduğu kimi iştirakçıları ələ saldılar.
Bu, sosial antropoloqların “günah və xəcalət mərasimi” adlandırdıqları cəmi iki - daha gur ictimai rezonans yaratmış nümunədir.
BBC müharibə başlandıqdan sonra Rusiya güc xidmətlərinin bu kimi həqarət və qorxutma üsullarına tez-tez əl atdığından danışır.
“Mən SİZO-ya düşmək istəmirdim”
2022-ci ilin əvvəlində Mixail Suxoruçkin Rusiya qoşunlarının Kiyev yaxınlığındakı Buça şəhərinin işğalı zamanı dinc sakinlərin qətlə yetirilməsi haqqında xəbərləri oxuyub anlamışdı ki, heç olmasa nə isə etməlidir. Moskva sakini olaraq, 18 yaşlı Mixail o zaman Kalininqradda yaşayırdı – Baltik Federal Universitetinin birinci kursunda oxuyurdu.
Aprelin 6-na keçən gecə Suxoruçkin evdən çıxıb, müharibə əleyhinə qrafiti üçün yer axtarmağa yollanıb. Çox vaxt İkinci Dünya müharibəsində iştirak edən sovet hərbçilərinə həsr olunmuş ilk monument (stelası hələ 1945-ci ildə açılmışdı) adlandırılan 1200 qvardiyaçıların heykəli rayonunu tələbənin xoşuna gəlmişdi.
“Mən düşündüm ki, heykəlin üzərində şəkil çəkməyə dəyməz, yaxşı deyil”, - Mixail söyləyir. O, memorialdan yan keçib və şəkil çəkmək üçün yararlı bir divar görür, onun üzərinə Putini müharibə ilə bərabərləşdirən bir mətn yazandan sonra tez evə gedib.
İki gündən sonra gec axşam çağında Suxoruçkinin yaşadığı mənzilinə zəng edirlər. Zəng edənlər çatdırma xidməti olduğunu deyirlər və Mixail qapını açır. Qapının ağzında OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi) gözləyirdi.
Onlar gənci üzü aşağı döşəməyə uzadıblar. Tezliklə onlara müstəntiq də birləşib: o, axtarış aparmaq üçün order və cinayət işi qaldırıldığı haqqında qərar gətirib. Mənzilə şahidlər gəliblər.
Axtarışdan sonra gənci Kalininqradın Leninqrad rayonu üzrə polis şöbəsinə aparıblar. Mixail tez qərara gəlib ki, danmaq faydasızdır: axtarış nəticəsində şəhərdə məhz onun qrafiti çəkdiyinə işarə verən kifayət qədər dəlil aşkar edilib.
“Mən çox istəmirdim ki, SİZO-ya (istintaq təcridxanasına) düşüm. Hələ ifadə verməmişkən müstəntiqlə sövdələşmək qərarına gəlmişdim ki, bəlkə məni şəhəri tərk etməmək imzası ilə buraxarlar ya da ev dustaqlığına qərar verərlər. Düşünürdüm ki, hər şeyi sonradan məhkəmədə mübahisə edərəm”, - Mixail deyir.

Özünü təhlükədən qorumaq məqsədilə Mixail polis əməkdaşları üçün təhlükə kəsb etmədiyini nümayiş etdirməyə çalışıb: Putin haqqında divara özü yazdığını etiraf edib, sənədləri oxumayaraq imzalayıb, təyinatlı vəkildən imtina etməyib və hətta sabahısı gün “istintaq əməliyyatları” üçün çağırışla gəlməyə razı olub.
“Mən bunu etdim, çünki səfehəm”
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Sorğunu bitirdikdən sonra müstəntiq Mixailin pasportunu əlindən alıb və kabinetdən çıxıb. Bundan sonra kabinetə üç kişi daxil olub – onların ikisinin adı Leonid və Konstantin idi. Onlar xəbərdar ediblər ki, polisdə işləmirlər, odur ki, tutulub saxlanılanlarla davranma prosedurların əməl edilməsinə “tüpürürlər”.
Sonrakı hadisələrin ardıcıllığını gənc indiyə kimi çətinliklə xatırlayır: “Onlardan biri müstəntiqin kürsüsündə əyləşdi. O dedi: “Sən heç anlayırsanmı nə etdiyini? Eynəyini çıxart. İndi biz səni döyəcəyik. Sən nə desən də, bizim üçün fərqi yoxdur, biz səni döyməliyik döyəcəyik”.
Mixail deyir ki, başına gəldikləri “döymək” adlandırmazdı - əmindir ki, onlar istəsəydiər, ona daha çox zərər vurardılar. Ancaq, hər necə olsa da, kişilərdən biri divarın qabağında dayanan tələbənin “boynuna, çiyinlərinə, qarnına açıq ovucu ilə zərbələr endirirdi”.
Suxoruçkin qərara gəlibmiş ki, “tutduğu xəttə əməl etsə”, onu polis şöbəsindən heç vaxt buraxmayacaqlar: “Mən təsəvvür yaratmağa çalışırdım ki, onlarla əməkdaşlıq edirəm və eyni zamanda onlarda vəziyyətə tam nəzarət etdiklərini düşünmək təsəvvürü yaratmaq üçün - guya mənimlə nə etdiklərini anlamıram”.
Gənc “Rusiya təbliğat stereotiplərini“ təkrar etməyə başlayıb. Arada bir neçə dəfə ağlamağa başlayıb. Bu zaman otaqda kişilər videokamera çıxarıblar. “Bu, çox qəribə idi. Konkret “kameraya bax və onu və ya bunu de” kimi heç bir söz deyilməyib. Ancaq mən sınanda və təbliğat tezislərini dilə gətirməyə başlayanda, onlar kameraları çıxartdılar... Mən onların nə istədiklərini anladım”.
İlk cəhddən üzrlü video çəkmək alınmayıb – Mixail “göz yaşlarına tutulub”. Bu zaman güc orqanı işçilərindən biri – Konstantin – özünü “yaxşı polisliyə” vurub, digərlərindən kabinetdən çıxmağı xahiş edib, Mixailə bir də cəhd etməyi təklif edib və kameranı qoşub.
Nəticədə alınmış video “vətənpərvərlik” teleqram-kanallardan birində indiyə kimi əlçatandır – onu dindirmədən bir neçə gün keçmiş internetə yükləyiblər. Videoda əllərini arxasında tutmuş, saçları dağınıq halda Mixail divara sıxılır. Kadr arxası səs deyir “getdik”. Bundan sonra tələbə oğlan duruxa-duruxa özünü “səfeh” adlandırır və deyir ki, “vandallıq aktı törətdiyi üçün” peşman olur: “Mən çox az həyat təcrübəsinə malikəm və informasiyanı nüfuzlarını itirmiş və qeyri-etibarlı mənbələrdən almışam”. Tələbə vətənpərvərlik təşkilatlarına üzv olmağa söz verir və Putinin Ukraynada “nasizmə qarşı” hərəkətlərini dəstəkləməkdən danışır.
Video yazıldıqdan sonra Mixaili evə buraxmaq qərarına gəlirlər. Konstantin ona xatırladır ki, o, sabah çağırış vərəqəsinə əsasən gəlməlidir və nədənsə tələbədən 13 qərənfil gətirməyi xahiş edir. O xatırlayıb ki, hələ dindirmə zamanı müstəntiq də “regional xəbərlər”in işlə maraqlandığını demişdi.
“Mən ehtimal etdim ki, yəqin məni bu qərənfilləri heykəlin önünə qoymağa və kameraya dediklərimi təkrar etməyə məcbur edəcəklər ki, mən öz əlimlə liberal-demokratik dəyərlərə inanmadığım mülahizəni irəli sürüm və ki, mən sadəcə səfehin biriyəm“.
Tələbə qərara gəlib ki, nə yeni üzrxahlıqlara, nə də bir daha güc orqanı nümayəndələri ilə ünsiyyətə yol verməməlidir: “Mən başa düşdüm ki, ya yalan danışmağa davam etməyə məcbur olacağam, ya da, əgər mövqeyimi dəyişsəm, yenə o insanlarla görüşəcəyəm”.
Mixail qərənfil almadı. Aprelin 9-na keçən gecə o, Kalininqraddan piyada (avtobusa ya təyyarəyə bilet ala bilməzdi, çünki pasportu müstəntiqdə qalıb) yola düşür və üç gündən sonra Polşa sərhədinə çatıb.Həmin məqamda onunla təmas kəsilib.
Onun harada olduğunu nə güc orqanları, nə anası, nə onun kiçik qardaşı, nə də Moskvada yaşayan anası bilib. “Sever. Realii” nəşri yazırdı ki, Suxoruçkinin anası üç gün oğlunun harada olduğunu bilməyib. O, Mixailin üzrxahlıq videosuna dəhşətlə baxıb və dərhal oğlunun videoda “son dərəcə qorxduğunu” anlayıb.
Bu arada Mixail Polşa sərhədçilərinə təslim olub və siyasi sığınacaq istəyib. Hazırda o, Fransada yaşayır.
Çeçenistandan Moskva barlarınadək
Mixail Suxoruçkinin başına gələnlər sosial antropologiyada günah və xəcalət mərasimi adlanır. Bu halda söhbət qanun əsasında cəzalandırmaq üçün bir səbəb tapılmayanda – və ya bu kimi cəzanın yetərli görünmədiyi zaman - güc orqanları nümayəndələrinə lazım olan məhkəmədən kənar təzyiqlərdən gedir. BBC hələ 2021-ci ildə bu təcrübənin o zaman Rusiyanın bir çox bölgələrində yayılması haqqında ətraflı məlumat vermişdi.
Adətən kamera qarşısında üzr istəmək mədəniyyəti Şimali Qafqaz və xüsusilə Çeçenistanla əlaqələndirilir. İlk böyük rezonansa səbəb olmuş açıq peşmançılıq nümayişi ilə bağlı hadisə 2015-ci il dekabrında reabilitasiya mərkəzinin əməkdaşı Ayşat İnayeva ilə baş verib.
O, respublika başçısı Ramzan Kadırovu “nümayişkaranəçilikdə” ittiham edib və sonra şəxsən ondan üzr istəməyə məcbur olub. Əslində bu janr Çeçenistandan kənarda da yayılıb.

Son illər Rusiya güc orqanı nümayəndələri insanları etiraz mitinqlərində iştirak etmək, korrupsiya, toy zamanı atəş açmaq, koronavirus haqqında feyk məlumat yaymaq və hətta zarafatlara görə kamera qarşısında üzr istəməyə məcbur ediblər.
Rusiyada belə təcrübənin qanuniliyi qiymətləndirilməyib. 2021-ci ildə “Hüquqi təşəbbüs” təşkilatı Avropa İnsan Haqları Məhkəməsinə, öz qohumunun dedikləri üçün üzr istəməyə məcbur edilən İnquşetiya sakininin maraqlarını müdafiə etmək üçün, bu fenomeni qiymətləndirməyə təklif edib. Bu məsələ üzrə hələ qərar yoxdur, BBC-yə hüquq müdafiəçiləri bildiriblər.
“Bu günah və xəcalət mərasimlərinin iki funksiyası var: birincisi – konkret bir insanı alçaltmaq, ikincisi – ictimaiyyətə siqnal göndərmək. Nümayiş etdirmək ki, Petya İvanov çox səhv hərəkət edib, Petya İvanov kimi olmayın”, - BBC-yə antropoloq Aleksandra Arxipova izah edib.
Güc strukturu nümayəndələri xüsusilə Rusiyanın Ukraynaya tam miqyaslı işğalı başlayandan sonra bu “mərasimə” tez-tez əl atmağa başlayıblar.
Keçən ilin may ayında sosial şəbəkələrdə işğal olunmuş Ukrayna əraziləri sakinlərinin Rusiya ordusu qarşısında üzrxahlıq etdiyini əks etdirən video görüntüləri yayılmışdı (iştirakçı ukraynalı qadınlardan biri “denasifikasiya” kursu keçdiyini bildirib).
Tomsk vilayətində meriya qarşısında müharibə əleyhinə mövzuda yazılarla lövhəciklər səpələyən kişini videoda üzr istəməyə və deməyə məcbur etmişdilər ki, “Rusiya qoşunları Ukraynada faşizmlə mübarizə aparır və bunu düzgün edirlər”.
Krımda müştərinin xahişi ilə onun bədəninə “Krım - Ukraynadır” döymüş tatuirovka ustası qadının üzr istəməsi videosunu internetdə yaymışdılar.
Ukrayna xalq naxışları ilə köynəklə (vışivanka) çəkilib yaydığı videoya görə Pervouralsk şəhərindən olan müəllim ”Rusiya silahlı qüvvələrini təhqir etdiyinə görə” cərimələnib.
İki təhqir etmə mərasimi də bir mart günü ərzində Moskvada müşahidə olunub: cümə günü martın 17-si axşamı polis Underdog və La Virgen barlarına gəlib və barın işçiləri və müştərilərini “Lyube” qrupunun “Tozağacı” mahnısını oxumağa məcbur ediblər. Bundan əvvəl güc orqanı əməkdaşları bara gəlmiş qadınlardan birini qapının üzərinə Rusiyanın başladığı müharibənin rəsmi simvolu olmuş “Z” hərfini yazmağa məcbur ediblər.
Martın 19-u bazar günü isə, polislər “hərbi feyk” işi üzrə artıq bir ilə yaxın SİZO-da saxlanan rəssam Saşa Skoçilenkonun komikslərinin təqdimatı zamanı reyd keçiriblər. Onlar təqdimata gələnləri “Açıq məkanda” yerə uzadıb, lakin nəticədə tək Skoçilenkonun dostu Aleksey Belozyorova, icazəsiz kitab alverinə görə, inzibati cərimə protokolu təqdim edilib.
Belozyorovun sözlərinə görə, polislərdən biri onu “petux” adlandırıb və polis maşınına aparıb, ona bir neçə zərbə endirib. “Sadəcə xoşuna gəlməyib ki, saçlarım müxtəlif rənglidir və mən nə isə bir təhər danışıram”, - BBC ilə söhbətində Belozyorov ehtimal edib.
Polislərdən Kessidi də zərər çəkib. O, transnebinar personadır, o istəyir ki, ona qadın kimi müraciət etsinlər. “Mən çox da formal görünmürəm: mənim saçlarım bənövşəyidir, pirsinq olub. Mənə yaxınlaşıb soruşdular: sən oğlansan, yoxsa qız? Dedim ki, oğlanam: mənə elə gəldi ki, belə daha təhlükəsizdir, - o xatırlayır. – Homofob hücumlar həddən çox olub. Biliblər ki, mən ali pedaqoji məktəbdə oxuyuram, deyirdilər: “Sənsən pedaqoq, sən uşaqlarla işləyəcəksən, bu nədir?” Soruşurdular: “O nə halqalardır burnunda?” Mən deyirəm: “Bəs sizin üzünüzdə maskadır?”
Təqdimata gələnləri üzü aşağı yerə uzatdılar. “Məni vaxtaşırı təpikləyirdilər, yeridikləri zaman, lakin, ola bilsin, təsadüfən olurdu”, - Kessidi xatırlayır.
O, Aleksey Belozyorova qarşı zorakılığın şahidi olub: “Bizi polis maşınına doğru aparanda, polisdə Alekseya qarşı hiddətlənmə hiss olunurdu. Mən onların arasında durdum, məni çox kobudcasına araladılar, və maşına daxil edərkən, əməkdaş mənə hücum etməyə başladı: sən petuxsan! – deyə qarnıma zərbə endirdi, lakin zəif [zərbəidi]”.
Kessidi polisin sözlərini xatırlayır: “Biz sizinlə nə istəsək edə bilərik, və bizə heç nə olmaz”.
”Mən özümü onların ixtiyarında hiss edirdim, - Kessidi etiraf edir. – Bu, mən çox güclü təsir etdi. Ümumiyyətlə, məndə həyəcanlılıq olub, mən ondan müalicə olunuram, artıq keçib. İndi isə mən həmişə keşikçilərə, polislərə boylanıram, daima fikirləşirəm ki, nə isə cibimizə gizli atarlar və bu barədə universitetdə bilərlər, valideynlərimiz bilər. Mən şöbədən çıxanda, metroya tək getməyə qorxurdum“.
"O birilərini qorxutmaq ki, sakit otursunlar"
İndi gedən müharibə ətrafında zorakılıq kəməndi təşkil edilir, antropoloq Aleksandra Arxipova izah edir: “İnsanlar zorakılıq etməyə başlayırlar, çünki hər yanda belə edirlər. Və əgər şərti olaraq polis bölməsində 10 əməkdaş vardır, onların yeddisi tutulub saxlanılanları döyür, işgəncə verir və alçaldırlarsa, qalan üçü də belə edəcək. Və bir halda ki, hüquq mühafizəçiləri bilirlər ki, bu, cəzalandırılmayacaq, onlar bu kəməndə düşür və artıq oradan çıxa bilmirlər”. Ona görə də istənilən müharibə cəmiyyətdə zorakılıq partlayışlarına gətirir, o əlavə edir.
Günah və xəcalət mərasimində eləcə alçaltmaq, eləcə də üzr istəməyə məcbur etmək məqsədi vardır – özü də ki, ictimaiyyət qarşısında deyil, rəhbərlik qarşısında, Arxipova mülahizə edir.
İnsanı elə bir iş görməyə məcbur etmək ki, onun özü etməzdi - məsələn, vətənpərvərlik mahnıları oxumaq, özünü səfeh adlandırmaq, Rusiya ordusunu tərifləmək – bu da alçaltma növüdür.
Polisin gəlişindən sonrakı günü Underdog və La Virgen barların sahibləri “bizə görə sözügedən tədbirlərdə iştirak etməyə və öz vaxtlarını sərf etməyə məcbur olduqları üçün” güc orqanları nümayəndələrindən üzr istəyiblər.
Müraciəti onların vəkili Konstantin Yeroxin dərc edib. “Mənə yazırlar ki, biz əyilmişik, üzr istəmişik. Mən hesab edirəm ki, mənim üçün başlıcası insan həyatı və sağlamlığıdır”, - o BBC-yə deyib.
“Hüquq mühafizəçiləri artıq əhalinin vergiləri hesabına işləyən və onların müdafiəsi vəzifə borcu olan insanlar qrupu kimi anlaşılmır, - Arxipova bu hadisəni şərh edir. – Onlar opriçniklər kimi, çara tabe olan xüsusi bir qrup kimi qavranılır”.
Moskva barlarına güc orqanları nümayəndələrinin gəlişi haqqında “Rossiya 24” telekanalı danışıb və o cümlədən polis tərəfindən çəkilmiş videonu göstəriblər: barda məşhur mahnı səslənir, qara maskalı polis isə gələnləri oxumağa məcbur edir.
“Təzyiq altında barın əməkdaşları vətənpərvərlik yolunu tutdular”, - istehza ilə gülümsəyərək televiziya aparıcısı deyir. O, əlavə edir ki, Ukrayna Silahlı Qüvvələrinə pul köçürdüklərinə görə barın sahiblərini cinayət məsuliyyəti gözləyir.
Xəbər verilmişdi ki, polis nümayəndələri “barların , Ukrayna Silahlı Qüvvələrinə maliyyələşdirməsinə dair şübhələr olduğuna görə” gəliblər. Bu şübhələrin dövlət TV kanallarında təkrarlanması xüsusilə bar sahiblərinin vəkillərini hiddətə gətirib.
“Bizimlə FTB (Federal Təhlükəsizlik Xidməti) arasında tam anlaşma mövcuddur. Nə isə olsaydı, bizi hələ iyulda həbsxanaya salardılar, - vəkil Yeroxin deyir. – KİV-lər isə məlumatı belə təqdim edirlər, və insanlar təkbətək qəzəblənmiş ictimaiyyətlə qalır”.

Güc strukturları tərəfindən çəkilən videoların KİV-də və internetdə üzə çıxması heç də təsadüfi deyil, antropoloq Aleksandra Arxipova hesab edir. Açıqlıq (camaat qarşısında icra etmə) həqarətin vacib hissəsidir.
“Klassik totalitar sistem var idi – Stalin sistemi. Müasir informasiya avtokratiyaları başqa cür işləyir, - Arxipova deyir. – Onların vəzifəsi, Stalin etdiyi kimi, böyük insan qruplarını sakitcə ləğv etmək deyil. Onların vəzifəsi - o birilərini qorxutmaqdır ki, sakit otursunlar”.
Sadəcə, Rusiyada kütləvi repressiyalar üçün mexanizm yoxdur, o əlavə edir. Ancaq insanları qorxutmaq lazımdır, ona görə günah və xəcalət mərasimi belə geniş yayılmaqdadır. Belə olan halda, hətta növbəti məcburi üzrxahlıq əhvalatları yayan müstəqil KİV-lər qeyri-ixtiyari olaraq, qorxunun gücləndirilməsinə xidmət edirlər.
Polislərin belə davranışı hakimiyyət iyerarxiyası nümayişinin olduqca təbii təcrübəsidir, psixoloq Polina Soldatova BBC-yə deyib.
“Bu, sənin üstün olduğunu, sənin bunu etməyə ixtiyarın olduğunu göstərmək üsuludur. Son zamanlar, əlbəttə, belə hallar arta bilərdi, çünki güc strukturlarının tənbehsizlik hissi daha da artır. Bu, ictimaiyyətin necə dəyişməsi ilə bağlıdır: daha böyük hakimiyyətə malik olanlar [yeni] qaydalar formalaşdırır, və cəmiyyətin bəzi siniflərində bu hakimiyyəti nümayiş etdirmək ixtiyarı daha da artır”.
“Burada problem ondadır ki, əgər [zorakılıq] dərəcəsi tədricən artırsa, insanda adaptasiya baş verir. Əslində insan nəyə desən adaptasiya olunmağa hazırdır, və burada ən acısı da elə budur”, - psixoloq əlavə edir.




