Azərbaycan-Ermənistan münasibətləri: Moskvada üçtərəfli görüşdə saziş imzalanmayıb

Şəklin mənbəyi, President.az
Cümə axşamı Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Bakı-Yeravan münasibətlərinin normallaşmasına dair üçtərəfli görüşü heç bir sənəd imzalanmadan başa çatıb. Tərəflər hər üç ölkənin Baş nazir müavinlərinin bir həftə sonra görüşməsinə razılaşıb.
Mətbuata açıq çıxışında Rusiya Prezidenti Vladimir Putin nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı deyib ki, “vəziyyət nizamlanmaya doğru irəliləyir”. O, bununla bağlı hələ də həll olunmamış problemlərin qaldığını bildirib, lakin əlavə edib ki, bunlar “sırf texniki xarakter daşıyır” və “aşılması mümkün maneələrdir”, president.az saytı yazıb.
Putin qalan məsələləri həll etmək üçün üç ölkənin Baş nazir müavinlərinin bir həftə sonra görüşəcəyini bildirib, məlumatda deyilir.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, gələn həftə Moskvada keçiriləcək görüşdə Azərbaycanla Ermənistan arasında sərhəd keçidi qaydaları müzakirə olunacaq.
Cümə axşamı günü üçtərəfli görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin qonaq qismində qatıldığı, Ermənistanın da üzv olduğu Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edərkən Azərbaycan və Ermənistan liderləri arasında söz davası olub.
Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidentinin "Zəngəzur koridoru" ifadəsinə etiraz edib. Görüşdə baş verən mübahisə barədə videonu YouTube kanalımızda izləyin.
Üçtərəfli danışıqlardan əvvəl Putinin Ermənistan və Azərbaycan liderləri ilə ayrı-ayrılıqda görüşləri olub, rəsmi qurumlar xəbər verib.
Ermənistan Baş naziri Nikol Paşinyan Putinlə ikitərəfli görüşdə bildirib ki, “Ermənistanın həm sərhəd xidmətləri, həm də gömrük xidmətləri bütün nəqliyyat vasitələrinin, qatarların, xüsusən də Ermənistan ərazisindən normal keçməsini təmin etməyə hazırdır”, - Nikol Paşinyan deyib.
“Biz gözləyirik ki, Azərbaycanın da dəmiryolu, məsələn, Ermənistandan olan yüklərin Naxçıvandan keçməklə, Azərbaycana, Rusiyaya, İrana daşınması üçün də açıq olacaq. Biz bu məsələnin paritet əsasda, dediyim kimi, ölkələrin suverenliyi və yurisdiksiyası əsasında həllini gözləyirik”, - Ermənistan Baş naziri əlavə edib.
Putinlə ikitərəfli görüşdə İlham Əliyev bildirib ki, Ermənistan Baş nazirinin Azərbaycan ərazisinin, o cümlədən Qarabağın tanınması ilə bağlı son bəyanatından sonra perspektiv sülh müqaviləsinin digər müddəalarını razılaşdırmaq “çox asan” olacaq.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Cümə axşamı Moskvada, Avrasiya İqtisadi Şurasının sessiyasında qonaq qismində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında münasibətlərin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur.
Çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvada nəzərdə tutulan görüşünü şərh edərkən deyib: “Biz bu danışıqları dəstəkləyirik, istər Washington-da, istər keçən ay Brüsseldə, istər bir neçə həftə əvvəl, istərsə də dünyanın istənilən yerində. Əsas odur ki, bu iki tərəf bir-biri ilə danışmağa davam etsin”.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycan və Ermənistan arasında “sülh əlçatandır və birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır”.
Üçtərəfli görüş Nikol Paşinyanın "Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi" kimi tanımağa hazır olması ilə bağlı verdiyi bəyanatından az sonraya təsadüf edir.

Şəklin mənbəyi, Getty Images
Moksva görüşü ərəfəsində, bazar ertəsi keçirdiyi mətbuat konfransında Nikol Paşinyan bildirib ki, Yerevan Azərbaycanın Dağlıq Qarabağın və Azərbaycanın Ermənistandakı anklavlarının da daxil olduğu ərazi bütövlüyünü tanımağa hazırdı və əlavə edib ki, “bir-birlərini düzgün anlayırlarsa”, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü 29,8 min kvadrat kilometr çərçivəsində tanımağa hazırdı.
Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıya biləcəyi ilə bağlı açıqlamasından sonra separatçı Dağlıq Qarabağ parlamenti bazar ertəsi axşam saatlarında fövqəladə iclas keçirərək, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın “suverenliyinə” və onun öz müqəddəratını təyinetmə hüququna məhəl qoymayan hər hansı bəyanatı və ya sazişi “etibarsız” hesab edən qətnamə qəbul edib.
Separatçı Dağlıq Qarabağ parlamenti regionun öz müqəddəratını təyin etmək uğrunda mübarizəsindən heç vaxt əl çəkməyəcəyini bildirib və bütün dünya ermənilərini hazırkı Ermənistan hökumətinin Qarabağı və Ermənistan ərazilərini Azərbaycana verməsinin qarşısını almağa çağırıb.
“DQR Prezidenti” Arayik Arutyunyan vilayət parlamentinin bu bəyanatını dəstəkləyib. Arutyunyan dünən deyib ki, Qarabağın suverenliyinə və Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna məhəl qoymayan sənədlər və ya bəyanatlar “qəbuledilməzdir”.
“Bəli, vəziyyət ağırdır, amma çıxılmaz deyil. "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb və olmayacaq. Bu, xalqımızın iradəsidir", - Arutyunyan bildirib.
Erməni Kilsəsinin Ali Ruhani Şurası bəyanat yayaraq Ermənistan baş nazirinin və hökumətinin mövqeyinin “təhlükəli və qəbuledilməz” olduğunu bildirib.
Bakı hələlik bu bəyanatlara cavab verməyib, amma buna qədər dəfələrlə bəyan edib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində hər hansı muxtariyyət yaradılmayacaq və ya Qarabağ ermənilərinə xüsusi status verilməyəcək.

Şəklin mənbəyi, Getty Images
Rəsmi Yerevanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bəyan etməsi ilk dəfə deyil. Hər iki ölkə ötən ilin payızında Praqada ilk dəfə bir-birlərinin BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq etmişdilər, Fransa Prezidentinin saytı yazmışdı. İkinci dəfə tərəflərin bu mövqeyini Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel səsləndirərək demişdi ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadrat kilometr çərçivəsində, Azərbaycanın Ermənistan ərazisini 29,8 min kvadrat kilometr çərçivəsində tanıdığını təsdiq edir.
Bazar ertəsi keçirdiyi mətbuat konfransında Paşinyan bir addım da irəli gedərək keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan sərhədləri çərçivəsində tanıya biləcəyini bəyan edib.
Rusiya Prezidenti Vladimir Putinin Paşinyanın bu bəyanatına reaksiyası bəlli deyil, amma məhz Praqa görüşündən sonra Putin keçirdiyi Valday forumunda açıq tezizlə bildirmişdi ki, “Washington variantı” (o, Praqa görüşündəki bəyanatı belə adlandırıb -BBC) Qarabağ üzərində Azərbaycanın suverenliyini əks etdirir.
"Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Washington variantını seçməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır", - Putin demişdi.
Rəsmi Bakı Qarabağ məsələsində birmövqelidir: bunu öz daxili məsələsi sayır və Qarabağda yaşayan ermənilərlə yaranmış münaqişəni hər hansı vasitəçisiz çözmək tərəfdarıdır, eyni zamanda onlara əlahiddə status verilməyəcəyini dəfələrlə bəyan edib.
Rəsmi Bakı artıq Qarabağ erməniləri ilə danışıq aparmaq üçün xüsusi nümayəndə təyin edib və iki dəfə onların təmsilçilərini Bakıya danışıqlara çağırıb. Qarşı tərəf isə təhlükləsizliliyi əsas gətirərək bu görüşdən imtina edib.
Bundan başqa, Azərbaycan aprel ayında Qarabağ ermənilərinin Stepanakert adlandırdığı Xankəndini Ermənistana bağlayan Laçın dəhlizinin girişində öz sərhəd-buraxılış məntəqəsini quraraq ərazi bütövlüyünü bərpa etdiyini açıqlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıda olarkən keçirdiyi mətbuat konfransında belə bir sərhəd-buraxılış məntəqəsinin qurulmasını uyğun saymamışdı.
Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin də Moskvada görüşəcəyi gözlənilir. Bunu Rusiyanın “Kommersant” saytı yazıb.
Məqalədə deyilir ki, baş nazir müavinləri regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən Azərbaycan və onun Naxçıvanla arasında Ermənistan üzərindən nəqliyyat əlaqəsinin açılması məsələsini müzakirə edəcəklər.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bir neçə gün əvvəl TASS-a bildirmişdi ki, üçtərəfli işçi qrupunun növbəti təkbətək görüşünün vaxtı və yeri üç ölkənin baş nazirinin müavinlərinin məsləhətləşmələrindən sonra müəyyənləşəcək.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bazar ertəsi bildirib ki, mayın əvvəlində keçirilmiş 4 günlük Washington danışıqlarından sonra Yerevan və Bakı nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsinin yekun həllinə yaxındırlar.
“Biz başa düşürük ki, bu, tərəflərin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlı prinsipləri əsasında baş verməlidir”, - o, Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Docherty ilə birgə mətbuat konfransında bildirib, Ermənistanın Mediamaks saytı yazıb.
Ararat Mirzoyan əlavə edib ki, sülh müqaviləsi layihəsinin daha iki maddəsi Washington-da razılaşdırılıb:
“Washington-da müəyyən irəliləyiş əldə olunub ki, daha iki maddə üzrə razılığa gəlmək, bir neçə maddə üzrə isə uzun və səmimi söhbət etmək mümkün olub. Bu prosesdə tərəflər bir-birlərinin niyyətlərini, qorxularını və ideyalarını daha yaxşı anladılar”, - Ararat Mirzoyan vurğulayıb.
Bəs mayın 25-də Putinin iştirakıyla gözlənən görüşdə tərəflər sonuncu Washington və Brüssel görüşlərində əldə etdikləri və “bir addım irəli” deyə qiymətləndirdikləri nəticəni daha da irəli aparacaqlar, yoxsa, Moskva danışıqları “bir addım irəli, iki addım geri” tezisi ilə bitəcək? Bu sualın cavabını təxmin etmək çətin olmasa da, Nikol Paşinyanın ehtimalına görə, bu görüşdə sülh müqaviləsi imzalanmayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev isə çərçənbə axşamı Bakıda ATƏT Parlament Assambleyasının sədri Margareta Cederfelt-lə görüşündə təkrarlayıb ki, Azərbaycan Ermənistanla “Bakının təqdim etdiyi beş prinsip əsasında” sülh müqaviləsi imzalanmasının tərəfdarıdır.
“Onların arasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması da var”, - deyə Azərbaycan Prezidenti qeyd edib.







