Böyük Britaniya Kralı Charles-a xərçəng diaqnozu qoyulub

Şəklin mənbəyi, HUW EVANS PICTURE AGENCY
Böyük Britaniyanın Kralı III Charles-da xərçəng xəstəliyi aşkar edilib, Buckingham Sarayı bildirib.
Bu, prostat xərçəngi deyil, lakin prostat müalicəsi zamanı aşkar edilib.
Xərçəngin hansı növ olması barədə məlumat yoxdur, amma Sarayın bildirdiyinə görə Kral bazar ertəsindən başlayaraq “müntəzəm müalicə olunur”.
Xərçəngin mərhələsi və ya proqnozla bağlı əlavə təfərrüatlar da bəlli deyil.
Buckingham Sarayından bildirilib ki, Kral “müalicəsindən razıdır və mümkün qədər tez iş başına qayıdacağını gözləyir”.
Onun ictimai tədbirləri təxirə salacağı bildirilir və kral ailəsindən başqa şəxslərin müalicəsi dövründə onu əvəz edəcəyi gözlənilir.
75 yaşlı kralın dövlət vəzifəsini davam etdirəcəyi bildirilir.
Kral bir həftə bundan əvvəl Londonda, özəl xəstəxanalardan birində prostat müalicəsi alıb.
Saraydan verilən məlumata görə, Kral bu müalicəsini ictimailəşdirməklə kişiləri prostat yoxlamalarına həvəsləndirmək istəyib.
Britaniya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, bundan sonra prostat yoxlamaları üçün müraciət edənlərin sayı artıb və Kral bundan məmnun qaldığını bildirib.




