Azərbaycan və İsrail necə strateji tərəfdaş oldu?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Hilken Doğaç Boran
- Vəzifə, BBC Türkcə
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun mayın 19-da İsrailə etdiyi səfərlə iki ölkə arasındakı yaxın münasibətlər bir daha gündəmə gəldi.
İsrailin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, müdafiə naziri İsrael Katz azərbaycanlı həmkarına ölkəsinin İsrailə Həmasın 7 oktyabr 2023-cü il tarixindəki hücumlarından sonra verdiyi dəstəyə görə təşəkkür edib.
Katz həmçinin Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsinin münsiflər səsverməsində İsrailə 12 xal verməsini iki dövlət və xalq arasında "həqiqi dostluğun göstəricisi" kimi dəyərləndirib.
Qafqazdan Orta Şərqə uzanan tərəfdaşlığın əsası Azərbaycanın 90-cı illərdə Sovet İttifaqından müstəqilliyini elan etməsinə dayanır.
İsrail 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bundan qısa müddət sonra diplomatik münasibətlər qurulub və İsrail Bakıda öz səfirliyini açıb.
BBC Türkçəyə danışan mütəxəssislər təməli mədəni əlaqələrlə qoyulan münasibətlərin enerji, müdafiə və kəşfiyyat kimi strateji sahələr üzərindən inkişaf etdiyini bildirirlər.
Hal-hazırda iki ölkə bir-birini "strateji tərəfdaş" kimi tanıyır.
Azərbaycan Həmasın 7 oktyabr hücumlarından sonra İsrailin Qəzzada başladığı əməliyyatlara baxmayaraq, ölkəni dəstəkləməyə davam edən, əhalisinin əksəriyyəti müsəlman olan yeganə dövlətdir.
Lakin iki müttəfiq ölkə xüsusilə, Türkiyə kimi regional aktyorlar məsələyə daxil olduqda, bir-birinin həssaslıqlarına diqqətlə yanaşırlar.
BBC Azərbaycanın "Azərbaycan və İsrail niyə dostdur?" videosunaburda baxın
Mədəniyyət və turizm əməkdaşlığından Strateji tərəfdaşlığa
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycan-İsrail münasibətlərinin bu gün ən çox ön plana çıxan sahələri enerji və təhlükəsizlik sahəsindəki əməkdaşlıqdır.
Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan ölkələr arasında ən böyük yəhudi azlığa sahib ölkələrdən biridir.
Dünya Yəhudi Konqresinə görə, Azərbaycanda 7 mindən çox yəhudi yaşayır. Fərqli mənbələrə görə isə bu rəqəm 30 minə qədər yüksəlir.
Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycandakı yəhudi diasporasının 1000 illik tarixi olduğunu və münasibətlərin inkişafında bu diasporanın əsas hərəkətverici qüvvələrdən biri olduğunu bildirir.
Kadir Has Universitetindən Dosent Doktor Salih Bıçakcı bu təməl çərçivəsində iki ölkə arasında "qarşılıqlı, uzunmüddətli və etimada əsaslanan bir münasibətin" formalaşdığını bildirir.
Azərbaycan xarici siyasəti üzrə çalışan müstəqil tədqiqatçı Nəsrin Qədimova-Akbullut da BBC Türkçəyə verdiyi yazılı şərhində iki ölkənin "üst-üstə düşən regional maraqlara və bir-birinin ehtiyaclarını ödəyə biləcək resurslara sahib olduğunu" qeyd edir.
Tədqiqatçı İsrailin enerji tələbatının yarıdan çoxunun Azərbaycan tərəfindən ödənildiyinə diqqət çəkir.
Neft tədarükünün böyük hissəsi Türkiyəni də əhatə edən Bakı-Tbilisi-Ceyhan Boru Kəməri vasitəsilə həyata keçirilir və Aralıq dənizindəki gəmilər vasitəsilə İsrailə daşınır.
İsrail və Azərbaycan arasındakı enerji əməkdaşlığı bununla məhdudlaşmır.
Azərbaycan Dövlət Neft Şirkəti SOCAR yanvar ayında İsrailin ikinci ən böyük təbii qaz yatağı olan Tamar Qaz Sahəsinin səhmlərinin 10 faizini satın alıb.
İkitərəfli münasibətlərin ən önəmli elementlərindən biri isə müdafiə sənayesidir.
Qədimova-Akbullut 2016–2021-ci illər arasında Azərbaycanın müdafiə idxalının demək olar ki, 70 faizinin İsraildən gəldiyini vurğulayır.
Tədqiqatçı İsrail tərəfindən təmin edilən müasir avadanlıqların xüsusilə 2020-ci ildəki Dağlıq Qarabağ müharibəsində həlledici rol oynadığına diqqət çəkir.
Dos. Dr. Salih Bıçakcı mövzu ilə bağlı bu qiymətləndirməni verir:
"Enerji əlaqələri, qaz əlaqələri, neft əlaqələri, hərbi texnika əlaqələri çox önəmlidir. Bir çox səbəbdən Azərbaycanın o texnikanı almaq üçün İsrailin yerinə qoyacağı başqa bir ölkə yoxdur."
Bıçakcı son illərdə müdafiə sahəsində irəliləyişlər əldə edən Türkiyənin Azərbaycan üçün müdafiə idxalı baxımından alternativə çevrildiyini və Bakının bu sahədəki boşluğu "tədricən doldurmağa başladığını" vurğulayır.
Türkiyə İxracatçılar Məclisinin 2024-cü il üzrə ixracat hesabatına görə, Azərbaycan 5 faiz payla Türkiyənin müdafiə sənayesindəki dördüncü ən böyük ixrac tərəfdaşıdır.
Fərid Şəfiyev Azərbaycan-İsrail münasibətlərinin yalnız "neft-silah mübadiləsinə" endirilə bilməyəcəyini bildirir və əlavə edir:
"...xüsusilə Azərbaycanın İranla yaxınlığı nəzərə alındıqda, daha böyük tarixi və geosiyasi maraqlar mövcuddur."
İran amili
İsraili bölgədə bir nömrəli rəqib kimi qəbul edən İran Azərbaycanla quru sərhədini paylaşır. Tehran rəhbərliyi Azərbaycanın rəqibi olan Ermənistana dəstək verir.
Təxminən 90 milyon əhalisi olan İranda ən böyük azlıq qrupu etnik azərbaycanlılardır.
Bu qrupun əhalinin üçdə birini təşkil etdiyi ehtimal olunur. İran prezidenti Məsud Pezeşkiyan da bu azlığa mənsubdur.
Təl-Əviv Universiteti Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Dr. Qallia Lindenstrauss İsrail və Azərbaycanın İranın "ekspansionist və sabitliyi pozan siyasətindən dərin narahatlıq" keçirdiklərini düşünür:
"Bundan əlavə onlar ikitərəfli münasibətlərini beynəlxalq və regional sistemdəki sabitsizliyi həll etmək üçün bir vasitə kimi görürlər. Bəzən olduqları coğrafiyanın və məhdudiyyətlərin çətinliyi yaxşı başa düşülmədiyi üçün Qərb tərəfindən tənqid olunurlar."
Dos. Dr. Salih Bıçakcı İsrail və Azərbaycanın İranın bölgədəki nüfuzunu məhdudlaşdırmaq üçün əməkdaşlıq etdiklərini bildirir.
"İsrailin avadanlıqları ilə İranı dinləyə biləcəyi ən yaxın nöqtə hazırda Azərbaycandır" deyə danışan Bıçakcı Azərbaycan və İsrail arasında kəşfiyyat sahəsində də əməkdaşlıq olduğunu vurğulayır.
"Bu mövzuda Azərbaycan mühüm rol oynayır. Bu, səsləndirilmir, çox dilə gətirilmir. Amma belə bir anlayış və missiya var."
Nəsrin Qədimova-Akbullut İlham Əliyev hökumətinin İrandakı azlıqlara yönəlik "separatçılıq və ya muxtariyyət tələbləri" olmadığını qeyd edir:
"Bu baxımdan, Bakı köklü qlobal və regional güclərlə tarazlıq qurmaq siyasəti aparır."
Həmasın 7 oktyabr hücumları və Qəzza
İsrailin Həmasın 7 oktyabr hücumlarından sonra Qəzzadə başladığı hərbi əməliyyatlar bölgədəki balansı dəyişdirdi.
Keçən iki il ərzində İran ilk dəfə olaraq İsraili birbaşa ballistik raketlər və silahlı pilotsuz uçuş aparatları ilə hədəf aldı.
Livan və Suriyada əməliyyatlar həyata keçirən İsrailin hədəfində Qəzzadan başqa, İranın dəstəklədiyi qruplar da var idi.
İsrailin Qəzza əməliyyatları nəticəsində, Türkiyənin də daxil olduğu bir çox ölkə İsraillə diplomatik əlaqələri məhdudlaşdırdı və ya iqtisadi sanksiyalar tətbiq etdi.
Lakin Azərbaycan Qəzzadakı insan itkilərinə etirazını bildirsə də, İsrailə dəstəyini davam etdirdi.
Qallia Lindenstrauss Azərbaycanın Qəzzada baş verənlərdən "narahatlıq duymasına" baxmayaraq, bu prosesdə "konstruktiv rol oynadığını" vurğulayır.
Fərid Şəfiyev isə Bakının 7 oktyabr hücumlarını qınadığını və Qəzzadakı insan tələfatı ilə bağlı dərin narahatlığını ifadə etdiyini qeyd edir və Azərbaycanın mövqeyini bu sözlərlə açıqlayır:
"Azərbaycan iki dövlətli həll yolunu dəstəkləyir. Ramallahda ofisimiz var. 2009–2010-cu ildən bəri Azərbaycanda tam səlahiyyətli Fələstin səfirliyi fəaliyyət göstərir. Biz iki dövlətli həll yolunu, Fələstinin müstəqilliyini dəstəkləyirik."
Azərbaycanın 2023-cü ildən bəri İsrailin Təl-Əviv şəhərindəki səfirliyi də fəaliyyət göstərir.
Nəsrin Qədimova-Akbullut 2000-ci illərdə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin Azərbaycandan Aralıq dənizinə, xüsusilə İsrailə enerji nəqli baxımından əsas dəhliz rolu oynadığını vurğulayır.
Salih Bıçakcı isə Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin 2023-cü ildən sonra İsrail tərəfindən enerji tədarükü üçün üstünlük verildiyinə diqqət çəkir və belə qeyd edir:
"Hər kəsin embarqo tətbiq etdiyi bir dövrdə İsrailin neft ala biləcəyi yerlər bəllidir: Ya Norveç, ya Azərbaycan.
Norveç logistik baxımdan baha başa gəlir. Azərbaycan isə bu baxımdan çox əlverişli vəziyyətdədir.
Azərbaycan bu mövzuda heç bir boykot və ya məhdudiyyət göstərmədi. Bunun qarşılığını isə həm maddi, həm də, sərmayə baxımından aldılar."
Türkiyə amili

Şəklin mənbəyi, Getty Images
Mütəxəssislər İsrail–Azərbaycan münasibətlərində Türkiyə amilinin danılmaz olduğunu vurğulayırlar.
Türkiyə 7 oktyabr 2023-dən sonra sərt tənqid etdiyi İsraillə, müttəfiqi Azərbaycanın yaxın münasibətlərə dair ictimaiyyət qarşısında açıq şəkildə tənqidlər səsləndirməkdən çəkinir.
Türkiyə və İsrail arasında 1949-cu ildə qurulan diplomatik münasibətlər, 2010-cu ildə baş verən Mavi Mərmərə hadisəsindən sonra böhrana düşdü.
Aradan 10 ildən çox vaxt keçdikdən sonra tərəflər münasibətləri bərpa etmək üçün təşəbbüslərə başladılar.
İsrail Prezidenti İshak Hersoq və o dövrün İsrail Baş naziri Yair Lapidin ard-arda Türkiyəyə etdikləri səfərlərdən sonra iki ölkə 2022-ci ilin avqustunda münasibətlərin tam normallaşmasına qərar verdi.
Lakin İsrailin 7 oktyabr hücumlarından sonra Qəzzada hərbi əməliyyatlara başlaması ilə hər iki ölkə səfirlərini geri çağırdı.
Ankara İsrailin əməliyyatlarını sərt şəkildə qınadı və 2024-cü ildə İsraillə ticarəti kəsdiyini elan etdi. Türkiyə həmçinin hava məkanını İsrailə bağladı.
Son olaraq İsrail Baş naziri Benyamin Netanyahunun may ayının əvvəlində planlaşdırılan Azərbaycan səfəri üçün Türkiyənin hava məkanını aça biləcəyi iddia edildi.
Lakin Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) 3 may tarixində yaydığı açıqlamada belə bir vəziyyətin "gündəmdə olmadığını" bildirdi.
Dr. Qallia Lindenstrauss Azərbaycan–İsrail münasibətlərinin 1990-cı illərdə "İsrail, Azərbaycan və Türkiyə arasında üçtərəfli münasibətlərin bir hissəsi olaraq" gücləndiyini qeyd edir.
Dos. Dr. Salih Bıçakcı, Azərbaycanın həm Türkiyə, həm də İsraillə yaxşı münasibətlər saxladığını və bu səbəbdən hər iki ölkə arasında vasitəçilik edə biləcək potensiala sahib olduğunu bildirir.
Azərbaycan keçmişdə də Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin yenidən qurulmasına vasitəçilik etmişdi.
Fərid Şəfiyev bu prosesi xatırladır və əlavə edir:
"Məncə vasitəçilik məsələsində ən doğru ünvan bizik. Çünki həm Türkiyənin maraqlarını tam şəkildə izləyirik, həm də İsraillə çox yaxşı mövqedə olan münasibətlərimiz var."
Lindenstrauss da Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının Bakıda mənfi qarşılandığını, bu səbəbdən Azərbaycanın, xüsusilə Suriyada, vasitəçilik təşəbbüsündə olduğu qənaətindədir.







