İsrail-Həmas müharibəsi: Bu gecəki hava hücumları döyüş başlayandan bəri "ən şiddətlisi olub"

Şəklin mənbəyi, Getty Images
Güclü bombardman davam edərkən Qəzzanın şimalında güclü partlayışlar eşidilib - İsrail son sutka ərzində 450 "hədəfi" vurduğunu açıqlayıb.
Qəzza zolağındakı BBC müxbiri bildirir ki, bazar günü gecəsi edilmiş hava hücumları müharibənin başlanğıcından indiyədək ən şiddətlisi olub.
Gecədən ərazidə internet və telefon əlaqəsi kəsilib, lakin daha sonra bərpa olunub.
İsrail hərbçiləri bildiriblər ki, qoşunlar şəhərin cənubundakı sahil xəttinə çatıb və Qəzza zolağını faktiki olaraq, "cənub və şimal" olmaqla ikiyə ayırıb.
Bu arada, BMT-nin bütün əsas agentlikləri humanitar atəşkəs çağırışlarını təkrarlayan nadirən verdikləri birgə bəyanatda “kifayətdir” deyiblər.
ABŞ dövlət katibi Antony Blinken döyüşlərdə fasilələri təşviq etmək üçün bölgəyə səfərini davam etdirərkən Türkiyəli həmkarı ilə görüşür.
HƏMAS-ın İsrailə 1400-dən çox adamın ölümü və 200-dən çox adamın girov düşməsi ilə nəticələnən hücumundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb.
Qəzzanın Həmasın nəzarətində olan hissəsinin Səhiyyə Nazirliyi bildirir ki, oktyabrın yeddisindən indiyədək bölgədə 4 mindən çoxu uşaq olmaqla 10 minə yaxın adam öldürülüb.
BMT "fələstinli qaçqınların təhlükəsizliyini təmin edə bilməyəcəyini" açıqlayıb

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
BMT Qəzzada "təhlükəsiz yerin olmadığını" və bölgədə artıq "BMT bayrağı altında" təhlükəsizliyi təmin edə bilmədiyini açıqlayıb.
Qurum bölgədəki BMT-dən təhlükəsiz sığınacaq gözləyən 600 min məcburi köçkünün təhlükəsizliyinə zəmanət verə bilmədiyini, BMT-nin təmin etdiyi sığınacaqların artıq 50-dən çoxunun davam edən müharibənin "təsirinə", o cümlədən beşinin "birbaşa zərbələrə" məruz qaldığını açıqlayıb.
Bu arada, ABŞ dövlət katibi Antony Blinken regionun təhlükəsizliyinin yeganə yolunun İsrail-Fələstin probleminin iki dövlətli həlli olduğunu deyib.
ABŞ dövlət katibi şənbə günü Omanda Liviya, Qatar və İordaniya liderləri ilə görüşür. O, cümə günü oktyabrın 7-dən bəri İsrailə üçüncü səfəri zamanı İsrailin Baş naziri Netanyahu və Prezident Isaac Herzog-la görüşüb.
Blinken Qəzzada çarpaz atəşə tutulan mülki şəxslərin qorunmalı və onlara kömək göstərilməli olduğunu vurğulayıb.
Blinken, bölgədəki ağır vəziyyətlə bağlı xəbərlər artdığı üçün döyüşlərdə humanitar fasilələrə çağırıb . Lakin Benyamin Netanyahu "bütün israilli girovlar azad edilənə qədər Qəzzada HƏMAS ilə müvəqqəti atəşkəsin olmayacağını" deyib.
Fələstinin Qızıl Xaç Cəmiyyəti cümə günü Qəzzada Əl-Şifa Xəstəxanasının yanında Təcili Yardım maşınının vurulduğunu, nəticədə 15 nəfərin öldüyünü açıqlamışdı.

Şəklin mənbəyi, Reuters
“Qəzza şəhəri tamamilə mühasirəyə alınıb”
İsrail ordusu “Qəzza şəhərini tamamilə mühasirəyə” aldıqlarını bildirib və Həmasın istifadə etdiyi atış nöqtələrinə zərbələr endirib.
Qəzza şəhəri müharibə başlamamışdan əvvəl Qəzza sektorunun ən böyük və ən sıx məskunlaşmış ərazisi olub.
BMT bildirib ki, Qəzzada sığınacaq kimi istifadə edilən məktəblərə son 24 saat ərzində İsrailin hücumları nəticəsində zərər dəyib.
Qurumun Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) yaydığı məlumata görə hücumlar nəticəsində Cabalia qaçqın düşərgəsində yerləşən məktəbdə ən azı 20 mülki şəxs ölüb.
Sahil və Əl-Bureyc düşərgələrindəki məktəblərə də zərər dəyib və üç mülki şəxsin həlak olduğu deyilir.

Şəklin mənbəyi, Reuters
Misirlə sərhəddə Rəfah keçid məntəqəsinin açıldığı çərşənbə günündən bəri çox az sayda vətəndaş Misirə gedib. Rəsmi Qahirənin bildirdiyinə görə, noyabrın ikisinə olan məlumata görə, aralarında 21 yaralı fələstinlinin və 72-si uşaq olmaqla 344 xarici vətəndaşın də olduğu azı 765 nəfər Qəzzanı tərk edib. Lakin indiyədək ümumilikdə neçə nəfərin bölgəni tərk etməsi barədə hələlik dəqiq məlumat yoxdur.
Bu arada, Livanda yerləşən Hizbullah silahlı qruplaşması Livan-İsrail sərhədində yerləşən və mübahisəli ərazi hesab olunan Şebaa Fermaları/Dov Dağı ərazisindəki İsrail ordu mövqelərini dronla vurduğunu qeyd edib.
İsrail ordusu isə cümə axşamı quru hücumları zamanı daha 4 əsgərinin öldüyünü deyib və bununla da Qəzzadakı döyüşlərdə həlak olan İsrail hərbçilərinin sayı 23-ə yüksəlib, Haaretz qəzeti yazıb.
Rəsmi Təl-Əviv Həmasın oktyabrın 7-də İsrail ərazilərinə endirdiyi raket zərbələri nəticəsində itkilərin olduğunu olduğunu bildirmişdi. Bundan sonra İsrail “Həması yox etmək” məqsədi ilə Qəzzanı bombalamağa başlayıb.









