İngiltərədə miqrantlar əleyhinə aksiya və iğtişaşlar olub

İngiltərə iğtişaşlar

Şəklin mənbəyi, PA Media

Bir müddət öncə İngiltərədə 3 azyaşlı qızın bıçaq zərbəsindən ölməsindən sonra ifrat sağçı qüvvələrlə polisin toqquşduğu nümayişlər ölkə boyunca yayılıb.

Sosial mediada hadisəni “müsəlman bir mühacirin” törətdiyini iddia edən məlumatlar yayılandan sonra ifrat sağçılar nümayişlərə başlayıb, məscidlərə və immiqrantların yaşadığı otellərə hücum ediblər.

Onlarla yanaşı, irqçiliyə qarşı olanlar da küçələrə çıxıblar.

Həftəsonu baş vermiş iğtişaşlarda onlarla polis yaralanıb, 100-dən çox adam həbs edilib.

Baş nazir Keir Starmer baş verənləri “ifrat sağın quldurluğu” kimi qiymətləndirib.

O deyib ki, bu iğtişaşlara yol verənlər Britaniyanı təmsil etmir və onlar qanun qarşısında cavab verəcəklər.

Baş verənlərin hökumətin bu gün keçiriləcək fövqəladə iclasında müzakirə olunacağı qeyd olunur.

Ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb ki, bəzi nümayişlərdə ifrat sağçılar məscidləri hədəf aldığı üçün məscidlərə yeni “sürətli müdaxilə” mühafizəsi veriləcək. Bununla da "zorakılıq riski altında olan" məscidlər artıq "sürətli müdaxilə" heyəti tələb edə biləcəklər.

Videonu Youtube kanalımızda izləyin.

Southportdakı hücum necə baş verib?

Hadisə yay tətilində uşaqlar üçün sosiallaşma xidməti göstərən mərkəzdə baş verib.

Hücumda həyatını itirən uşaqların- Alice Dasilva Aguiar-ın 9, Bebe King-in 6, Elsi Dot Stancombe-nin isə 7 yaşları olub. Hücum zamanı 8 uşaq və 2 böyük yaralanıb.

Polis hücumun "terror hadisəsi kimi qiymətləndirilmədiyini" açıqlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb. Lakin azyaşlı olduğu üçün ilk olaraq onun adı açıqlanmayıb. Bu isə sosial mediada spekulyasiyalara səbəb olub.

Polis bildirir ki, ifrat sağçı ekstremistlər uşaqları bıçaqlayan hücumçunun “islamçı” olması şayiəsi ilə hərəkətə keçib.

Hücum edənin adı məhkəməyə gətirildikdən sonra açıqlanıb. Ruandadan mühacirət edən ailənin oğlu olan Axel Muganwa İngiltərədə doğulub, böyüyüb.

Britaniya mətbuatında çıxan xəbərlərə görə, qonşuları onu “sakit uşaq” kimi qələmə verib və ailəsinin xristian olduğunu bildiriblər.