Britaniya şahzadəsi Harry-nin həyat yoldaşı Megan Markle-nın müsahibəsi böyük səs-küyə səbəb olub
Sussex hersoqu şahzadə Harry və onun həyat yoldaşı Meghan Markle-ın məhşur amerikalı teleaparıcı Oprah Winfrey-ə verdikləri müsahibədə səsləndirdikləri iddialar İngiltərə sarayının ürəyinə
˝saplanan bıçaqdır," - BBC-nin saray müxbiri Jonny Dymond yazır.
2 saata yaxın davam etmiş müsahibəni Britaniya auditoriyası dünən axşam izləyib.
Cütlük müsahibələrində Böyük Britaniyanı tərk etmələrinin səbəbini açıqlayıb - Harry deyib ki, onun və həyat yoldaşının ölkəni tərk etmələrinin səbəblərinin "ən böyüyü" sarı mətbuatdan toplumun qalan hissəsinə süzülən irqçilik olub.
Meghan Kral Ailəsinə qatıldıqdan və sərbəstliyini itirdikdən sonra özünü necə tənha hiss etdiyindən danışıb.
"O ailəyə qoşulduğumdan sonra buraya gələnə qədər bir daha pasportumu, sürücülük vəsiqəmi, açarlarımı bir daha görmədim, hər şey alt-üst oldu," - o deyib.
Onun sözlərinə görə, psixoloji sağlamlığı o qədər pisləşmişdi ki, "daha yaşamaq istəmirdi".
"Təsisata kömək üçün müraciət etdim, dedim ki, əvvəllər heç vaxt özümü belə hiss etməmişəm, dedim ki, harasa gedib yardım istəməliyəm, lakin mənə deyildi ki, bunu edə bilmərəm, çünki təsisat üçün bu yaxşı olmayacaq".
O deyib ki, bu qurum daxilində "ən yüksək rütbəli adamlardan birinə" və sonra isə sarayın insan resursları şöbəsinə müraciət edib.
"Heç bir şey edilmədi," - Meghan əlavə edib.



