"Sən qara doğulmusan və bu, kimlərinsə xoşuna gəlmir": qaradərili insanlar Rusiyadakı irqçilik haqqında

Şəklin mənbəyi, Personal archive
- Müəllif, Amalia Zatari
- Vəzifə, BBC
Qərbdə "Black Lives Matter" şüarıyla keçirilən etiraz aksiyaları Rusiyaya qədər gəlib çatmasa da, irqçilik problemi bu ölkədə də var. İrqi ayrı-seçkiliklə bağlı son hadisələrdən biri ötən həftə baş verib - Bryanskda "Yandeks.Taksi" xidmətinin sürücüsü qaradərili müştəriyə xidmət göstərməkdən intina edib. Onların arasındakı dialoqu əks etdirən videoçarx sosial şəbəkələrdə geniş yayılıb.
Həmin müştəri Bryansk Dövlət Universitetinin (BDU) tələbəsi 21 yaşlı tələbə Roy İbonqdur. Onun çəkdiyi videogörüntülər "VKontakte" şəbəkəsindəki "Qulağımıza çatanlar. Bryansk" platformasında yayımlanıb. Rol arxasında əyləşmiş sürücü deyir ki, "Xoşuma gəlməyən müştəriyə xidmət göstərmirəm. Maşın mənimdir, özüm bilərərm". Royun "Siz irqçisiniz" sualına isə o belə cavab verir: "Hə, əlbəttə".
Hadisədən sonra "Yandeks. Taksi" şirkəti sürücünün davranışına görə Roydan üzr istəyib.
"Bu yolverilməz hərəkəti işıqlandırdığınıza görə çox sağ olun. Mən Sizin belə bir halla üzləşmənizə çox çox təssüf edirəm" - Roya ünvanlandığı məktubda şirkətin nümayəndəsi belə yazıb.
KİV-lərin xəbərinə görə, sürücü işdən azad edilib, şirkətsə bəyan edib ki, "Kobudluğa və irqçiliyə meylli sürücülər "Yandeks. Taksi"də çalışa bilməzlər".
Roy insident haqqında özünün "İnstaqram" profilində də yazandan sonra orda onu həm dəstəkləyənlər, həm də təhqir edənlər olub. Az sonra Roy profilini bağlayıb.
Bəzi sosial şəbəkə istifadəçiləri "Yandeks"in sürücünü işdən azad etmək qərarını pisləyərək bu xidməti boykot etməyə çağırıb.
BBC həm Royla, həm də Rusiyada yaşayan bəzi başqa qaradərililərlə söhbət edərək onların bu ölkədə irqçiliklə tez-tezmi rastlaşdıqlarını və bunun səbəblərini soruşub.
Roy İbonqa, 21 yaş, tələbə

Şəklin mənbəyi, Personal archive
"Bir dəfə məni kafeyə buraxmamışdılar"
Rusiyaya 2017-ci ilin dekabrında gəlmişəm - təhsil almağa. Burda oxuyan tanışlarım vardı, Rusiya xoşuma gəlirdi. Mən BDU-dan dəvət almışdım, hazırda tələbəyəm. Bryanskda yaşamaq və oxumaq da xoşuma gəlir, yaxşı və sakit yerdir.
Bu şəhərdə yaşayan afrikalıların hamısı irqçiliklə üzləşirlər. Məsələn, taksi sifariş edirsiz, o gəlir və görəndə ki, müştəri əcnəbidir, dönüb geri qayıda bilir. Mənim başıma gələn ilk belə hadisə deyil yəni. Sadəcə, bu dəfə mən baş verənləri telefonuma çəkdim ki, bizə necə münasibət olduğunu insanlara göstərim.
Dostlarımla da tez-tez belə davranırlar, ancaq onlar susurlar, bu haqda danışmırlar, çünki rusca bilmirlər.
Keçən ilsə məni kafeyə buraxmamışdılar. Qapıçı "Siz içəri keçə bilməzsiz" demişdi. Niyəsini soruşanda cavab vermişdi ki, bir dəfə afrikalılar bu kafedə dava salıblar. O hadisənin mənə dəxli olmadığını, kafeyə sadəcə dincəlmək üçün gəldiyimi bildirsəm də, xeyri olmamışdı. Hətta administratora da zəng vurmuşdum onda, o da eyni sözləri demişdi.
Küçədə irqçiliklə rastlaşmamışam. Düzdür, yanımdan keçəndə baxırlar, amma heç nə demirlər.
Mən bilmirəm insanlar bizə niyə belə münasibət bəsləyirlər. Bəlkə ona görə ki, buralara təzə gəlmişik, öyrəşməyiblər hələ. Bryanskda çox az qaradərili yaşayır. Burda diskriminasiya var, amma bəlkə sadəcə ona görə ki, yerlilər bizə neçə yanaşmalı olduqlarını bilmirlər. Hər halda, mən belə düşünürəm.
Mən Moskvada da olmuşam. Burayla ora arasında çox böyük fərq var. Sanki Moskva tamam başqa bir ölkədədir. O şəhərdə qaradərililərə münasibət çox yaxşıdır, orda mən heç bir diskriminasiyayala üzləşməmişəm.
"Mən Rusiyada polisin vətəndaşları heç nədən döyməsinə heç rast gəlməmişəm"
Bu gün ABŞ-da baş verənlər çoxdanın problemidir: insanlar ağlara və qaralara bölünürlər və polisin də qaradərililərə münasibəti bu prizmadandır və əlbəttə ki, bu, çox pis haldır. Rusiyada etiraz aksiyaları keçirilmir. Məncə, ona görə ki, burda qanunlar var, insanlar həbsxanaya düşməkdən qorxurlar. Hamı bilir ki, vətəndaşlarla elə rəftar etsə, həbs olunacaq.
Mən Rusiyada polisin insanları heç nədən döydüyünə heç rast gəlməmişəm. İşdir-şayət səndə narkotik olmağından şübhələnsələr,yaxınlaşıb normal şəkildə söhbət edirlər. Bu ölkədə polisin qaradərililəri döydüyünü də görməmişəm. Şəxsən mən Rusiyada polislə heç toqquşmamışam, onlarla ünsiyyət təcrübəm yoxdur.
Hardasa irqçiliklə rastlaşanda, sakitcə aralanıb gedirəm. Başqa neyləmək olar ki? Aqressivlik göstərmək və ya başqa nəsə etmək lazım deyil, ən yaxşısı çıxıb getməkdir. Çünki həmin adam onsuz da heç nə başa düşməyəcək, onsuz da sənə münasibəti həmişə mənfi olacaq.
Mən belə hallara sükutla cavab verirəm, başqa necə reaksiya vermək olar ki... Ancaq ümumi götürəndə bu, stres yaradan vəziyyətdir və sən istər-istəməz düşünməyə başlayırsan: axı nə üçün mən qara doğulmuşam?
Mən Konqo Respublikasındanam və öz vətənimdən sonra yaşadığım ilk ölkə Rusiyadır. İrqçiliklə də mən ilk dəfə burda rastıaşmışam. Bəli, belə münasibət məni çox ağrıdır. Başqa necə ola bilər ki? Mən qaradərili doğulmuşam, bəzi insanlarınsa bizlərdən xoşu gəlmir. Niyə belə olduğunu bilmirəm. Küçəyə çıxırsan, hamı sənə baxır, elə bil sən adam deyilsən. Bu, çox məyus edir...
İzabel Kastilyo, 27 yaş, marketinq üzrə menecer

Şəklin mənbəyi, Personal archive
Mən Yujno-Saxalinskdə doğulmuşam. Məktəbi bitirəndən sonra ali təhsil üçün Sankt-Peterburqa getmişəm, indi isə Moskvada yaşayır və işləyirəm.
Məktəbdə oxuyanda qaradərili olduğumu mənə hər gün, hər dəqiqə hiss etdirirdilər. Orda təhqirlər həddindən artıq çoxuydu, çünki uşaqlar, adətən, qəddar olurlar.
Hər gün buna dözmək çətiniydi, halbuki məktəbimiz fizika-riyaziyyat təmayüllüydü, şəhərin ən yaxşı təhsil müəssisələrindən sayılırdı.
Onda heç özümü müdafiə edə bilmirdim. Valideynlərimin olanlardan xəbərləri yoxdu, onlara heç nə demirdim. Məktəbdə məni böyük qardaşım müdafiə edirdi və bəzən vəziyyət o yerə gəlib çatırdı ki, kimlərləsə dalaşmalı olurdu.
O vaxt o şəhərdən getməyi çox arzulayırdım, çünki elə küçədə də mənə və atama qəribə nəzərlərlə baxırdılar. Bu, adamı çox narahat edən haldır, o cür yaşamaq çətindir.
Sonra təhsil almaq üçün Peterburqa getdim. Orda vəziyyət qat-qat yaxşıydı, hətta mən başqalarından fərqləndiyimi unutmağa başlamışdım. Rasizimlə bir də universiteti bitirəndə - ev kirayələyəndə rastlaşdım.
"Ancaq slavyanlara"
Bu problem ən çox Moskvada özünü göstərdi. Peterburqda əsasən tanışlarım vasitəsilə kirayə mənzil tapırdım deyə, orda nisbətən asanıydı. Moskvada isə sıfırdan başladığıma və bütün elanlarda "ancaq slavyanlar üçün" yazıldığına görə vəziyyət xeyli qəliziydi.
Telefon söhbətində adımı öyrənən kimi rədd cavabı verirdilər, hətta daimi qeydiyyatımın olmağı da adamlarda mənim ödəyicilik qabiliyyətimə inam yaratmırdı. Kiçik hiylələrə əl atıb insanlarla şəxsən görüşməyə çalışırdım ki, mənim işli-güclü, normal biri olmağıma və mənzillərini pritona çevirməyəcəyimə onları inandıra bilim.
Uşaq vaxtı irqçilik məni dəhşətli dərəcədə incidirdi, çünki sinif yoldaşlarımın niyə belə davrandıqlarını anlaya bilmirdim. Bütün yeniyetməliyim köçüb o şəhərdən getmək arsusuyla keçdi.
Sonrakı illərdə isə irqçilik daha məni incitmədi - oxuduğum universitet sayəsində. Orda başqalrından fərqləndiyimi tamam unutdum, öz üzərimdə işləməyə başladım və anladım ki, mənim fərqliliyim çatışmazlığım yox, dəyərimdir.
Qaradərili olmağımla bağlı atmacaları indi də tez-tez eşidirəm, amma qulaqardına vururam. Tanış olduğum insanlarla münasibətlərim qeyri-rəsmi müstəviyə keçən kimi, bu mövzuda zarafatlar başlayır. Ya heç reaksiya vermirəm, ya da zarafatla cavab verirəm. Təbii, deyilənlərdə bəd niyyət yoxdursa. Hər zarafata hirslənsəm, ona əsəb dözməz.
"Anamı xalq düşməni elan ediblərmiş"
İrqçilik insanların bilgisizliyindən irəli gəlir. Biz çoxmillətli ölkədə yaşayırıq, amma burda insanları maarifləndirmirlər, kənddən gəlmiş Vanyaya bunun nə demək olduğunu, bizi birləşdirən və ayıran şeylərin mahiyyətini izah etmirlər.
Bizim ailə parlaq bir çoxmillətlilik nümunəsidir. Anam rusdur, Saxalindəndir, atamla Kiyevdə - o, mübadilə proqramı çərçivəsində həmin şəhərdə təhsil alanda tanış olublar. Ona ərə gedəndə anama xalq düşməni kimi yanaşmağa başlayıblar.
Bu, SSRİ dövründə baş verib, 1985-ci ildə. Universitetdə ona "kafi"lər yazmağa başlayıblar, halbuki anam əlaçıymış. Mən doğulan günün səhəri imtahanı varmış, başqa günə keçirilməsini xahiş etsə də, vaxtını dəyişməyiblərmiş. Onun diplom müdafiəsi də problemli olub, 3-dən artıq qiymət yazmayacaqlırını deyiblər ona.
O vaxtdan sonra insanların təfəkkürü nisbətən dəyişib, çünki bir qismi səyahət etməyə başlayıb. Ancaq ölkəmizdəki böyük çoxluq nə dünyanı, nə də mədəniyyəti öyrənir. Qaradərililərə münasibəti yaxşı olanlar təhsillilərdir. Onlar səyahət edirlər, onlar bilirlər ki, dünya rəngarəngdir.
Mən ABŞ-dakı etiraz aksiyalarını izləyirəm. Amerikada mənim dostlarım və qohumlarım yaşayır, tez-tez danışıram onlarla. Əvvəla, mən fəxr edirəm ki, orda insanlar öz hüquqları uğrunda mübarizə aparırlar. Amma qarətlər, yanğın törətmələr və sairə pis haldır. Bunlar aksiyaların əsas məqsədini arxa plana keçirə bilər.
Rusiyada belə mübarizə ona görə yoxdur ki, önünə keçib ona rəhbərlik edəcək lider yoxdur. Həm də "Black Lives Matter" şüarı daha çox Qərb üçün aktualdır, çünki bizdə qaradəlilərin sayı o qədər çox deyil.
Rusiyada irqçilik daha çox keçmiş sovet respublikalarından gələnlərə qarşıdır, əsasən onlar etiraz edə bilərdilər. Ancaq çoxu burda qeyri-leqal yaşadı üçün bunu edə bilmir.
Maksim Nikolski, 24 yaş, jurnalist

Şəklin mənbəyi, Personal archive
Rusiyada niyə etiraz aksiyaları keçirilmir?
Bəli, mən ABŞ-dakı aksiyları izləyirəm. Etiraz edənlərə rəğbətim var, onları başa düşür və onların öz fikirlərini publik şəkildə küçələrdə ifadə etmək hüququna hörmət edirəm. Hava qaralandan sonra baş verənlər - yanğınlar, qarətlər və sairə başqa məsələdir.
Rusiyada niyə belə aksiyalar yoxdur? Mən bunun bir neçə səbəbi olduğunu düşünürəm. Əvvəla, burda polis zorakılığı o qədər də qabarıq deyil və geniş ictimai müzakirələrin predmetinə çevrilmir. Hətta polis işçilərinin səlahiyyət həddini aşma halları da ancaq bu mövzu üzrə ixtisaslaşmış və oxucu dairəsi geniş olmayan KİV-də işıqlandırılır. Onların yazdıqlarını Rusiya cəmiyyətininin çox az qismi oxuyur.
İkincisi, Rusiya və Amerikanın polis sistemləri fərqli xüsusiyyətlərə malikdir. ABŞ-da vətəndaşlara zor tətbiq etmək məsələsində polis daha geniş hüquqlara malikdir, bizdə isə rəsmi səviyyədə belə hüquqlar verilməyib. Ona görə də Amerikada polislərin vətəndaşlarla zorakı davranması, onlara atəş açması, dizləriylə boyunlarını sıxması və sairə kimi hallar tez-tez baş verir.
Rusiyada isə işgəncələrin və polis zorakılığı adlandırdığımız halların bir çoxu gizlində baş verir, biz onlardan ancaq şahidlərin və ya zərərçəkənlərin açıqlamaları sayəsində xəbər tuturuq. Hadisə yerindən görüntülərin olması çox vacibdir. Məsələn, Moskvadakı aksiyalarda polis zorakılığını əks etdirən şəkillər ciddi ictimai rezonansa səbəb olur.
Üçüncü səbəbsə, zənnimcə, budur ki, etirazlar məsələsində Rusiya nadirən Qərb ölkələriylə həmrəylik nümayiş etdirir. Qreta Tunberqin çağırışıyla ortaya çıxmış "Fridays for Future"aksiyaları da bizdə məhz buna görə dəstəklənmədi. Çünki Qərb üçün vacib olan problemlər Rusiyada çox da aktual deyil.
"Çəp-çəp baxırlar, yanımdan qalxıb başqa yerdə otururlar"
Mən Moskvada irqçiliklə rastlaşmışammı? Bəli, rastlaşmşam. Bu özünü, adətən, "casual racism" (məişət rasizmi) formasında büruzə verir - yəni Rusiyada quldarlığın hələ də izləri qalmış ABŞ-dakı kimi aşkar irqi nifrət yoxdur. Bu, gündəlik həyatda müşahidə olunan irqçilikdir - çəp-çəp baxırlar, metroda yanımdan qalxıb başqa yerdə otururlar. Ancaq özümə qarşı kəskin irqi nifrət hallarıyla rastlaşmamışam. Hər halda, müəyyən yaşdan sonra.
Bir dəfə mənə barda xidmət göstərməkdən imtina etmişdilər. Əlbəttə, buna haqq qazandırmaq olmaz, ancaq o bar sağçıların məkanıydı. Ora gedib pivə istəmişdim, barmensə sakitcə üzümə baxıb "yox" demiş və aralanmışdı. Onda mənə pivəni digər bir barmen süzmüşdü və düzü, bu insidentə mənimlə bağlı yeganə hal deyə bilərəm. Əsasən narazı baxışlar, yanımdan qalxmalar və zəhlətökən suallarla üzləşirəm. Bunlar həyatımı nisbətən çətinləşdirir, amma keyfiyyətinə təsir etmir.
Mən Rusiyanın bir çox bölgələrində olmuşam və tam səmimi şəkildə deyə bilərəm ki, başqa millətdən olan və ya dərisinin rəngi fərqli olan adamlara heç yerdə aşkar mənfi münasibət görməmişəm. Şəxsən özüm başqa şəhərlərdə və ya bölgələrdə heç bir diskomfort hiss etəmişəm.
Keçən il Şimali Qafqazda - Dağıstanda uzunmüddətli ezamiyyətdə olmuşam və xarici görünüşmlə bağlı hiss etdiyim komfort Moskvadakından çox az fərqlənib.
Böyük şəhərlərdən fərqli olaraq orda insanlar daha gülərüzdürlər və xarici görünüşə daha az önəm verirlər (Mən kənd yerlərini nəzərdə tuturam, çünki Mahaçqalaya yox, dağlara getmişdim). Stereotiplərin əksinə olaraq kənd və əyalət insanları fərqli görünüşlü insanlara daha dözümlüdürlər. Hər halda, Şimali Qafqazda məhz bu cürdür.
Mən irqçiliklə məktəb illərində - aşağı və orta siniflərdə rastlaşmışam və bu, həyatımda dərin iz buraxıb. Moskva ətrafındakı məktəblərdə oxumuşam, oralarda irqçilik, əlbəttə ki, vardı. Həm də təkcə uşaqlarda yox, onları elə tərbiyə etmiş valideynlərdə də.
Bir dəfə anam valideyn iclasına gedib xarici görünüşümə görə uşaqların məni təhqir etmələrindən şikayətlənmişdi və ona belə cavab vermişdilər: özünüz günahkarsız, belə fərqli uşağı siz dünyaya gətirmisiz.
Yuxarı siniflərdə kifayət qədər elit liseydə təhsil almağa başladım. Orda tamam başqa atmosfer vardı - daha liberal. Uşaqlar da, ən əsası - valideynlər də daha geniş təfəkkürə malikiydilər. Orda mən özümü qat-qat rahat hiss edirdim, insan və şəxsiyyət kimi formalaşmağım da elə orda baş tutdu. Həmin liseydə mənim başqalarından fərqlənməyimlə bağlı bircə dəfə də olsun nəsə deyən olmadı. Yəni olduğun yerdən və ətrafındakı insanlardan çox şey asılıdır.
"Rusiyada əsas problem məişət irqçiliyidir"
Əlbəttə, irqçi yanaşmalar uşaqlıqda məni çox incidib. Çox vaxt məktəbə getmək istəmirdim. Amma illər keçdikcə incikliyim azaldı. Hərçənd bəzi şeylər bu gün də xətrimə dəyə bilər. Məsələn, tələbə vaxtı deyilən bir cümləni hələ də xatırlayıram - bir qızın rahat keçməsi üçün qapını tutub saxlayanda arxadan eşitdiyim "O-o, MDU-nun jurnalistika fakültəsində qara qapıçı peyda olub" sözlərini.
Bu tip şeylər həmişə qıcıq yarada bilər, ancaq indi qat-qat az təsir edir. Çünki zamanla mən özümü olduğum kimi qəbul etməyi, özümdə olanlara və xarici görünüşümə dəyər verməyi öyrəndim.
Rusiyanın əsas problemi məişət irqçiliyidir və bunun da səbəbi savadsızlıqdır. Ona görə də səmimi olaraq belə düşünürəm ki, məni incidən, mənə mənim yolverilməz hesab etdiyim sözlər deyən şəxslərin 80-90%-i bunu pislik etmək məqsədilə yox, elə tərbiyə aldıqları üçün deyiblər. Dünyanı nə qədər görmüşdülərsə, onu o qədər dərk edirdilər.
Tanış olandan yarım dəqiqə sonra məndən haralı olduğumu və buna bənzər digər şeylər soruşan, ya da məni "ekzotika" adlandıran şəxslər haqqında da belə düşünürəm. Zamanla onlardan inciməməyi, belə şeylərə qıcıq olmamağı öyrəndim. Bütün bunlara görə dilxor olmağa dəyməz. Həqiqətən belə düşünürəm.
Çox ümid edirəm ki, Rusiyanın dünya ictimaiyyətinə inteqrasiyası artdıqca, bu problem aradan qalxacaq. Əsas odur ki, məişət irqçiliyinə Qərb ölkələrindəki institusional irqçilik də əlavə olunmasın.
Kamilla Oqun, 21 yaş, "Sparta&K" klubunun basketbolçusu

Şəklin mənbəyi, Personal archive
ABŞ-dakı aksiyaları lap əvvəldən izləyirəm. O dəhşətli qətl hadisələrini də. Mən etirazların mitinq formasına müsbət yanaşıram, çünki özüm də çaşqınlıq içindəyəm, Amerikada qaradərililərin başına gətirilənlərə baxıb şok keçirirəm, hakimiyyətin irqçi hoqqaları məni daxilən məhv edir.
Qarətlərə və yanğınlar törədilməsinə münasibətimsə mənfidir. Bunlar yolverilməz hərəkətlərdir. Amma mən insanların küçələrə çıxıb öz haqlarını tələb etmələrindən yanayam. Hamımız insanıq və hamımız bərabərik.
Məncə, Rusiyada qarədərililər az olduğu üçün burda aksiyalar keçirilmir. Əlbəttə, bizdə də irqçilik problemi var, ancaq hazırda aksiyalar keçirilən ölkələrdəki qədər deyil. İkincisi də ki, adətən, Rusiyada hər şey sükutla qarşılanır, biz problemlərimiz haqqında danışmamağa vərdiş etmişik.
İrqçiliklə mən də qarşılaşmışam, xüsusilə də uşaqlıq illərində. Şünki uşaqlar qəddardırlar. Daha çox da Köhnə Oskolda beləydi - o vaxt qaradərililərin barmaqla sayılacaq qədər az olduğu yerdə.
Hələ mənim bəxtim bir az gətirmişdi, sinfimiz bu məsələlərdə xeyli tolerant idi. Üstəlik, biz bir-birimizi uşaq baxçasından tanıyırdıq, mənim fərqliliyimə alışmışdılar. Ancaq başqaları mənə çox kobud sözlər deyirdilər. Bəli, bu irqçilik idi - məni təhqir edirdilər, qınayırdılar.
Tərbiyəsiz maraq
Moskva klublarından birində oynamaq üçün ora köçəndə 12 yaşım vardı. Moskvada irqçilik daha azıydı. Orda mən daha çox tərbiyəsiz bir maraqla, məsələn, "Sən Afrikandansan?" və buna oxşar digər suallarla rastlaşırdım. Sizə deyim ki, çoxları belə suallar verməyi qəbahət hesab etmirlər.
Mən elələrinə ya sarkazmla cavab verirəm, ya da ümumiyyətlə susuram. Çünki nəsə deməyi mənasız hesab edirəm. Onlara heç nə sübut etməyəcəm, heç nə danışmayacam, bunun heç bir faydası yoxdur. Olub ki, suala sualla cavab verib demişəm ki, soruşduğunuzu ədəbli, adekvat sual hesab edirsinizmi? "Burda nə var ki?" deyiblər.
Basketbol klublarında qaradərili qızların olmasına artıq öyrəşiblər. Bu sahədə irqçilik, demək olar ki, yoxdur. Ancaq milli komandada oynayanda mütləq yazanlar olur ki, bu qız həqiqətənmi rusdur, bəlkə səhv salırsız-filan. Qaradərili qızın Rusiya tərəfdən yarışması insanlarda niyəsə gülüş doğurur.
Mən hesab edirəm ki, bizdəki irqçiliyi aradan qaldırmaq üçün başqa millərlərə tolerant yanaşmanı hələ uşaqlıqdan aşılamaq lazımdır. "Zənci" sözü leksikondan, xüsusilə də uşaqlarına digər millətlər haqqında danışan valideynlərin leksikonundan maksimum yığışdırılmalıdır.
Uşaqlara "afroamerikalı" və ya "qaradərili" sözləri öyrədilməlidir. Biz qaradəriliyik və bizi başqa cür adlandırmaq lazım deyil. Biz zənci deyilik.
Problem ondadır ki, insanlar bunu problem hesab etmirlər. Onlar düşünürlər ki, Rusiyada belə deyilməsi normaldır. Bu yaxınlarda yetkin yaşlarda biriylə söhbət edirdim. Söhbət əsnasında o, "qara qadın" sözünü işlətdi və sonra da dedi ki, bizdə belə qəbul olunub, uşaqlıqdan belə deyirik. Bizdəki - Rusiyadakı tərbiyəyə görə, bu normaldır.
Uşaq vaxtı bütün bunlara çox qıcıq olurdum, hirslənirdim. Fikirləşirdim ki, niyə belədir axı? Böyüdükcə daha sakit yanaşmağa başladım. Düzünü deyim ki, indi ümumiyyətlə vecimə deyil.
Uşaq vaxtı adam hər şeyi ürəyinə salır. Nəyinsə niyə məhz belə olmasının səbəbini anlamır. Böyüyəndən sonra mən o sualların cavabını tapdım və hər şey yoluna düşdü.
Niyə mən? Niyə mənim dərim başqa rəngdədir? Niyə hamı buna diqqət edir? Niyə məni təhqir edirlər? Axı mən pis bir iş görməmişəm...
Cavab çox sadədir: mən başa düşdüm ki, problem məndə yox, ətrafımdakı insanlardadır.
Alena Əl-Hüseyn, 25 yaş, linqvist

Şəklin mənbəyi, Personal archive
Mən Moskvada doğulmuşam. İrqçiliklə üzləşmişəmmi? Yəqin ki, hə. Bu mənə çoxmu əzab verib? Düzü, o qədər də yox. Ancaq görünüşümün yerli mədəniyyət üçün qeyri-adi olması faktdı
Mən seçildiyimin fərqindəydim, məni fərqli edən şeyin səbəbini bilirdim. Bu, həmişəmi təhqirediciydi? Yox. Fərqli situasiyalar olub, amma lap da tez-tez yox.
Çox nadir hallarda kimsə mənə "qara" deyib. Əsasən savadsız adamlar. Düzünə qalsa, çox vaxt dərimin rənginə görə yox, şəxsiyyətimə görə başqalarıyla toqquşmalarım olub. Amma, sözsüz ki, "şokolad" və sair kimi atmacalar da olub.
"Tesak keçmişdə bizim tərəflərdə yaşayıb "
Qaradərililərin çətin qəbul olunduğunu - xüsusilə də Moskvadan kənarda, - hiss etmişəm. Məsələn Novqorod vilayətində olanda yerlilər mənimlə şəkil çəkdirirdilər. Ancaq bunu aqressiv irqçilik adlandırmaq olmaz, bu, sadəcə hansısa problemdir.
[Neonasist] Maksim Martsinkeviç (Tesak - BBC) keşmişdə bizim tərəflərdə yaşayıb deyə oralarda neonasistlərdən biriylə rastlaşmaqdan ehtiyat edirdim, çünki ümumiyyətlə tez qorxan biriyəm. Mən hələ yeniyetməykən Tesakı həbs etmişdilər, amma onun haqqında çox şeylər danışırdılar deyə qorxum keçmirdi.
ABŞ-dakı etiraz aksiyaları mənim üçün həssas mövzudur, çünki özüm orda yaşayıram. İndi Rusiyadayam, ancaq orda da oluram. Axırıncı dəfə keçən il getmişdim.
Amerika fərqli ölkədir, orda fərqli proseslər gedir - bunu başa düşmək vacibdir. Orda yeni mərhələyə ehtiyac duyan müəyyən sosial-siyasi sistem var. Bu, sadəcə qaradərililərin hüquqlarına yox, bütövlükdə kapitalizm sisteminə aid olan məsələdir.
Ona görə də indi Amerikada baş verənlər təəccüblü deyil. Orda insanlar sistem tərəfindən sıxışdırılıb, o sistemin Rusiyadakıyla heç bir ortaq yanı yoxdur.
ABŞ-da irqçilik hələ müstəmləkəçilik dövründən mövcud olub. İndi afroamerikalıların bəziləri sadəcə ağlara qəzəblidir, bəzilərisə kapitalizmə və Amerika ideyasına tənqidi yanaşır.
Amerika ideyası kapitalizm daxilindədir, irqçiliksə bu ideyanın məhsuludur. Problem də elə bu əlaqədədir.
"Rusiyada irqçilik Orta Asiyadan olanlara münasibətdədir"
Rusiyada vəziyyət fərqlidir. Bəzən rusiyalı kişilər və qadınlar özlərini amerikalı müstəmləkiçəlr kimi hiss edirlər - "Mən ağ adamam" düşüncəsiylə. Tarixi bilməmək bu cür uydurulmuş üstünlük hissi yarada bilir.
Belə yanaşma sadəcə gülüş doğurur, buna ciddi münasibət bəsləmək çətindir. Çünki arxasında hər hansı xüsusi sıxışdırma mexanizmi yoxdur. Ola bilsin, mənimçün belədir, çünki şəxsən mənə toxunmur, mənim həyatıma mane olmur.
Rusiyadakı irqçilik mənim hüquqlarımı məhdudlaşdırmır, çünki bu ölkədə situasiya fərqlidir. Bəlkə də indi Amerikada olsaydım, orda baş verənlərin - qaradərililərə qarşı qara irqçiliyin mənə də təsiri olardı.
Amma bu bizim ölkəmizə aid situasiya deyil. Afroamerikalıları bizim ölkəmizdə qul etməyiblər. Bu məsələ burda qıcıq doğura bilməz, çünki bizə aidiyyatı olmayan tarixdir.
İnsanlar digər ölkələrdən olanları qəbul etməyib onlara vəhşi kimi baxa bilərlər, ancaq bu, yəqin ki, savadsızlığa görədir.
Rusiyada da irqçilik var, amma burda yaşayan azsaylı qaradərililərə yox, digər millətlərə münasibətdə. Məsələn, Orta Asiyadan olanlara qarşı real irqçilik mövcuddur. Çox maraqlıdır ki, Rusiyada buna görə etirazlar baş vermir.
Orta Asiyadan gələnləri Rusiyada ciddi şəkildə əzirlər. Əsas və çoxdan həll olunmalı problem budur. Ola bilsin, burda ona görə etiraz aksiyaları keçirilmir ki, cəmiyyət problemin fərqinə varacaq səviyyədə inkişaf etməyib.r.
- George Floyd: qayda-qanun baxımından afroamerikalılara rəftar necədir?
- George Floyd: ölümüylə ABŞ-ı ayağa qaldıran “zərif nəhəng”
- Ağ Ev yaxınlığında dinc etirazçıların aksiyası bibər qazı ilə dağıdılıb
- “Cazın səfirləri”: necə oldu ki, ABŞ Dövlət Departamenti cazı sovet təbliğatına qarşı mübarizə vasitəsinə çevirdi







