George Floyd: qayda-qanun baxımından afroamerikalılara rəftar necədir?

Black man under arrest with hands on head

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Reality Check komandası
    • Vəzifə, BBC News

ABŞ-ın Minneapolis şəhərində polisin tətbiq etdiyi fiziki məhdudlaşdırmadan sonra afroamerikalı George Floyd-un ölümü ABŞ boyunca zorakılıq hallarına təkan verib.

Biz ABŞ-dakı cinayət və ədliyyə sisteminə dair bəzi məlumatlara və bu məlumatların necə bir təcrübədən xəbər verdiyinə nəzər saldıq.

1. Afroamerikalıların güllə ilə vurulma ehtimalı daha yüksəkdir

Polis tərəfindən atəş açma və ölümlə nəticələnən insidentlərə aid rəqəmlər göstərir ki, əhalinin ümumi sayı ilə müqayisədə afroamerikalıların ölümcül xəsarət alma ehtimalı daha yüksəkdir.

2019-cu ildə afroamerikalılar əhalinin 14 faizdən azını (rəsmi siyahıyaalma rəqəmlərinə görə) təşkil etsələr də, polisin 1000-dən artıq ölümcül atəş açma hadisəsinin 23 faizindən çoxu onların payına düşüb.

Bu rəqəm 2017-ci ildən başlayaraq nisbətən sabit qalır, halbuki o vaxtdan bəri atışmada ölən ağ amerikalıların sayı azalıb.

2. Afroamerikalılar narkotikdən sui-istifadəyə görə daha çox həbs edilirlər

Əslində, araşdırmaların hər iki qrupda narkotikdən istifadənin təxminən eyni səviyyədə olduğunu göstərməsinə baxmayaraq, 2019-cü ildə narkotik istifadəsinə görə həbs edilən afroamerikalıların sayı həmin ittihama görə saxlanılmış ağların sayını üstələyir.

2018-ci ildə hər 100 min afroamerikalıdan təxminən 750-si narkotik istifadəsinə görə həbs olunub, ağlar arasında belə həbslərin sayı 350-yə bərabərdir.

Narkotiklərin istifadəsi ilə bağlı əvvəlki araşdırmalar göstərir ki, ağ amerikalılar narkotikləri təqribən eyni səviyyədə istifadə etsələr də, afroamerikalılar arasında həbslərin sayı daha yüksəkdir.

Məsələn, Amerika Vətəndaş Azadlıqları Birliyi tərəfindən hazırlanan tədqiqata əsasən, marixuananın istifadəsinə görə qaradərili vətəndaşın həbs ehtimalı ağlarla müqayisədə 3,7 dəfə artıqdır. Hərçənd ki, istehlak səviyyəsi təxminən eynidir.

3. Afroamerikalılar daha çox məhkum olunur

Ən son məlumata görə, afroamerikalılar ağ amerikalılardan beş dəfə artıq məhkum olunur. İspandilli amerikalılarla müqayisədə isə, onlar iki dəfə artıq həbsə atılır.

2018-ci ildə afroamerikalılar ABŞ əhalisinin təxminən 13 faizini təşkil edib, bu arada məhbusların üçdə biri qaradərililərlə təmsil olunur.

ABŞ sakinlərinin 60 faizdən çoxu ağlardan ibarət olsa da, onlar məhkumların təqribən 30 faizini təşkil edir.

Hər 100.000 afroamerikalının payına düşən məhbusların sayı 1 faizə yaxındır, ağlarda bu nisbət 0,2 faiz təşkil edir.

Son 10 ildə həbsxanalarda afroamerikalı məhbusların sayı azalmaqdadır, lakin digər irqlərlə müqayisədə onlar hələ də üstünlük təşkil edir.