Həbsdən tənqidi yazılar yazan jurnalistləri Lənkəran türməsinə köçürüblər

Şəklin mənbəyi, BBC, AbzasMedia
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
"AbzasMedia işi" üzrə həbsdə olan jurnalistlər – Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Bakıdan Lənkəranın Qurumba kəndində yerləşən həbsxanaya aparılıblar.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, Youtube kanalımızda baxın.
Lənkərana aparılan jurnalist Nərgiz Absalamovanın anası Sevda Absalamova hesab edir ki, qızını və həmkarlarını həbsdən tənqidi yazılar yazdıqlarına görə başqa yerə göndəriblər.
"Bunlar içəridə olan haqsızlıqları, natəmizliyi, şəraitsizliyi işıqlandırıdılar. İçəridə olan rüşvəti, həkim səriştəsizliyin hamısın işıqlandırırdılar ona görə bunları zona yox, ora apardılar", - Sevda Absalamova BBC News Azərbaycancaya deyib.
AbzasMedia işi" üzrə həbsdə olan jurnalistlər – Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Bakıdan Lənkəranın Qurumba kəndində yerləşən həbsxanaya aparılıblar.
Buna qədər isə onlar yaşadıqları Bakı şəhərində, təcridxanada saxlanılıblar və oradan tənqidi yazılar yazıblar.
Jurnalistlərin yazıları rüşvət, pis idarəçilik, zorakılıq və həbsxanadakı şəraitlə bağlı mövzularda olub.
Bu ittihamlarla bağlı BBC-nin sorğusuna Penitensiar Xidmət cavab verməyib.
Lənkərana aparılan Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova deyir ki, uzağa gedib-gəlmək böyük problemdir.
Ofeliya Məhərrəmova bildirib ki, "Sevincgili burdan çıxarıb aparanda, nə qədər tələb etsələr də, onlara hara aparıldıqlarını deyən olmayıb".
Onun sözlərinə görə, qızlar gedib Lənkəranda həbsxanada düşəndə görüblər ki, ora başqa bölgədir.
"Sevincgil deyir yolda sürücüdən də soruşduq, demədi. Elə gəlib bizə dedilər ki, bir saata çıxırsınız", - Ofeliya Məhərrəmova deyib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Jurnalist Nərgiz Absalamovanın ailəsi üçün də gedib-gəlmək müşkül məsələdir.
Sevda Absalamova deyib ki, qızının əvvəlcə saxlandığı təcridxana evlərinə yaxın olub, ancaq indi 300 km məsafə qət etməli olurlar.
"Həm özümüzə çətindir gedib-gəlmək, həm maddi cəhətdən çətindir", - Sevda Absalamova bildirib.
Həbsdəki jurnalistlər ailələrinə deyiblər ki, onlardan əvvəl burada qadın məhbuslar olmayıb.
Ofeliya Məhərrəmova BBC-yə danışıb ki, qızı ona Lənkərandakı cəzaçəkmə müəssisinə onlar gələnə kimi tələsik 10 qadının köçürüldüyünü deyib.
Onun sözlərinə görə, məhbus qadınları jurnalistlərdən 2-3 gün qabaq ora aparıblar.
Ona kimi orada heç qadın həbsxanası yox imiş.
"O qadınlar Sevincə danışıb ki, elə bizi başısulu gətirdilər ki, gedirsiniz Lənkərana", - Ofeliya Məhərrəmova deyib.
Bundan başqa Lənkərandakı cəzaçəkmə müəssisəsindən jurnalistlərin ailələrinə deyilib ki, ancaq qara rəngdə geyim gətirilsin. Başqa heç bir geyim qəbul edilməyib.
Penitensiar Xidmət bu iddialarla bağlı BBC-nin suallarına cavab verməyib.
BBC News Azərbaycancaya danışan hüquqşunaslar Lənkərana göndərilməklə jurnalistlərin huquqlarının və qanunun pozulduğunu deyiblər, çünki Azərbaycanın Cəzaların İcrası Məcəlləsinə görə, məhkumlar cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkməlidirlər.
Prezident İlham Əliyev Lənkərandakı Penitensiar Kompleks 2024-cü ilin yanvarında tanış olub.
Həmin vaxt ədliyyə naziri olan Fikrət Məmmədov Prezidentə deyib ki, orada əsasən cənub zonası və bu bölgəyə yaxın olan ərazilərdə yaşayan şəxslər saxlanılacaq.
Nazir bunu onların öz ailələri ilə daha asan və rahat görüşə bilmələri ilə əsaslandırıb.
Bu ilin iyununda bu jurnalistlərə birlikdə 25 il həbs cəzası verilib.
Qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli bilinmiş jurnalistlər bu ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu deyirlər.








