Azərbaycan həbsxanalarında işgəncə iddiaları: BBC-nin sənədli filmi
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YOUTUBE kanalımızda izləyin.
"Əvvəlcə işgəncələrin sadəcə səslərini eşidirdim: sillə, təpik, yumruq, dubinka, söyüş, təhqir. Sonra isə qeyri-insani rəftar və işgəncə hallarını öz gözlərimlə görməyə başladım: döymək (üzdə, bədəndə ciddi xəsarətlər), məhbusu qandalla korpuslarda dəmir barmaqlıqlar olan arakəsmələrdən asmaq (yuxarıdan asmaq, ortadan qandallamaq)", - Ülvi Həsənli təcridxanadan göndərdiyi məktubda yazıb.
Jurnalist Ülvi Həsənli həbsdən göndərdiyi məktubda orada şahidi olduğunu dediyi işgəncə halları barədə öz məktubunda yazıb.
Ülvi Həsənli Prezident İlham Əliyevin ailə üzvlərinin, o cümlədən bəzi yüksəkçinli məmurların bizneslərini araşdıran Abzas Medianın direktorudur.
Hazırda onunla yanaşı, bu media orqanın daha beş əməkdaşı həbsdədir. Onlar qaçaqmalçılıqda ittiham olunurlar. Jurnalistlər ittihamları qəbul etmir, həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.
Ülvi Həsənli bir müddət öncə hazırda saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından (BİT) burda məhbuslara qarşı işgəncə və qeyri-insani rəftara yol verilməsi ilə bağlı ictimaiyyətə məktub ünvanlayıb.
Ədliyyə Nazirliyinin məhbusların saxlanma şəraitinə cavabdeh olan qurumu - Penitensiar Xidmət BBC-nin sorğusuna cavabında Ülvi Həsənlinin yazdıqlarının həqiqəti əks etdirmədiyini bildirib.
Bəs keçmiş məhbuslar nə deyir? Doğrudan da, Azərbaycanda Penitensiar Xidmət müəssisələrində işgəncə və qeyri-insani rəftar varmı? BBC bunu araşdırmağa çalışıb.

Şəklin mənbəyi, Əziz Kərimov/Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Siyasi məhbus kimi tanınmış fəal Fuad Əhmədli işgəncəlar haqqında deyib ki, "Bu, dəfələrlə rastlaşılmış haldır.
"Məhkumun biri bağlanılır birinci mərtəbəyə, biri bağlanılır ikinci mərtəbəyə. Qandalla bağlandıqdan sonra, üstündən də döşək ağı ilə bağlayırlar ki, insanların tərpənməyə imkanı olmasın. Çılpaqlığı ilə də olsa, çalışıram izah edim. Məhkumlar bir-birinin üzərində tam olanda, təbii ehtiyaclarını düz bir-birilərinin üzərinə edəcəklər. Çünki altına döşək qoyulmur, DSP taxtadan söhbət gedir. Məhkumlar öz aralarında danışsa ki, biri-bir qədər sola-sağa sürüşsün, orada yuxarıdakı məhkumun sidiyi aşağıdakının üzərinə düşməyə bilər. Ona görə də üzərindən döşək ağı ilə bağlayırlar ki, heç birinin tərpənməyə imkanı olmasın. Üstəlik, çoxlu su içizdirirlər və gecə bu proses dəyişə bilər. İnsanların əlini açıb, məhkumların yerini dəyişə bilərlər. Hər halda, mənim cəza çəkdiyim müddətdə, 2020-ci ilin 18 avqustuna qədər, mütəmadi qaydada həm öz cəza çəkdiyim 16 saylı cəzaçəkmə müəssisəsində, həm digər cəzaçəkmə müəssisələrində və zaman-zaman BİT-də eşitdiyim bir şey idi", - Fuad Əhmədli izah edib.
Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində çox yayılmış bir taktika var ki, mərtəbəli yatağın ikinci mərtəbəsinə bağlanan məhkum, ya hər hansı bir Queer fərdi olur, ya da LGBT icmasının üzvü olur.
"Çünki bildiyimizə görə, məhkumlar arasında yazılmamış qanunlara görə, cinayətkar aləm və ya kriminal aləm qanunları deyə bilərik, LGBTQİ+ fərdlərinə qarşı bəlli bir formada diskriminasiya var. Onlarla əl ilə görüşmək olmaz, hər hansı açıq qida götürmək və ya açıq nə isə ötürmək olmaz və s. yəni, yazılmamış belə bir qanunlar var. Məhkumu artıq o qanunlarla vururlar. Yəni, nəinki sən əl ilə görüşmək istəmirsən, amma biz həminki insanın təbii ehtiyacını sənin üzərinə ödəməsinə nail olacağıq", - Fuad Əhmədli bildirib.
Penitensiar Xidmətdən BBC-yə səslənən iddiaların həqiqəti əks etdirmədiyini deyiblər.

Hazırda Niderlandda yaşayan transgender Anna Tağıyeva Bakı İstintaq Təcridxanasında saxlanıldığı 11 ay müddətində dəfələrlə oxşar hadisələrlə üzləşdiyini iddia edir.
"Bizi rəis müavinlərinin otaqlarına çıxarırdılar. Ya bizdən sonra, ya da bizdən əvvəl şiddət göstərdikləri insanlar orada olurdular. Bəzən içəri girib, görürdük ki, insanları qollarından yuxarı asıblar və üst-başları qan içində döyülürlər. Onların son çıxış yolu biz idik. Bizi onların qarşısına lüt şəkildə gətirirdilər, onlar da artıq lüt idi. Üstümüzə bağırırdılar ki, yaxınlaş, hansısa cinsi münasibət göstər, tez ol, üstünü çıxar, altını çıxar. Biz də bunu etmək məcburiyyətində qalırdıq. Və o anda artıq o şiddət göstərdikləri şəxslər bunların dedikləri ilə razı olurdu. Yəni, bizi öz sözlərini keçirmək üçün silah kimi istifadə edirdilər. Biz onların dediklərini etməsə idik, elə əllərindəki o böyük dəyənəklə bir dəfə başımıza vursa idilər, bəs edirdi. Bir dəfə mən etiraz etdikdə, əllərində böyük rezin dəyənək olur ha, onunla insanın başına vurduqda, inanın ki, insan özünə gələ bilmir. Mən başa düşə bilmirəm bu şiddət göstərdikləri insanlar buna necə dözürdü. Onu bircə dəfə mənim başıma vurmuşdular, mənim bütün başım şişmişdi, başım gicəllənirdi, gözlərim qaraldı", - Anna Tağıyeva şahidi olduğunu dediyi hadisələrdən danışıb.
BBC Anna Tağıyevanın iddiaları ilə bağlı Penitensiar Xidmətdən cavab ala bilməyib. Anna Tağıyeva 2021-ci ildə CM-nin külli miqdarda narkotiklərin satışı maddəsi ilə həbs olunsa da, bir müddət sonra bəraət alıb.

Şəklin mənbəyi, MeydanTV
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın keçmiş sədri Səadət Bənənyarlı BBC-yə deyir ki, o, istintaq təcridxanalarında monitorinq apararkən saxlanılan şəxslərdən işgəncə və qeyri-insani rəftar faktları ilə bağlı məlumat almayıb.
"Biz onlardan sorğular da keçirmişik ki, sizi incidən varmı? Sizə qarşı hər hansı bir hərəkətlər olunurmu? Adətən bizə verilən cavablar mənfi olub. Yəni, deyilməyib ki, onlar orada hər hansı bir hadisələrlə rastlaşıblar. Mən ancaq onu sizə deyim ki, mənim təcrübəmdə, istintaq təcridxanasında Ülvi bəyin dediyi kimi işgəncələrin verilməsi son 20 ildə biz şahidi olmamışıq", - Səadət Bənənyarlı deyib.
Fuad Əhmədli 2016-cı ildə Cinayət məcəlləsinin qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, dini məzmunlu məlumatları, məmulatları istehsal etmə, idxal etmə, satma və ya yayma maddəsi ilə həbs olunub.
O həbsdə olarkən bəzi yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus elan edib. Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını bildirir.
"Müstəntiq gəlmişdi, mənim maddələrimi nöqtə 1-dən, nöqtə 2-ə tövsif etmişdi. Deməli, artıq mənə 0-dan 3 ilə qədər yox, 3 ildən 8 ilə və daha artıq iş düşə bilərdi. Mən də ailəmlə telefonla danışanda, atama demişdim ki, nə prokuror, nə onun sifarişini verən şəxsən ölkə Prezidenti, nə də başqa bir adam təyin edə bilər ki, mən həbsdə nə qədər qalacağam. Onlar nə qədər istəsələr, ola bilər ki, o qədər iş verə bilərlər, amma təzyiqə nə qədər davam gətirəcəklərsə, bir o qədər də məni saxlayacaqlar", - Fuad Əhmədli bildirib.
AXCP fəalı Fuad Əhmədli iddia edir ki, ailəsi ilə telefon danışığı dinlənilib və dedikləri rəhbərliyin xoşuna gəlmədiyi üçün Bakı İstintaq Təcridxanasında onu cəzalandırıblar.
""Proqul" deyə bir otaq var. Gəzinti otağıdır. Yer asvalt, divarlar adi sement, beton, üzəri isə "reşotkalar". Təxminən görmüş olarsız. Yerə bərkidilmiş bir skamya var, həminki skmayanın ayaqlarına qolumdan qandallayaraq, təxminən səhər 10-da telefona çıxmışdım, 11, 12-nin yarısından axşam saat 9-a qədər məni orada qalmağa məcbur etdilər. Mən bir neçə dəfə onları çağırsam da ki, təbii ehtiyaclarımı ödəmək istəyirəm, ayaqyolu işləri və s. Adam mənə qayıtdı ki, oturduğun yerdə təbii ehtiyaclarını ödəyə bilərsən. Dedim ki, alınmır, düzgün çıxmır, insanam hər halda və.s. başladılar ələ salmağa ki, üzr istəyirəm tamaşaçılardan da işini gör, sonra üzünə baxarsan", - Fuad Əhmədli deyib.

"Bütün koridorlarda Ombudsmanın 916 qaynar xətti və Azərbaycan və ingilis dillərində "İşgəncəyə yox!" ("No to torture!") şüarları vurulub. Məhbuslara işgəncələr isə elə bu plakatların altında verilir. Hər həftə, bəzən də ardıcıl hər gün işgəncələr davam edir. Bəzən bir nəfər, bəzən də 10-15 nəfər birdən döyülür", - Ülvi Həsənli məktubunda yazıb.
"Ülvinin dediyi bir fakt var idi, "işgəncəyə yox!" - sözünün altında işgəncə verilməsi. Onu şəxsən mən özüm də xatırlayıram. Azyaşlı məhkum gətirildi cərimə təcridxanasına və cərimə təcridxanasının dediyim o birinci geniş yerdə bundan soruşuldu ki, dərdin nədir? Nə istəyirsən? Qayıtdı ki, normal yemək yeməyə bizim də haqqımız var. Yeməyin keyfiyyətindən xüsusi ilə razı deyilik. Ədliyyə mayorlarından biri elə bu anda uşağa bir dənə şapalaq vurdu, uşaq sillənin təsirindən yerə yıxıldı. Ondan sonra da yerdə uşağı təpikləməyə başladılar. Bir nəfər gizir, yeri gəlmişkən, adı bu məsələlərdə çox tez-tez çəkilir, bir nəfər nəzarətçi və bir nəfər ədliyyə mayoru. Ondan sonra gecə saat 2-3 radələrində fürsətdən istifadə etdim. Məsələn, nəzarətçi siqaret çəkməyə çıxıb və yaxud da başqa korpusa getdi, nəfəsliyi açıb, baxmaq imkanımız olurdu ki, üzbəüz kamera ilə əlaqəyə keçmək imkanımız var idi. Çağırdım ki, yaxınlaş pəncərəyə, rahat söhbət edək. Adam mənə dedi ki, yaxınlaşa bilmirəm. Dedim, niyə? Dedi əllərimdən qandallayıblar çarpayıya. Sonra söhbətin axırından, bir az ordan-burdan danışdıq, fikrini yayındırmağa çalışırdım. Bir neçə dəfə "qarmoşkanı" döyəndə, onun qapısı da açıq qalmışdı, bir çox hallarda, belə məhkumlar psixoloji və fiziki işgəncələrə dözməyib, başlarını dəmirə vurub, intihara da cəhd edə bilirlər deyə, onun qapısı açıq idi. Ondan sonra mən ayrı-ayrı məsələlərlə bağlı bir neçə dəfə mən pəncərəni döydüm, nəzarətçi pəncərini açanda görə bildim, adam çarpayıdan yuxarıda ayaq barmaqları yerə çatmaq şərti ilə ayaqüstə asılmışdı", - Fuad Əhmədli bildirib.
Penitensiar Xidmətdən BBC-yə Fuad Əhmədlinin iddialarının əsassız olduğu deyilib.

2024-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası Azərbaycan həbsxanalarında işgəncə və qəddar rəftarla bağlı qətnamə qəbul edib.
Sənəddə deyilir ki, Azərbaycan həbsxanalarında əvvəlki səfərlərdə olduğu kimi, monitorinq heyəti saxlanılan şəxslərin həbsxana əməkdaşları tərəfindən qəsdən fiziki pis rəftara məruz qalması ilə bağlı bir sıra iddialar qeydə alıb.
"Assambleya bildirilən dəhşətli işgəncə üsullarından - elektrik cərəyanı vermək, dırnaqları çıxarmaq, suda boğmaq, gözləri bağlamaq, cinsiyyət orqanlarının dartılması, zorlama, başqalarının yanında ailə üzvlərini zorlamaqla hədələmək və sairə - dəhşətə gəlir", - AŞPA-nın qətnaməsində yazılıb.
AŞPA qətnaməsində Azərbaycana qarşı, xüsusilə "Tərtər" işilə bağlı qeyri-insani rəftar iddiaları yer alır.
2017-ci ildə bir qrup hərbçi Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə həbs edilmişdilər. Sonradan onlara işgəncə verildiyi bəlli olmuşdu. Hadisələr Tərtərdə baş verdiyi üçün yerli media bunu "Tərtər işi" adlandırıb.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirir ki, əgər AŞPA "Tərtər işi"ndəki işgəncələri nəzərdə tutursa, bu, inkaredilməzdir.
"Bu, heç şübhəsiz ki, bizim hüquq sistemimiz tariximizdə bir ləkədir və Baş Prokurorluğa möhtərəm cənab Prezidentin tapşırığından sonra işin təzədən icraata qaytarılması və 400-dən artıq şəxsin, bir qisminin də ölümündən sonra zərərçəkən şəxslər kimi tanınması, onlara bəraət verilməsi, bir qismində isə kampensasiya ödənilməsi prosesi həyata keçirilib və yenidən ayrı-ayrı şəxslərə cinayət işi qaldırılması və cəzalandırılması reallaşıb. Kim isə bununla qaneə olmaya bilər. Deyər ki, bu, tam oradakı əməliyyatları həyata keçirənləri, ayrı-ayrı yüksəkçinli insanları əhatə etmir. Mümkündür ki, onlarla da bağlı sərt və ağır addımlar,yəni qərarlar verilsin", - Zahid Oruc deyib.
AŞPA-nın hesabatında Azərbaycanda, həmçinin "siyasi müxalifət üzvlərinə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı işgəncə və pis rəftarın digər formalarından istifadə" barədə nümunələr göstərilib.
Azərbaycan hakimiyyəti ölkədə heç kimin siyasi və dini fikirlərinə görə təqib olunmadığını deyir, işgəncə və ya pis rəftar iddialarını təkzib edir.

Şəklin mənbəyi, Getty Images
"Heç bir halda, siyasi və ya qeyri-siyasi hansı peşə sahəsi yönündə fəaliyyət aparmasından asılı olmayaraq, insana cəza verilə bilməz! Bu cür "samasud" qərarları harada gerçəkləşirsə, birmənalı şəkildə onu pisləyirik və bununla barışa bilmərik", - Zahid Oruc bildirib.
"Rəis müavinləri daima bizi otaqlarına çağırıb, soyunmağımızı istəyirdilər. Hətta kimsənin döyülmədiyi anlar da olurdu, iki nəfər rəis müavini var da orada. Onlar bizi soyundururdular, sadəcə olaraq bizimlə söhbət edirdilər, deyirdilər, gülürdülər. Belə anlar da olurdu", - Anna Tağıyeva deyib.
Hazırda Niderlandda yaşayan Anna Tağıyeva Bakı İstintaq Təcridxanasında kişilərlə eyni kamerada saxlanılmasına etiraz etdiyi üçün də döyüldüyünü iddia edir. O, saxlanma təcridxanasında dəfələrlə qeyri -insani rəftara, seksual və fiziki işgəncəyə məruz qaldığını deyir.
"Özümüzü, üzr istəyirəm, bir mal kimi hesab edirdik. Yəni, satılırdıq və buna susmaq, onların dediklərini etmək məcburiyyətində idik. Sadəcə olaraq, susaraq izləyirdik ki, necə bizim həyatımızla oynayırlar. O hadisədə onun otağına gedəndə, çox böyük bir otağı var idi. Biz həmişə qapı tərəfdə dururduq və otağın digər başında onların və Elnur İsmayılovun əyləşdiyi masa var. Orada oturaraq, bizi müzakirə edirdilər. Bəzən bizə suallar verirdilər. Hansı "türməyə" getmək istəyirsən? Onlar öz aralarında deyirdilər ki, bizim "türmə" yaxşıdır, burda yaxşı pullar qazanarsız. Onda başa düşmürdüm nə demək istədiklərini. Sonradan öyrəndiyimə görə, bizi ora göndərəndə, satışa çıxarırlar. Mən artıq "kürdəxanı"dan çıxıb, "türmə"yə getmədim, amma öyrəndiyim məlumatlara görə, deyirdilər ki, artıq ora gedəndə rəis müavini bu işi görür. İlk öncə hər hansısa imkanlı olan bir məhbus səni pulla alır, ondan sonra artıq davamı gedir və sənin vasitənlə pul qazanırlar", - Anna Tağıyeva danışıb.
BBC Anna Tağıyevanın iddiaları ilə bağlı Penitensiar Xidmətdən cavab ala bilməyib.
"İşgəncələrlə bağlı dəfələrlə Penitensiar Xidmətin rəhbərliyinə, təcridxana rəhbərliyinə, Ombudsmana müraciət etsək də, ciddi tədbir görülmədi", - Ülvü Həsənlinin məktubunda yazıb.
Penitensiar Xidmət Həsənlinin iddialarını qəbul etmir.
Ombudsman Aparatından isə BBC-yə bildiriblər ki, Ülvi Həsənli Ombudsmanın nümayəndələri ilə görüşlər zamanı özünə və ya digər saxlanılan şəxslərə qarşı pis rəftarla bağlı hər hansı müraciət etməyib.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı BBC-yə deyir ki, vaxtilə sədri olduğu İctimai Şuranın fəaliyyət müddəti bitdiyi üçün o, Ülvi Həsənlinin məktubundan sonra onu ziyarət edə bilməyib.
"İlkin addımda bir var ki, gedəsən, bir də var ki, üzərindən nə qədər vaxt keçir. Baxın, məktub yazılıb, bir neçə gün keçir, biz gedirik ki, hə, görək nə var. Onun saxlanıldığı yer ki var, müvəqqəti saxlanılma yerində orada indi adi otaqdır, kameradır, orada indi təbii ki, heç bir asılma yeri, heç bir şey yoxdur. Ona görə də belə iddiaları təsdiqlətmək bizim üçün o qədər də asan deyil. Ən azından onun yaxınları, vəkili tərəfindən bizə, çünki vaxtı da bitsə idi, biz orada neçə illər işləmişdik. Bəlkə də icazə ala bilərdik, heç bu məktub açılmamışdan qabaq, bu məktub bizə çatsaydı, biz gedib, o otaqların açılmasını da istəyə bilərdik, baxa da bilərdik. Amma məktubdan sonra bunların olunması mənə elə gəlir ki, yaxşı olardı ki, bu məktub ictimailəşmədən qabaq artıq bizə müraciət gəlib, çıxardı. Biz yenə deyirəm, icazə alıb, ora gedib, bunu araşdıra bilərdik", - Səadət Bənənyarlı bildirib.
"2024-cü ilin ilk altı ayı ərzində 58 işgəncə və qeyri-insani rəftar halı qeydə almışam. Bunlar hələ ki, təkcə mənim saya bildiyim, şahidi olduğum hallardır. İndi təsəvvür edin, müvəqqəti saxlanma təcridxanalarında və həbsxanalarda işgəncə və pis rəftarın miqyası hara çatır", - Ülvü Həsənlinin həbsdən göndərdiyi məktubunda yazıb.
Fuad Əhmədli iddia edir ki, həbsxana rəisi ona işgəncə olmadan məhkumları idarə etməyin mümkünsüz olduğunu deyib.
"Sən bilməlisən ki, biz burada qanuna riayət edirik, hər şey qanunidir. İşgəncə məsələlərini deyirsən, onlar xırda məsələlərdir. Cəzaçəkmə müəssisələrini idarə etməyin başqa yolu yoxdur. Cəzaçəkmə müəssisələri elə bu formada idarə olunmalıdır. Biz döyməsək, bizim başımıza çıxarlar. Bunları dediyi müddətdə qapı açılır, içəri kim girir? Ədliyyə Nazirliyi yanında İctimai Nəzarət Şurasının üzvü Əliməmməd Nuriyev. Girən kimi ilk sualı budur ki, onlar onu nə yaman qışqırdırlar? Deyin, bir az yavaş işləsinlər də, problem yaranır. Adam insan haqlarının qorunması və saxlanma şəraitinin vəziyyətini monitorinq etmək üçün gəlib, cəzaçəkmə müəssisəsinin qonşu otağında işgəncə gedir, döyülmə gedir, nəticəsi ola bilsin ölüm olsun. Mən bu səhnəni görəndə şok oldum. Yəni, niyə işgəncə edirlər? Sual deyil. Sual odur ki, niyə yavaş işləmirlər?", - Fuad Əhmədli deyib.
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev haqqındakı iddialarla bağlı BBC-nin sualını cavablandırmaqdan imtina edib.
Əliməmməd Nuriyev deyib ki, "Bu sualı mənə vermək təhqirdir. Mən müsahibəni bitmiş hesab edirəm".
Fuad Əhmədlı onu da bildirir ki, o, cəzaçəkdiyi müəssisədə qanunsuzluqlara etiraz etdikdə rəisin ona cavabı konkret olub.
"Əhmədli, biləsən, biz demirik ki, sizin hüququnuz yoxdur ictimailəşdirməyə, işıqlandırmağa, işgəncə faktlarından danışmağa, jurnalistlərlə əlaqəyə keçməyə. Buyurun, şikayətinizi edin. Yoxlama gəlməyəcəkmi? Yoxlama qapıda dayanıb, zəngi basıb, içəri girməyi gözlədiyi an öldürüb, meyidinizi atacağıq onun qabağına ki, götürün, aparın, bu adam idi şikayət edən. Ondan sonra nə bacarırsız, edin. O söhbətin də davamı olaraq bildirdi ki, burada elə bilirsən birinci adamdırmı döyülən? Və yaxud da bundan əvvəl heç şikəst olanmı olmayıb? Öldürülənmi olmayıb? Hətta nümunə göstərir ki, o qədər adam olub ki, işgəncə vaxtı ölüb. Bütün bunlar barədə ictimayyət bilməlidirmi? Bütün bunlarla bağlı biz dövlət orqanlarına hesabatmı verməliyik? Bütün bunlarla bağlı ictimai müzakirələrmi açılır?", - Fuad Əhmədli bildirib.

Penitensiar Xidmət Fuad Əhmədlinin iddialarının əsassız olduğunu bildirib.
"Ötən 5 ilə yaxın dövrdə Əfv Komissiyasının üzvü kimi cəzaçəkmə müəssisələrində həmin qərarların icrası zamanı o müəssisələrə daxil olan, onların qidalanma şəraitindən, qaldıqları yerə və islah olunması tədbirlərini bir qədər müşahidə edən insan kimi deyə bilərəm ki, mənə ayrılıqda və ya yaxud da məktubla "burda maşın işləyir, cəza verilir, ya bizdən dediyiniz kimi rüşvət və böyük vəsaitlər qazanmaq üçün, ya bizi ram edib, öz iradələrinə tabeə etdirmək adına indiyəcən bu yöndə müraciətlər olmayıb", - millət vəkili Zahid Oruc deyib.
BBC Ülvi Həsənlinin məktubu ilə bağlı hər hansı araşdırılmanın başlayıb-başlamadığı ilə bağlı Baş Prokurorluqdan cavab ala bilməyib.
Ülvi Həsənlinin yaxınları bildirir ki, işgəncələrlə bağlı məktub yazdıqdan sonra BİT-də ona qarşı pis rəftar edilir.
Yaxınları hətta onun həyati təhlükəsi olduğunu da iddia edir.
Penitensiar Xidmət iddiaları qəbul etmir.




