Böyük Britaniyanın Fələstini tanımaq planı: "Təşəkkür edirəm, amma artıq gecdir"

Qəzza Fələstin İsrail
    • Müəllif, Jeremy Bowen
    • Vəzifə, Yaxın Şərq redaktoru

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Britaniyanın Baş naziri Keir Starmerin sentyabr ayında BMT Baş Assambleyasında Fələstini bir dövlət kimi tanıyacağını açıqlamasının əsas səbəblərindən biri 25 il əvvəl Oslo sülh prosesinin dağılmasından sonra boş bir şüara çevrilən iki dövlətli həll yolunu yenidən həqiqi diplomatik plana çevirməkdir.

İordan çayının Qərb sahilinə bir günlük səfərdə müşahidələrim bir xatırlatma oldu - İsrailin bunun baş verməsinin qarşısını almaq üçün yaratdığı faktlar fələstinlilərin öz dövləti kimi görmək istədiyi qayalıq təpələrə və vadilərə betonla bərkidilib.

1967-ci il müharibəsində İsrailin bölgəni ələ keçirməsindən bir neçə gün sonra başlanan nəhəng milli layihənin uğuru hazırda 700 mindən çox israillinin yaşadığı yəhudi qəsəbələrində aydın görünür.

Bu, 60 ildir davam edən, milyardlarla dollara başa gələn, dost ölkələrlə yanaşı, düşmənlərin də qınağına səbəb olan bir layihədir.

İşğalçı ölkənin zəbt etdiyi torpaqlarda öz vətəndaşlarını yerləşdirməsi beynəlxalq hüququn pozulmasıdır.

Keçən il Beynəlxalq Ədalət Məhkəməsi İsrail işğalını tamamilə qeyri-qanuni elan edən məsləhət qərarını verdi.

Lakin Benyamin Netanyahu hökuməti daha çox yaşayış məntəqələrinə can atır.

Mayın sonunda müdafiə naziri İsrael Katz və maliyyə naziri Bezalel Smotriç İordan çayının qərb sahilində 22 yeni qəsəbə salınacağını açıqlamışdı.

Qəzza Fələstin İsrail

Şəklin mənbəyi, AFP via Getty Images

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Katz bölgənin tarixindəki ən böyük genişlənmə planlarından biri haqqında deyib: "Bu, İsraili təhlükə altına salan və düşmənlərimizə qarşı bufer rolunu oynayan Fələstin dövlətinin yaradılmasının qarşısını alan strateji bir addımdır".

O əlavə edib: "Bu, sionist, təhlükəsizlik yönümlü və milli cavabdır. Bu, həm də ölkənin gələcəyi ilə bağlı aydın bir qərardır".

Katz bu açıqlamaları verərkən onu İordan çayının qərb sahilində yerləşən qəsəbədə yaşayan və bu torpaqların yəhudilərə Allah tərəfindən verildiyinə inanan ultramillətçi siyasətçi Bezalel Smotrich müşayiət edib.

Maliyyə naziri Smotriç həm də İordan çayının qərb sahilinin qubernatorudur və geniş planlaşdırma səlahiyyətlərinə malikdir.

Smotrich genişləndirmə layihəsini "nəsildə bir dəfə veriləcək bir qərar" kimi təsvir edib və deyib:

"Növbəti addım suverenlikdir!"

İsraildə və bu ərazilərdəki fələstinlilər daxil hər kəs bilir ki, "suverenlik" dedikdə Smotriç və onun müttəfiqləri İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tuturlar.

Smotriç bütün bu torpaqları yəhudilər üçün istəyir və fələstinliləri qovmağın yollarını tapmaq barədə açıq danışıb.

Benjamin Netanyahu

Şəklin mənbəyi, Getty Images

"Biz çox qorxduq"

İordan çayının qərb sahilindəki təpələrdə özünün ultra yəhudi millətçiliyini tez-tez dini baxışlarına qarışdıran, silahlı, bəzən fələstinli qonşusuna ölümcül davranan döyüşkən əhalisi ilə müxtəlif inkişaf mərhələlərində olan yaşayış məntəqələri var: bəziləri meyvə bağları və məktəbləri də olan yaxşı salınmış kiçik şəhərlər və ya bir neçə karavandan ibarət "qəsəbə".

BMT və sülhsevər fondlar tərəfindən toplanan məlumatlar göstərir ki, zorakı köçkünlər 7 oktyabr 2023-cü ildə Həmas hücumundan sonra fələstinli qonşularına qarşı hücumları artırıb.

Bu vəziyyətin təxminən 1500 nəfərdən ibarət ümumxristian kəndi olan Taybeyə necə təsir etdiyini görməyə getdim.

Bu, sakinlərlə müqayisədə evlərin daha çox olduğu sakit bir yerdir.

Altmış ilə yaxın davam edən İsrail işğalı nəticəsində kənd sakinlərinin çoxu qaçmağa məcbur olub.

Mənim gəlişimə iki gecə qalmış camaat öz yatağında yatarkən bir qrup mühacir Taybeyə daxil olub.

Kamal Tayeanın avtomobilini yandırıblar.

Onun hektarlarla zeytun bağlarına baxan evinə soxulmağa cəhdləri uğursuz olub. Divarlara qırmızı boya ilə ibranicə yazı yazıblar.

Kamal evinin ətrafına təhlükəsizlik kamerası şəbəkəsi quraşdırarkən ailəsini kəndin sərhədlərinə köçürmək qərarını şübhə altına alır.

"Biz çox qorxduq. Mənim uşaqlarım və yaşlı anam var. Həyatımız təhlükə altında idi və bu, dəhşətli idi", - o dedi.

Mən ondan İngiltərənin Fələstini tanımaq planının onun həyatını asanlaşdırıb-asanlaşdırmadığını soruşuram:

"Mən belə düşünmürəm. Böyük Britaniya kimi fövqəldövlətin bizi dəstəkləməsi böyük addımdır, lakin burda işləmir. İsrail heç bir beynəlxalq qərara və ya qanuna əməl etmir.

O, dünyanın heç bir ölkəsinə qulaq asmır".

Qəzza İsrail Fələstin

Şəklin mənbəyi, Getty Images

Növbəti gecə yəhudi köçkünlər qonşu Fələstin icmalarına basqın edərək avtomobilləri yandırıb və qraffiti yazıblar.

Bu, sadəcə olaraq vandalizm hadisəsi deyil.

Köçkünlər fələstinlilərin getməsini istəyirlər və işğal olunmuş ərazilərin bəzilərində buna nail olublar.

Onlar ucqar kəndlərdə fələstinlilərin mal-qarasını oğurlayaraq fermalarından zorla çıxarıblar.

74 yaşlı yunan pravoslav keşişi David Khoury Taybehdə anadan olub.

Kilsə söhbətimiz zamanı mənə deyir ki, onu və kəndin digər sakinlərini təhdid edən mühacirlər çox vaxt silahlı olurlar.

"Onların silahları var. Əgər onlarla mübahisə etsək, onlardan istifadə edə bilərlər. Bizim getməyimizi istəyirlər".

Yaşlı keşiş geri çəkilməyəcəyini deyir:

"İsanın zamanından 2000 ildir buradayıq. Kökümüz buradadır. Biz tərpənə bilmirik, tərpənməyəcəyik. Ölsək də buradan köçməyəcəyik. Fələstin qanımızdadır, qanımız olmadan necə yaşaya bilərik?"

Qəzza İsrail Fələstin

Şəklin mənbəyi, AFP via Getty Images

İordan çayının qərb sahilindəki Fələstin Muxtariyyətinin faktiki paytaxtı olan Ramallah buradan çox da uzaqda deyildi, lakin mən şəxsən ora gedə bilmədim.

İsrail nəzarət-buraxılış məntəqələri Qüdsə qayıtmağı çətinləşdirə bilər, ona görə də Husam Zomlotla Zoom vasitəsi ilə danışdım.

O, Britaniyadakı Fələstin nümayəndə heyətinin rəhbəridir, yəni administrasiyanın Londondakı səfiridir.

Yay tətili üçün ölkəsinə qayıdan Zomlot Britaniyanın Fələstini tanımaq planından məmnun olduğunu bildirib:

"Bu, Böyük Britaniyanın və onunla birlikdə beynəlxalq ictimaiyyətin iki dövlətli həllə həqiqətən ciddi yanaşdığına işarədir. Biz indi bizə otuz il bahasına başa gələn ritorikanı bir kənara qoyuruq. Əgər həqiqətən də iki dövlətli həll istəyirsənsə, iki dövləti tanı.

Biz bu tanınmanı Fələstin dövlətinin qurulması və Fələstin xalqının qanuni hüquqlarının həyata keçirilməsi istiqamətində yarışa başlayacaq tapança atışı kimi görürük".

Zomlot bunun ilk addım olduğunu və Böyük Britaniyanın qərarının əsl fərq yaradacağını iddia edərək sevinirdi.

Tarix bu münaqişənin güclü təkanvericilərindən biridir.

Zomlot hesab edir ki, Britaniya, nəhayət 1917-1948-ci illər arasında imperator hakimiyyəti dövründə fələstinlilərə etdiyi haqsızlıqların əvəzini çıxır.

O, 2 noyabr 1917-ci il tarixli, o vaxtkı xarici işlər naziri Artur Balfur tərəfindən imzalanmış və İngiltərədəki yəhudi icmasının liderlərindən biri olan Lord Rotşildə ünvanlanmış qısa məktubda verilən vədləri nəzərdə tuturdu.

Məktubda "Yəhudilərin sionist istəklərinə rəğbət bəyannaməsi" ifadəsi ilə yanaşı, Britaniyanın "Fələstində yəhudi xalqı üçün milli evin yaradılmasına müsbət baxacağı" ifadəsi də yer alır.

Qəzza Fələstin İsrail

Şəklin mənbəyi, Getty İmages

Bu sözlərin ardınca başqa bir vəd gəlir:

"Fələstində yaşayan qeyri-yəhudi icmalarının mülki və dini hüquqlarına xələl gətirəcək heç bir şey edilməyəcək".

O ad çəkməsə də, əksəriyyəti, fələstinli ərəbləri nəzərdə tutub və bu vəziyyət 108 il sonra da Zomlot-u narahat edir.

BMT-nin bu həftə New-Yorkda keçirilən iclasında çıxış edən Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Lammi deyib ki, Britaniya 1917-ci ildən sonra İsrailin təməlinin qoyulmasına kömək etməkdən qürur duyur.

Bununla belə, Lammy deyib ki, Balfour Bəyannaməsində fələstinlilərə verilən sözə əməl edilməməsi "hələ də davam edən tarixi ədalətsizlik"lə nəticələnib.

Qəzza Fələstin İsrail

Şəklin mənbəyi, Getty Images

İsrail parlamenti Knessetdəki ultramillətçi partiyadan olan millət vəkili Simça Rotman da Böyük Britaniyanın Yaxın Şərqdəki imperiya keçmişini xatırlayaraq çıxış edib.

Rothman deyib ki, Britaniya və Fransa Birinci Dünya müharibəsi zamanı dağılan Osmanlı imperiyasının nəzarətindəki Yaxın Şərqi ələ keçirərkən sərhədlər müəyyənləşdirməyə çalışıblar.

Britaniya artıq imperiya gücü ilə oynaya bilməzdi.

Benyamin Netanyahu və Bezalel Smotrich kimi Rotman Fələstinin tanınması planının Həmas terrorunu mükafatlandırdığını iddia edir.

O, həmçinin Starmer-in İsrailin Qəzzada tam atəşkəsi qəbul etməsi və iki dövlətli həll hədəfini canlandırması şərtlərini rədd edib:

"[Starmer] İsrail dövlətini cəzalandırmaqla hədələyir və düşünür ki, bu, Yaxın Şərqə sülh gətirməyin yoludur. O, bizi cəzalandırmaq iqtidarında deyil və bu, əlbəttə ki, sülh gətirməyəcək.

Bu addım ədalətə, tarixə, dinə və mədəniyyətə ziddir. Bu, Yəhya Sinvara (7 oktyabr hücumlarına rəhbərlik edən və keçən il Qəzzada İsrail qüvvələri tərəfindən öldürülən Həmas lideri -müəl.) böyük mükafat verir.

Bu gün cəhənnəmdə olduğu yerdə o, Keir Starmer-in dediklərini eşidir və "yaxşı tərəfdaş" deyir".

Taybehdə olarkən bələdiyyə sədri və kənd ağsaqqallarından Britaniyanın tanınması planı haqqında nə düşündüklərini soruşdum.

Onlardan biri, iş adamı belə cavab verdi: "Sağ ol, Britaniya. Amma indi çox gecdir".