Azərbaycanda hökuməti tənqid edən diplomat "4 aylıq həbs olunub"

Azərbaycanda keçmiş diplomat həbs olunub Azərbaycan söz azadlığı ifadə azadlığı

Şəklin mənbəyi, Emin İbrahimov/Facebook

Keçmiş diplomat Emin İbrahimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, onun vəkili Aqil Layıc Facebook-da yazıb.

Vəkil yazır ki, "Emin İbrahimov ona qarşı irəli sürülən ittihamları rədd edərək, qeyd edib ki, "qeyd olunan “cinayət” qondarmadır və onun tənqidi mövqeyi ilə bağlıdır".

Azərbaycanda hakimiyyəti tənqidlərilə tanınan Emin İbrahimova qarşı Cinayət Məcəlləsinin "xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq" və "xuliqanlıq" maddələrilə ittiham elan edilib, - Aqil Layıc Facebook səhifəsində yazıb.

Emin İbrahimov iyulun 22-də bir nəfərə bıçaqla xəsarət yetirməkdə ittiham olunub.

O, Azərbaycan hökumətini daxili və xarici siyasətinə görə tənqid edirdi.

Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyev çərşənbə axşamı günü BBC Azərbaycancaya bildirmişdi ki, onun xəsarət yetirdiyi iddia olunan adam xəstəxanaya yerləşdirilib.

Vəkili Emin İbrahimova işgəncə verildiyini bildirib, DİN isə bu ittihamları rədd edir.

Aqil Layıc Turan informasiya agentliyinə açıqlamasında deyib ki, iyulun 22-də axşam saatlarında “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında naməlum şəxs Emin İbrahimova hücum edib və dərhal mülki geyimli şəxslər peyda olub. Onlar İbrahimovu saxlayaraq Nizami RPİ 24-cü bölməsinə aparıblar. Orada ona qarşı elektroşokerden istifadə olunub ki, o telefonunun kodunu desin“.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Emin İbrahimova işgəncə verilməsi iddiasını əsassız sayıb.

“Bir vətəndaşla aralarında yaranmış şəxsi münasibətlərdə mübahisə olub. Ona daxilə nüfuz edən bıçaq zərbəsi vurub. Ekspertiza təyin edilib. Hazırda araşdırma gedir. Ekspertizanın rəyindən asılı olaraq, xəsarətin dərəcəsi təyin olunacaq”, - Elşad Hacıyev BBC Azərbaycancaya deyib.

Emin İbrahimov öz tənqidi siyasi şərhləri ilə tanınır. Keçmiş diplomat, xüsusilə Rusiyanı bölgədə öz maraqlarını yeritməkdə ittiham edir.

Keçmiş diplomat Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı olub, ABŞ-dakı Azərbaycan səfirliyində fəaliyyət göstərib.

Son vaxtlar Azərbaycanda hakimiyyəti sərt tənqid edən 15-dən çox şəxs həbs olunub. Onların arasında iqtisadçılar, QHT təmsilçiləri və media mənsubları, o cümlədən siyasi fəallar var.

Azərbaycan hakimiyyəti onları müvafiq qanunu pozmaqda ittiham edir.

Videoya Youtube-da baxın.