Azərbaycan MN: "Qarabağda yaşayan erməni sakinləri ərzaq, su və istilik ilə təmin edirik"

Qarabağ erməniləri Xocalı Xankəndi

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi şənbə günü Şuşada bildirib ki, Qarabağdakı erməni sakinləri "ərzaq, su və istiliklə təmin" edirlər.

Beynəlxalq Qızıl Xaç Komitəsi bu gün bildirib ki, Qarabağa Laçın yolu ilə humanitar yardım daşıyıblar, tibbi təxliyə həyata keçiririblər. Qurum bölgədə "əsas malların və səhiyyə xidmətlərinin olmamasının həyatı çətinləşdirdiyini" bildirib.

Bu gün Azərbaycan da Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolu ilə yanacaq göndərib, Azərtac yazıb.

Rusiya sülhməramlı kontingenti dünən axşam açıqlayıb ki, Qarabağın hərbi birləşmələri “döyüş mövqelərindən geri çəkilir”.

Azəraycanın sentyabrın 19-da Qarabağda keçirdiyi "antirerror əməliyyatı"ndan 24 saat sonra separatçı qurum rəsmi Bakı ilə danışıqlara getməyə razılaşıb.

Şuşa qarabağ

Şəklin mənbəyi, Azərtac

Azərbaycanın Silahlı Qüvvələri Qarabağda yaşayan “azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət verir”.

Azərtac-ın xəbərinə görə, nazirliyin sözçüsü Anar Eyvazov şənbə günü Şuşada bildirib ki, hazırda ordunun mühəndis bölmələri tərəfindən “ərazi təmizlənir”.

“Biz Qarabağda yaşayan erməni sakinləri ərzaq, su və istilik ilə təmin edirik. Demilitarizasiya prosesi, eləcə də Şuşa-Xankəndi yolunun təmizlənməsi davam edir”, - Anar Eyvazov Şuşada bildirib.

Laçın sərhəd-keçid məntəqəsi

Şəklin mənbəyi, Reuters

BQXK: " ...qohumlar meyitləri basdırmaq üçün kömək istəyir"

BQXK billdirib ki, şənbə günü Laçın yolu vasitəsilə “ehtiyacı olanlara” 70 tonluq humanitar yük çatdırıb, tibbi təxliyə həyata keçirilir".

Qurumun məlumatına görə, humanitar yükə 66 ton un, 2700 kq duz, 450 kq quru maya və 375 litr günəbaxan yağı daxildir.

“BQXK komandası şənbə günü, həmçinin, döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsini də həyata keçirib. Komanda yerli xəstəxanaya tibbi ləvazimatlar və ölənlərlə ləyaqətli rəftar üçün meyit torbaları çatdırıb,” - məlumatda deyilir.

Qızıl Xaç-ın açıqlamasında deyilir ki, əldə edilmiş atəşkəsə baxmayaraq, hərbi eskalasiyanın humanitar nəticələri regionda hələ də hiss olunur: “Ailələr əlaqəni itirdikləri qohumlarını, o cümlədən, müşayiətsiz qalan uşaqları axtarırlar. İcmalar köçürülüb, qohumlar meyitləri basdırmaq üçün kömək istəyir və əsas malların və səhiyyə xidmətlərinin olmaması həyatı çətinləşdirir”.

Ermənistan, Azərbaycan, Qarabağ, münaqişə, müharibə, siyasət

Şəklin mənbəyi, Azərbaycan MN

Qarabağın hərbi birləşmələri “döyüş mövqelərindən geri çəkilir”

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Rusiya sülhməramlı kontingenti bildirib ki, Qarabağdakı hərbi birləşmələr silah və hərbi texnikalarını təslim edirlər.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sülhməramlıların "nəzarəti altında baş tutan" silahların təslim edilməsi prosesi rəsmi Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında cümə axşamı Yevlaxda əldə edilən razılaşma çərçivəsində həyata keçirilir.

“Sentyabrın 22-dən etibarən 6 zirehli maşın, 800-dən çox kiçik çaplı və tank-əleyhinə silahlar, eləcə də 5 minə yaxın döyüş sursatı təhvil verilib”, - nazirliyin məlumatında bildirilir.

Silahlarını təslim edən Qarabağın hərbi birləşmələri “döyüş mövqelərindən də geri çəkilir”, - Armenpress yazıb.

Amma silah-sursatın və hərbi texnikanın kimə təhvil verildiyi barədə detallı məlumat açıqlanmır.

Azərbaycan Müdafiə Nazirliyi şənbə günü Qarabağdakı erməni silahlılarının döyüş mövqelərindən çəkildiyini və həmin ərazinin boş qaldığını göstərən görüntülər yayımlayıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev cümə günü BBC News Azərbaycancaya “silahlarını yerə qoyan keçmiş döyüşçülərin heç birinin cinayət məsuliyyətinə cəlb edilməyəcəyini” deyib.

Lakin hökumət rəsmisi bu addımın Birinci Qarabağ müharibəsində “cinayət törətmiş şəxslərə şamil olunmayacağını” bildirib.

Qarabağdakı seraratçı qurumun rəhbərliyi cümə axşamı günü bildirmişdi ki, silahları təhvil verməzdən qabaq onların təhlükəsizlik zəmanətinə ehtiyacları var.

Qarabağdakı son “antiterror əməliyyatı”ndan bir neçə ay öncə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, separatçı qurum özünü buraxdığı təqdirdə onlara amnistiya tətbiq edilə bilər.

SOCAR Qarabağ ermənilərinə yanacaq göndərib

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Şəklin mənbəyi, Azertag

Azərbaycan Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolu ilə yanacaq göndərib, Azərtac yazıb.

Bu gün səhər saatlarında yerli mediada Prezident Administrasiyasına istinadən bildirilmişdi ki, cümə axşamı Yevlaxda keçirilən görüş çərçivəsində erməni sakinlərin xahişi ilə ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri yanacaq-sürtgü materialları ilə təmin ediləcək.

SOCAR-a məxsus yanacaq daşıyan iki avtomobil şənbə günü Xankəndiyə yola düşüb, onlardan birində benzin, digərində isə dizel yanacağı aparılır, Azərtac bildirib.

Rəsmi Bakı və Qarabağ ermənilərinin təmsilçiləri arasında baş tutan görüş zamanı əsasən humanitar məsələlər müzakirə edilib, adının açıqlanmasını istəməyən mənbə BBC-yə deyib.

Azərbaycan Xankəndiyə "humanitar yardımı çatdırıb"

ermənilər qarabağ xankəndi

Şəklin mənbəyi, Getty Images

Bu arada Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Qarabağ ermənilərinin "ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə" cümə günü göndərdiyi "ərzaq yükü ünvana çatıb və avtomobil karvanı geri dönüb", FHN-nin saytında qeyd olunub.

Nazirliyin bildirdiyinə görə, ötən gün səhər saatlarında içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam-Xankəndi yolu ilə göndərilmişdi.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Qarabağdakı Rusiya sülhməramlıları cümə günü Laçın dəhlizi və Ağdam yolu ilə "Qarabağın mülki əhalisi üçün ümumilikdə 50 ton humanitar yükün" çatdırılmasını təmin ediblər.

Azərbaycan çərşənbə axşamı Qarabağda "antiterror tədbirləri" keçirib, çərşənbə günü atəşkəsə razılıq verib, cümə axşamı isə tərəflər Azərbaycanın Yevlax şəhərində Qarabağ ermənilərinin reinteqrasiyasını müzakirə etmək üçün görüşüblər.

Görüşdən sonra Azərbaycan hökuməti bildirmişdi ki, Qarabağ ermənilərinin təmsilçiləri onlardan humanitar yardım istəyib.

Aİ “Qarabağda hərbi əməliyyatlardan zərərçəkənlərə 500 min avro" ayırıb

Qarabağ ermənilər

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Avropa İttifaqı “Dağlıq Qarabağda hərbi əməliyyatların genişlənməsindən zərər çəkənlərə dəstək üçün 500 min avro (təxminən 900 min manat) əlavə humanitar yardım” ayırıb, cümə günü qurumun saytında yazılıb.

“Zorakılıqdan qaçan minlərlə insan indi didərgin düşüb və köməyə ehtiyacı var. Aİ-nin humanitar yardımı təsirə məruz qalan insanlara sığınacaq və psixoloji-sosial dəstək verməklə yanaşı, onların əsas ehtiyaclarını ödəməyə kömək edəcək. Bu fövqəladə maliyyələşdirmə Aİ-nin bu ilin əvvəlində Dağlıq Qarabağ böhranına ayırdığı 1,17 milyon avroluq humanitar yardıma əlavədir”, - Avropa İttifaqı bildirib.

Avropa İttifaqı 2020-ci ildə münaqişənin genişmiqyaslı eskalasiyasından bəri Ermənistan və Azərbaycanda humanitar əməliyyatlara 21 milyon avrodan çox yardım etdiyini açıqlayıb.

Xankəndi

Şəklin mənbəyi, Siranush Sargsyan/X

Şəklin alt yazısı, Xankəndidə yaşayan ermənilərin Ermənistana köçmək istədiyinə dair xəbərlər var.

Paşinyan: "Hazırda Dağlıq Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur"

Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü hökumətin iclasında bildirib ki, Qarabağdakı erməni əhalinin orada qalması mümkün olmasa, onların Ermənistana köçürülməsi baş verə bilər.

“Bəli, hazırda bu mümkünsüzlüyün mövcud olduğunu nəzərə alırıq. Vəziyyət düzəlməsə, bu məsələ gündəmimizdə olacaq”, - o deyib.

Paşinyan “Azərbaycanın hücumu başlayandan bəri Ermənistanda Qarabağdan 40 mindən çox ailə üçün yaşayış yerləri hazırladığını” vurğulayıb.

“Lakin bizim “A” planımız Dağlıq Qarabağı ermənilərdən təmizləmək deyil. Biz öz fəaliyyətlərimizlə soydaşlarımızın, Dağlıq Qarabağ sakinlərinin öz evlərində təhlükəsiz, ləyaqətlə, qorxmadan yaşamaq imkanı əldə etmələri üçün hər şeyi etməliyik. Bu, bizim Dağlıq Qarabağdakı həmkarlarımızla razılaşdırılmış mövqeyimizdir”, - Paşinyan qeyd edib.

Paşinyan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı müzakirəsindəki əsas vurğusunun da bu yöndə olduğunu deyib.

O, həmçinin bildirib ki, “hazırda Dağlıq Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur və bu qiymətləndirmə müsbət mənada bir qədər yaxşılaşıb”.

“Lakin vəziyyət dinamikdir və hər an dəyişə bilər”, - Baş nazir bildirib.

Azərbaycanın Qarabağdakı erməni silahlılara qarşı “antiterror tədbirləri” adlandırdığı hərbi əməliyyatdan sonra Yerevanda Nikol Paşinyana qarşı etirazlar keçirilir.

Etirazçılar Paşinyanın istefasını və Ermənistan hökumətindən Qarabağdakı ermənilərin müdafiəsini təşkil etmək üçün tədbir görməyi tələb edirlər.

Aksiya iştirakçıları ilə polis arasında toqquşmalar olub, onlarla etirazçının saxlandığı bildirilir.

Xankəndi ermənilər

Şəklin mənbəyi, Siranush Sargsyan

Rəsmi Bakı şəxsi maşını ilə Xankəndi-Laçın yoluyla hərəkət etmək istəyən sakinlərin "təhlükəsizliyini təmin edir"

Rəsmi Bakı “könüllü və şəxsi seçim əsasında” şəxsi avtomobilləri ilə Xankəndi-Laçın yolu ilə hərəkət etmək istəyən mülki şəxslərin hərəkətinin təhlükəsizliyini təmin edir, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. “Getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir”, - o, cümə günü X hesabında yazıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Xankəndiyə Laçın və Ağdam yolları ilə dərman, ərzaq və digər malların çatdırılması üçün bütün lazımi şəraiti yaradıb.

Prezidentinin köməkçisi vurğulayıb ki, Ermənistana tibbi evakuasiya üçün tibbi maşınlar Ermənistandan da gələ bilər.

Rəsmi Bakı bu yaxınlarda, Qarabağdakı son “antiterror əməliyyatının” Laçın-Xankəndi yolunu ancaq Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımına, Ağdam-Xankəndi yolu ilə eyni vaxtda istifadə etmə şərtilə açmış, qurum hər iki yolla hələlik bir dəfə Xankəndiyə yardım aparmışdı.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan BQXK vasitəsilə erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır və yaralı hərbçilərin toplanması üçün BQXK-nın təcili tibbi maşınlarının hərəkətinə dəstək verir.

O əlavə edib ki, silahı “könüllü surətdə yerə qoyan hərbçilər azaddırlar”.

"Qızıl Xaç" Xocavənddən "9 yaralını Xankəndi xəstəxanasına aparıb"

Sosial şəbəkələrdə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 6 avtomobilin Xocavənddən Xankəndiyə yaralı daşıdığı iddia olunan video görüntülər yayılıb.

Ani Avetisyan adlı X istifadəçisi Azərbaycan mediasına istinadən yazıb ki, BQXK-nin maşınları "mühasirədə olan Martuni"yə (Xocavəndə-red.) gediblər. "Azadlıq Radiosu Martuni sakinlərinə istinadən deyir ki, onlar 9 yaralını Xankəndi xəstəxanasına aparıblar".

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X

"Konsktruktiv və müsbət" görüş

Rəsmi Bakı Qarabağ ermənilərinin təmsilçiləri ilə Yevlaxda keçirilən görüşü "konsktruktiv və müsbət" qiymətləndirib.

Azərbaycan Prezidentinin Adminstrasiyasından bildirilib ki, görüşdə:

  • Azərbaycan reinteqrasiya üzrə planlar təqdim edib
  • Erməni tərəfi yanacaq, qida məhsulları da daxil Azərbaycandan humanitar yardım istəyib
  • Azərbaycan bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyaclarının təmin olunması üçün təcili olaraq yanacaq təminatına razılaşıb
  • Tərəflər tez bir zamanda yenidən görüşmək barədə razılaşıblar
  • Azərbaycanın erməni döyüşçülərin tərksilah olması barədə tələbinin tezliklə həyata keçirilməsi vurğulanıb.

Reuters yazır ki, Qarabağ separatçılarının liderləri Telegram kanallarında Yevlax görüşündə yekun razılaşmanın əldə edilmədiyini bildiriblər.

Xankəndidən yayılan son məlumatlara görə, erməni əhali Azərbaycanın tərkibində qalmamaq üçün Ermənistana köçmək istəyir.

Azərbaycan hərbçiləri "həbs olunub", İlham Əliyev Putindən üzr istəyib

Putin, İlham Əliyev

Şəklin mənbəyi, Getty

Qarabağda "antiterror əməliyyatları" zamanı 6 Rusiya sühməramlısı həlak olub, Azərbaycan Baş Prokurorluğu açıqlayıb.

Onlardan beşi azərbaycan hərbçilərinin, biri naməlum "qanunsuz erməni silahlı birləşmələrinin açdığı atəş" nəticəsində həlak olub, bir sülhməramlı yaralanıb, qurum açıqlayıb.

Baş Prokurorluğun açıqlamasına görə, azərbaycanlı hərbçilər pis hava şəraiti və mürəkkəb relyefə görə, sülhməramlı kontingentə məxsus avtomobilin erməni silahlı birləşmələrinə məxsus olduğunun zənn edərək atəş açıblar.

Qurum hər iki hadisə ilə bağlı cinayət işi qaldırıldığını deyib.

Rusiya sühməramlılarının Qarabağda həlak olmasından sonra Azərbaycan silahlı qüvvələrinin korpus komandiri vəzifəsindən azad edilib, Tass agentliyi xəbər verir.

Onun tabeliyində olan hərbçilər isə "həbs olunub", Tass Rusiya hökumətindəki mənbəyə istinadla xəbər verir.

Bundan əvvəl Kreml məlumat yayıb ki, Prezident İlham Əliyev Putinlə telefon danışığı zamanı rus sülhməramlılarının həlak olmasına görə, Rusiya Prezidentindən üzr istəyib və günahkarların cəzalandırılacağını bildirib. O, həmçinin ölən rus hərbçilərinin ailələrinə təzminat ödəniləcəyini deyib, xəbərlərdə bildirilir.

Qarabağ erməniləri Yevlax

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Azərbaycan Prezidentinin və Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda görüşüb

Reuters separatçı qurumun təmsilçisi David Babayana istinadla yazır ki, Qarabağdakı etnik ermənilərin silahlarını təhvil verməzdən əvvəl təhlükəsizlik qarantiyasına ehtiyacları var.

“Hərbi tərbirlərin dayandırılması ilə bağlı razılıq əldə etmişik, lakin son razılaşmanı gözləyirik, danışıqlar davam edir”, - Reuters separatçı qurumun lideri Samvel Şahramanyanın “müşavir”i David Babayandan sitat verib.

Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, artıq "qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma" prosesi başlanıb.

"O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar", - Prezident Əliyev əlavə edib.

Azərbaycan MN: "Xocavənddə bir yaralı erməni azərbaycanlı hərbçilərdən kömək istəyib"

Cümə axşamı Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb ki, bu gün Xocavənd ərazisində yaralı bir qadın azərbaycanlı hərbçilərdən kömək istəyib.

Nazirilik bildirib ki, yaralıya ilkin tibbi yardım göstərərək yaxınlıqdakı hərbi hospitala aparılıb.

“Hərbi həkimlərimiz tərəfindən erməni əsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır”, - Azərbaycan Müdafiə Nazirliyi əlavə edib.

Azərbaycanın Londondakı səfiri: “Ermənilər üçün də tikəcəyik”

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Channel 4-ə Qarabağ haqqında danışıb

Şəklin mənbəyi, Channel 4

Şəklin alt yazısı, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov deyib ki, Azərbaycan ilk gündən etnik ermənilərə Azərbaycan cəmiyyətinə inteqirasiya etməyi təklif edib.

O, Britaniyanın Channel 4 televiziyasına müsahibəsində qeyd edib ki, Qarabağda deyildiyi sayda (Ermənistan orda 120 min, Azərbaycan 50 min erməninin yaşadığını iddia edir-red.) əhali yoxdur.

Elin Süleymanov əlavə edib ki, bu gün Qarabağda, ancaq etnik ermənilərin yaşaması onu göstərir ki, vaxtilə orada etnik təmizləmə aparılıb.

“İndi onların yaşadığı ərazidə ancaq ermənilərin yaşaması ona görədir ki, 1990-cı illərdə azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. …əsl etnik təmizləmə o olub, indi də erməni tərəfinin basdırdığı mina təhlükəsinə görə onlar geri qayıda bilmirlər”, - azərbaycanlı səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan hazırda münaqişənin “tarixi halqasını qoparmaq”, zorakılığı dayandırmaq istəyir.

Elin Süleymanovun fikrincə, münaqişənin “fundamental, ağrılı, çoxlu nəsilləri məhv etmiş hissəsi” axır ki, başa çatacaq: “Biz gələcəyə baxacağıq”.

O qeyd edib ki, bu, bütün regionu hamı üçün inkişaf etdirəcək.

“Biz istəyirik ki, sülh içində birgəyaşayış olsun, hərbi iştirak olmasın, etnik təmizləmə olmasın, qaçqınlar olmasın. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə investisiya qoyur, tikir və biz bunları ermənilər üçün də edəcəyik, çünki onların inteqrasiya etməsini istəyirik”, - Elin Süleymanov müsahibəsində bildirib.

Qarabağ erməniləri Yevlax

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, Qarabağ ermənilərinin nümayəndələri Yevlaxa gəlib

Yevlaxda görüş

Bu gün Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə Bakı təmsilçiləri arasında görüş gedərkən bəzi erməni mənbələri Xankəndidə döyüş getdiyini iddia edib.

Qarabağdakı separatçı quurumun keçmiş “prezidentinin məsləhətçisi” David Babayan Azərbaycan hərbi qüvvələrinin Xankəndi ətrafında olduğunu deyib, lakin Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri təkzib edib.

Qarabağdan olan hüquq müdafiəçisi Artak Beglaryan isə bildirib ki, Xankəndinin yuxarı hissəsində atəş səsləri eşidilib və bölgədəki kəndlərdən birində bir mülki şəxs öldürülüb.

Azərbaycan MN azərbaycanlı hərbçilərin Xankəndiyə girməsi ilə bağlı xəbərləri təkzib edib.

Xankəndi

Şəklin mənbəyi, Marut Vanyan

Xankəndinə hücum "yalandır"

Ermənistanın bəzi sosial media hesablarında guya Azərbaycanın Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar "tamamilə yalan və dezinformasiya"dır, cümə axşamı Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Xankəndidə yaşayan jurnalist Marut Vanyan sosial media hesabında paylaşdığı videoya “Mən bu videonu Stepanakert/ Xankəndi xəstəxanasından çəkirəm və eyni zamanda, silah səslərini eşidirəm” başlığını yazıb.

Bəzi erməni internet istifadəçiləri Xankəndi əhalisinin zirzəmilərə qaçdığını yazır.

“Azərbaycan əsgərləri Xankəndi və ətrafındadır, paytaxta daxil olan və gedən yollarda postlar quraşdırılıb” erməni internet istifadəçiləri iddia edib.

"Yayılan məlumatları qəti surətdə təkzib edirik", Azərbaycan MN bildirir.

Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda görüşü davam edir, yerli media yazır.

mina Qarabağ

Şəklin mənbəyi, Azərtac

Hadisələrin inkişafı

Sentyabrın 19-da Azərbaycanın Xocavənd rayonunda dördü polis əməkdaşı, ikisi mülkü şəxs olmaqla altı nəfər minaya düşərək həlak olub.

Azərbaycan bu hadisəni "terror aktı" adlandırıb və bəyan edib ki, hər iki hadisə "Ermənistanın Qarabağdakı erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirməsi" nəticəsində baş verib.

Həmin gün günora saatlarında Azərbaycan Müdafiə Nazirliyi Qarabağda "lokal xarakterli antiterror əməliyyatlarına başladığını" açıqlayıb.

Rəsmi Yerevan Qarabağda Ermənistan ordusu olmadığını bəyan edib və Bakını "etnik təmizləmədə" ittiham edib.

Azərbaycan isə deyib ki, Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmır, yalnız "legitim hərbi obyektlər" zərərsizləşdirilir.

Qarabağdakı separatçı qurum “antiterror əməliyyatlarının” başlandığı gün Azərbaycan tərəfini “dərhal atəşkəsə və danışıqlar masası araxasında oturmağa” çağırıb.

Rəsmi Bakı isə "antiterror əməliyyatlarının" dayandırılması üçün separatçı qurumun silahı təhvil verməsini, "ağ bayraq qaldırmasını", "özünü buraxmasını" tələb edib.

Sentyabrın 20-də Qarabağdakı searatçı qurumun rəhbərliyi bildirib ki, əhalinin "fiziki təhlükəsizliyu üçün müvafiq addımlar atmağa məcburdular", separatçı qurumun "Müdafiə ordusu" X (keçmiş Twitter) hesabında yazıb.

Bundan bir qədər sonra Azərbaycan açıqlayıb ki, Qarabağdakı separatçı rejim təslim olub, antiterror tədbirlərinin dayandırılmasına və reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxda görüşməyə razılıq əldə edilib.

Rəsmi Bakı bildirib ki, separatçı qurumdakı silahlar və hərbi texnikanı Azərbaycana təhvil verəcək.

Azərbaycan Müdafiə Nazirliyi əlavə edib ki, bu proses Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcək.

Sentyabrın 20-də xalqa müraciət edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, sentyabrın 19-da günorta saatlarında Qarabağda başlamış “antiterror tədbirləri” nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib və "qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma" prosesi başlayıb.

O, Qarabağ ermənilərinə müraciətində onlar üçün müxtəlif sosial proqramlar icra etməyə hazır olduqlarını deyib və "bu tarixi şansı" qaçırmamağa çağırıb.